Azərbaycan
tarixində yeni mərhələnin başlanğıcı
Bu gün müstəqil siyasət Azərbaycan üçün
sadəcə inkişaf
yolu deyil, eyni zamanda milli
ideologiyamızın mühüm
prioritetidir və ölkəmiz bütün
istiqamətlərdə bu
prioriteti yüksək
tutur.
Son illərdə
ölkəmizdə cəmiyyət
həyatının bütün
önəmli sahələri
üzrə reallaşdırılan
dinamik islahatlar da bunun bir
təzahürüdür. Aparılan
köklü dəyişikliklərlə
Azərbaycan tərəqqi
və təkamül yolu keçərək yeni şəraitə uyğunlaşır. Xalqın
böyük dəstəyi
ilə müşayiət
olunan bu islahatlar ölkəmizin daxili siyasi uğurlarına
yol açır, cəmiyyətimizi daha da səfərbər edir, vətəndaş həmrəyliyini, xalq-hakimiyyət
birliyini möhkəmləndirir,
siyasi sabitlik və təhlükəsizlik
mühitini möhkəmləndirir.
Nəticədə daxili
siyasətin davamı kimi xarici siyasət
istiqamətində də
Azərbaycanın addımları
daha dayanıqlı və ardıcıl xarakter daşıyır.
Azərbaycan Respublikası
Prezidentinin 7 dekabr
2023-cü il tarixli sərəncamı ilə
növbədənkənar Azərbaycan
Respublikası Prezidenti
seçkilərinin elan
edilməsi və seçkinin 2024-cü ilin
7 fevralına təyin
olunması ölkə
həyatında məhz
yeni bir tarixin başlanğıcıdır.
Bu sərəncamın
imzalanmasından sonra müxtəlif dairələrdə
müzakirə edilən
əsas sual ölkəmizdə növbədənkənar
seçkilərin keçirilməsini
aktual edən səbəblərdir.
Davamlı inkişaf
xətti
Əgər Ümummilli
Lider Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə
qayıdaraq ölkənin
gələcək taleyinə
görə məsuliyyəti
öz üzərinə
götürdüyü tarixi
günlərdən bəri
Azərbaycanda keçirilən
prezident seçkiləri
arasındakı məntiqi
ardıcıllığı, davamlı inkişaf xəttini nəzərə
alsaq, hər seçki arasındakı
dövrün dövlətimizin
milli hədəflərinə
doğru böyük bir tarixi mərhələyə
çevrildiyini görərik.
Bu mərhələlərin
hər birində konkret strateji vəzifələr müəyyənləşdirilmiş,
onların uğurlu icrası niyyətilə çoxşaxəli layihələr
həyata keçirilmiş,
mühüm nəticələr
əldə olunmuşdur.
Məhz bu mərhələlərdə görülən
işlər sayəsində
Azərbaycanda ictimai-siyasi
sabitlik təmin edilmiş, demokratik, hüquqi dövlət quruculuğu prosesləri öz məqsədinə çatmış, keçid
dövrünün aktuallaşdırdığı
islahatlar əzmlə həyata keçirilmiş,
yeni neft və iqtisadi strategiyanın nailiyyətləri
sayəsində Azərbaycanın
iqtisadi həyatı yenidən qurularaq, yüksək dinamizmlə dirçəlmiş, inkişaf
etdirilmişdir.
2003-cü ilə qədər
qurulmuş möhkəm
təməllər üzərində
Azərbaycan Prezidenti İlham Əliyev yeni strateji dövrlərdə
dövlətimizi tarixinin
ən böyük uğurlarına yetirmiş,
ölkəmiz bütün
meyarlar üzrə ən qüdrətli çağlarına gəlib
çatmışdır.
Respublikada bir çox sosial problemlər, demək olar ki, aradan
qalxmış, regionların
tarazlı inkişafı
təmin edilmiş, ölkə boyu sosial infrastruktur yeniləndirilmişdir. Bu dövrlərdə Azərbaycan
həyata keçirilən
qlobal layihələrlə,
beynəlxalq proseslərə
getdikcə artan təsir imkanları ilə regionun lider dövlətinə çevrilmiş, xarici əlaqələri daha da genişlənmişdir.
Ölkəmizdə iqtisadi
inkişaf və demokratikləşmə prosesləri
paralel aparılmış,
cəmiyyətdə yeni
siyasi mədəniyyət
formalaşmış, dövlətçilik
ənənələri daha
da inkişaf etdirilmiş, vətəndaş
məsuliyyəti güclənmiş,
milli vəhdət sarsılmaz xarakter almışdır.
Milli hədəflərə
doğru addım-addım
Azərbaycanın iqtisadi
nailiyyətləri, maddi
imkanları dövlətimizin
müdafiə potensialını
da gücləndirmişdir.
Ölkəmiz getdikcə
öz müdafiə qabiliyyətini artırmış,
hərbi cəhətdən
güclənmiş, qabaqcıl
təcrübə və
texnologiyalara yiyələnmiş,
gənclərimizin hərbi
sahəyə marağı
artmış, Azərbaycan
Ordusu bir neçə mərhələdə
həyata keçirilən
ardıcıl islahatlarla
dünyanın ən qabaqcıl silahlı qüvvələri sırasında
qərarlaşmışdır.
Azərbaycan Prezidentinin
uğurla həyata keçirdiyi balanslaşdırılmış
xarici siyasət kursu, dövlətimizin təşəbbüskarı və
əsas iştirakçılarından
olduğu qlobal layihələrin heç kimin maraqlarına toxunmadan bütün tərəflərlə qarşılıqlı
faydalar yaratması, ölkəmizin dünya üçün artan əhəmiyyəti, respublikamızın
hər zaman gərginliklərin, ixtilafların,
müharibələrin deyil,
sülhün, inkişafın,
insanın firavan yaşayışının, xoşbəxtliyinin
tərəfini tutması
diplomatiyamızın da
uğurlarına xidmət
etmişdir. Ayrı-ayrı
mərhələlər üzrə
ölkə həqiqətlərinin
dünyaya çatdırılması
istiqamətində ardıcıl
iş aparılmış,
dövlətimiz Ermənistanın
vətənimizə qarşı
hərbi təcavüzünü
hüquqi cəhətdən
faktlaşdıran sənədlərin,
qərar və qətnamələrin beynəlxalq
platformalarda qəbuluna
nail olmuşdur. Beləliklə, düşmən
ölkənin təxminən
30 il ərzində işğal altında saxladığı torpaqlarımızın
beynəlxalq hüququn
yaratdığı imkanlar
çərçivəsində - istər sülh yolu ilə, istərsə də hərbi yolla azad edilməsi üçün qanuni əsaslar sənədlərlə
təsbit edilmişdir.
Birnömrəli vəzifə
Bütün bunlar
təbii ki, asanlıqla başa gəlməmişdir. Bu xəttin, ardıcıllığın
qorunması üçün
zaman-zaman həm daxildən, həm də xaricdən qaynaqlanan nə qədər təhlükəli
irticanın, təxribatın
və digər anti-Azərbaycan aksiyalarının
qarşısı alınmış,
çətinliklər, təhdidlər
dəf edilmişdir.
Bir faktı da qeyd edək
ki, torpaqlarımızın
azadlığı məsələsi
hər prezident seçkisindən növbətisinə
qədər olan müddətdə qarşıya
qoyulmuş vəzifələrin
ən mühümü
olmuşdur. Qarabağ
problemi müstəqillik
illərində Azərbaycan
rəhbərliyi qarşısında
mühüm problem idi və bu,
digər sahələrdəki
inkişaf proseslərinə
də müəyyən
təsirini göstərirdi.
Eyni zamanda müxtəlif sahələrdə
həyata keçirilən
inkişaf layihələrinin
birbaşa hədəfləri
ilə yanaşı, bir mühüm hədəfi də məhz Qarabağ probleminin həllini hansısa şəkildə
yaxınlaşdırmaq idi.
Bu problem bizə keçmişin ən ağır mirası kimi qalmışdı. 1988-ci ildən
ermənilərin Dağlıq
Qarabağda başladıqları
avantürist millətçi
separatizmin qarşısı
Azərbaycan rəhbərliyinin
qətiyyətsizliyi üzündən
vaxtında alınmadığından,
1990-1993-cü illərdə isə respublikamızda yaranmış siyasi və hakimiyyət böhranı, idarəçilikdə
səriştəsizlik və
qarmaqarışıqlıq üzündən bu problem belə çıxılmaz duruma gəlib çatmışdır.
Ermənilərin işğalçılıq
siyasəti nəticəsində
torpağını itirmiş
qaçqın və köçkünlərin öz
yerlərinə qaytarılması,
işğal altındakı
yurdlarımızın bərpası,
o ərazilərin də
potensialından, resurslarından
ölkəmizin ümumi
inkişafı üçün
istifadə, ən önəmlisi isə müstəqilliyini əldə
etmiş ölkəmizin
suverenliyinin tam bərpası birnömrəli
hədəf kimi qarşıda dururdu.
Tamamlayıcı mərhələ
Cənab İlham
Əliyev 2003-cü ildə
xalqımızın yekdil
səsi ilə Azərbaycan Respublikasının
Prezidenti seçildikdən
sonra dövlətimizi
addım-addım bu hədəfə yaxınlaşdırdı.
Bir tərəfdən
münaqişənin qan
tökülmədən, hər
iki tərəfdən
insan itkilərinə yol vermədən beynəlxalq hüquq normalarına
uyğun ədalətli
qaydada həlli üçün ölkəmiz
sülh danışıqlarına
uzun illər sadiqlik nümayiş etdirdi. Hətta danışıqların ən
ümidsiz vaxtlarında
da yenə görüşlərdə iştirakdan,
müzakirələrdən imtina etmədi. Amma buna paralel
olaraq torpaqlarımızın
hərb yolu ilə düşməndən
təmizlənməsi, ərazi
bütövlüyümüzün ordumuzun gücü ilə bərpasını
da daim gündəmdə
saxlayaraq buna lazımi hazırlıqlar
apardı. Beləliklə,
Prezident İlham Əliyev Ulu Öndərin ötən əsrin 90-cı illərinin
ortalarından müəyyən
etdiyi xəttin davamı kimi böyük bir tarixi proses formalaşdırdı.
Xalqın dəstəyi,
yekdil rəyi ilə hər seçkidə Azərbaycan
Respublikasının Prezidenti
seçilərək ölkəyə
rəhbərliyini davam
etdirdiyi müddətlərdə
bu prosesi daha da genişləndirdi,
əldə edilmiş
nailiyyətləri qoruyaraq
möhkəmləndirdi. Hər
mərhələnin xarakterik
vəzifələrini səbirlə,
mahir strateq kimi dəqiq şəkildə yerinə
yetirdi, hər addımı öz vaxtında, məqamında
atdı.
2018-ci ilin aprel
seçkisindən sonra
isə dövlətimizin
başçısı İlham
Əliyev xalqımızın
qarşısında duran
ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start
verdi. Dünyamızdakı,
regionumuzdakı yeni reallıqlar, çağırışlar
fonunda qısa zamanda ölkəmizin, xalqımızın bütün
potensialını vahid
məqsəd uğrunda
səfərbər etdi
və nəhayət,
2020-ci ilin 27 sentyabrında
başlamış Vətən
müharibəsini Azərbaycanın
tarixi qələbəsi
ilə başa çatdırdı. 2023-cü il
sentyabrın 20-də həyata
keçirilən 23 saatlıq
lokal antiterror tədbirləri isə ərazi bütövlüyümüzün
və suverenliyimizin tam bərpası prosesini tamamladı.
Müstəqillik tariximizdə
bir ilk
Artıq Azərbaycanın
ərazi bütövlüyü
və suverenliyi tam bərpa edildi. Bu möhtəşəm
qələbə, uğur
həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın
tarixində ilk dəfə olaraq seçkilər bütün
ölkə ərazisində
keçiriləcəkdir. Bu
seçkilər ərazi
bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Ən mühümü isə seçkilərdən sonra
Azərbaycan tarixində
məzmunca yeni bir mərhələ başlanacaq. Həmin mərhələdə artıq
Qarabağ problemi, Azərbaycanın ərazi
bütövlüyü dərdi,
qaçqın və məcburi köçkünlər
qayğısı olmayacaq.
Bu mərhələ Qarabağın, Şərqi
Zəngəzurun dirçəlişi,
inkişaf axarına qovuşması, ümumilikdə
isə Azərbaycanın
daha da qüdrətlənməsi,
regionun lider dövləti kimi Cənubi Qafqazın əbədi sülh və inkişaf məkanına çevrilməsinə
verdiyi tarixi töhfələrlə yadda
qalacaq.
İradə ƏLİYEVA,
Azərbaycan.-2023.-
14 dekabr, ¹ 273.- S.3.