Dünyanın
əksər dövlətləri
Azərbaycan həqiqətlərinə
inanır
Çoxillik Qarabağ
münaqişəsi zamanı
Ermənistan işğal
etdiyi ərazilərdə
yalnız mülki evləri, infrastrukturu məhv etməklə kifayətlənməyib. Azərbaycanlılara
aid tarixi-mədəni
irsi məhv etmək də işğalçıların əsas
hədəfi olub.
Erməni vandalizminin
qurbanları siyahısında
Xocalıdakı dolmenlər,
Xankəndidəki kromlexlər,
qədim albanlara məxsus abidələr - Qanzasar, Amaras məbədləri, islama aid abidələr - Ağdam Cümə məscidi, Hacı Ələsgər məscidi
və digər ölkə, dünya əhəmiyyətli, tarixin
müvafiq dövrlərinin
ideologiyasını, mənəvi
düşüncəsini əks
etdirən abidələrin,
maddi-mədəniyyət nişanələrinın
adlarını çəkmək
olar.
Azərbaycanın
mədəni sərvətlərinin
dağıdılması və
mənimsənilməsi haqqında
Milli Məclisin bəyanatında işğal
edilmiş ərazilərdə
500 tarixi və 100-dən
çox arxeoloji abidənin, 100 mindən çox eksponatın toplandığı 22 muzey
və muzey filialının dağıdılması
haqqında fakt var. Ərazilərimiz işğalda olduğu müddətdə 4,6 milyon
kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı,
klub və mədəniyyət evi, 85
musiqi və rəssamlıq məktəbi,
4 rəsm qalereyası,
4 teatr, 2 konsert müəssisəsi, 8 mədəniyyət
və istirahət parkı erməni vandalizminin qurbanı olub.
2020-ci ilin payızında
baş verən, Azərbaycan torpaqlarının
işğaldan azad olunması ilə nəticələnən Vətən
müharibəsi bitdikdən
dərhal sonra Azərbaycan dünyada Mədəni və Təbii İrsin Qorunması vəzifəsini
üzərinə götürən
UNESCO-ya müraciət
edərək işğaldan
azad olunmuş ərazilərdə erməni
vandalizminin qurbanı olmuş tarixi-mədəni
irs abidələrinin monitorinqinin aparılmasını
dəfələrlə və
israrla xahiş etmişdir. Ölkəmizin
çoxsaylı müraciətlərinə
hər dəfə bu beynəlxalq təşkilat tərəfindən
müxtəlif bəhanələrlə
"yox" cavabı
verilmişdir.
Ermənistan işğal
etdiyi Qarabağ ərazisindəki Azərbaycana
məxsus mədəni
irs obyektlərinə qarşı qeyri-hüquqi
hərəkətləri ilə
müharibə aparılmasının
adət və qaydalarını müəyyən
edən Haaqa Konvensiyası (xüsusilə
1907-ci il Konvensiyası
və Əlavə Protokol), silahlı münaqişə qurbanlarının
hüquqi müdafiəsinə
aid 1949-cu il Cenevrə Konvensiyaları və ona edilən
1977-ci il I və II Əlavə Protokolları,
Silahlı münaqişə
zamanı mədəni
irsin qorunmasına aid 1954-cü il Haaqa Konvensiyası və ona edilən
I və II Əlavə
Protokolları və sairə ilə müəyyən edilən
öhdəliklərini pozub.
Quru müharibəsinin
qanun və adətləri haqqında
1907-ci il Haaqa Konvensiyasına Əlavənin
27-ci maddəsinə əsasən,
mümkün olduğu
həddə dini məbədlərin, elm, incəsənət məqsədlərinə
xidmət edən binaların, tarixi abidələrin zərər
görməməsi üçün
bütün zəruri
tədbirlər həyata
keçirilməlidir. 1949-cu il Cenevrə Konvensiyalarına əlavə
olunan Beynəlxalq silahlı münaqişə
qurbanlarının himayəsinə
həsr edilən
1977-ci il Protokolunun (I Protokol) 53-cü maddəsinə
[3, s. 300] əsasən, aşağıdakılar
birmənalı olaraq qadağan edilir: a) xalqların mədəni və ya dini
irsini təşkil edən tarixi abidələrə, incəsənət
əsərlərinə və
ya ibadətgahlara qarşı hər hansı düşmənçilik
hərəkəti; b) belə
obyektlərdən hərbi
səyləri dəstəkləmək
məqsədilə istifadə
olunması; c) belə
obyektlərin qisas obyektinə çevrilməsi.
Eyni müddəa Beynəlxalq xarakter daşımayan silahlı münaqişə qurbanlarının
himayəsinə həsr
edilən 1977-ci il Protokolunun (II Protokol)
16-cı maddəsində də
təsbit edilir. Silahlı münaqişə
zamanı mədəni
irsin beynəlxalq hüquqi qorunması sisteminin mərkəzində
1954-cü il Haaqa Konvensiyası və ona əlavə edilən I və II saylı Protokollar durur. Xatırladaq ki, Azərbaycan və Ermənistan
1954-cü il Konvensiyasında
və protokollarda iştirak edən dövlətlərdir.
Silahlı münaqişə
dövründə Ermənstan
işğal etdiyi Azərbaycan ərazilərinə
bir milyona yaxın mina basdırıb.
Azərbaycan Respublikasının
torpaqlarımız işğaldan
azad edildikdən dərhal sonra gördüyü təxirəsalınmaz
tədbirlər nəticəsində
90 min hektara yaxın ərazi minalardan təmizlənib. Bu illərdə 88260 mina və partlama
təhlükəsi olan
digər qalıqlar, o
cümlədən 28259 piyada
əleyhinə mina,
15303 tank əleyhinə
mina və 44698 partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Əldə
edilmiş irəliləyişlərə
baxmayaraq, mina təhlükəsi hələ
də qalır. Son üç ildə mina partlamasının qurbanı
olan 340 Azərbaycan vətandaşının 65 nəfəri
ölüb, 275 nəfəri
isə yaralanıb.
Dekabrın 11-də UNESCO-nun mənzil-qərargahında
silahlı münaqişə
zamanı mədəni
mülkiyyətin qorunması
üzrə 1954-cü il
Haaqa Konvensiyasına Tərəf Ölkələrin
15-ci görüşü keçirilib.
Görüşün gündəliyinə
Azərbaycan tərəfindən
daxil edilmiş "Minaların mədəni irsə təsiri" mövzusunda qətnamə
layihəsi Konvensiyaya
135 Tərəf Ölkənin
yekdil qərarı ilə qəbul edilib.
Qətnamədə silahlı
münaqişələr və
postmünaqişə dövrlərində
mədəni mülkiyyətin
(mədəni irsin) qorunması və mühafizəsi məqsədilə
üzv dövlətlərin
göstərdiyi səylər
təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq
humanitar hüquqa zidd olaraq istifadəsinin
mədəni mülkiyyətə
əhəmiyyətli dərəcədə
ziyan vura biləcəyi qeyd olunur.
Eyni zamanda qətnamədə minalar və digər partlayıcı qurğuların
istifadəsinin mədəni
mülkiyyətə qarşı
ciddi təhlükə
yaratması ilə bağlı narahatlıq ifadə olunur.
Son günlər
siyasi mühitdə baş verən hadisələrin nəticələri
deməyə əsas verir ki, Azərbaycan
haqlı və qətiyyətli mövqeyi
ilə bütün qapıları aça bilir. Hərb meydanında qazanılan zəfərimiz diplomatik masalarda da uğurla
təsdiq olunur.
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.7.