Bizi xoşbəxt həyata aparan lider

 

 

Dünyaya gözümü açandan, ağlım söz kəsəndən ən çox eşitdiyim "həyat bir mübarizə meydanıdır, yaşamaq üçün gərək çalışasan" sözləri oldu. Uşaq idim, niyə bizim yaşamaq uğrunda mübarizə apardığımızı anlamırdım. Ətrafımızdakı uşaqlar xoşbəxt qayğısız görünürdülər. Yaşamaq üçün mübarizə aparmırdılar... Çox dərdsiz, qayğısız idilər...

Məktəbdə sinif yoldaşlarımdan, dərsdə  müəllimlərimdən tez-tez "qaçqın", "köçkün" ifadələrini eşidirdim. Evdə  anamın ümidsiz halda göyə uzanan əllərini,  yalvarışlarını görürdüm.

Hər dəfə anama "bizim zaman öz evimiz olacaq" sualını verəndə, "qızım, tezliklə torpaqlarımız azad olacaq, bizim ev-eşiyimiz olar" cavabını alırdım. Hər bayramda dua edirdik ki, gələn ilin bu gününü öz torpaqlarımızda keçirək. Artıq uşaqlığımı bu dualarla başa vurmuşdum. Qaçqınlıq, köçkünlük həyatı mənim xoşbəxt, qayğısız yaşamalı olduğum   uşaqlığımı məndən mənim kimi minlərlə uşaqdan almışdı.

Qohum-əqrəbanın danışdıqlarından, anamın xatirələrindən tanıyırdım Ağdamı - valideynlərimin doğulduğu Yusifcanlı kəndini... Açığını deyim ki, o torpaqları görəcəyimə inanmırdım. İşğal altında olan torpaqların azad edilə biləcəyini ağlıma belə gətirmirdim. Hər dəfə anam dua edəndə, "yox ana, bizim duamız qəbul olunan duaya oxşamır",  - deyirdim.

Bir gün səhər top səslərinin gurultusuna oyandıq. Televizoru açanda müharibənin başlanması xəbərini eşitdik. Prezidentimiz xalqa müraciət edəndə onun üzündə qəzəbi, qətiyyəti, özünə inamı gördüm. Düyünlənmiş yumruğa baxıb sevincimdən göz yaşı axıtdım. Anladım ki, bu yumruq bizi evimizə aparacaq. Bu yumruq itirilmiş torpaqlarımızı qaytaracaq. Bu yumruq bizi evli-eşikli edəcək. İnandım ki, bu yumruq illərdir düşmənin bizdən aldığı nə varsa geri qaytarmaq üçün düyünlənib.

Hər dəfə torpaqlarımızın işğaldan azad edilmə xəbərini eşidəndə, kəndlərimiz, şəhərlərimiz azad olanda xəyalım məni Ağdama, Yusifcanlıya aparırdı... Özümə ev qururdum. Düşünürdüm ki, bundan sonra mən də kəndimiz, doğma torpaqlarımız haqqında danışa biləcəyəm. Sevinirdim ki, bizim mübarizəmiz yalnız yaşamaq üçün yox, vətən üçündür, torpaq üçündür, işğal olunmuş yurdumuzun azadlığı üçündur...

Artıq 3 ildir düşmən işğalı altında olan torpaqlarımız azad edilib. Azad olunmuş torpaqlarımız əsl abadlıq, quruculuq meydanına çevrilib. Doğma kəndlərini, rayonlarını valideynlərinin danışdıqları hekayələrdən tanıyan yüzlərlə gənc öz evinə qayıdır. Öz evində yaşamaq xoşbəxtliyinin nə olduğunu hiss edirlər...

Bütün bunlara Azərbaycan Prezidenti İlham Əliyevin dəmir iradəsi, qətiyyəti, prinsipial mövqeyi və apardığı uzaqgörən siyasəti nəticəsində nail olduğumuzu bilməyən, dərk etməyən tapılmaz. Prezident İlham Əliyev bizim xəyallarımızı gerçəkləşdirən, arzularımızı reallaşdıran, Qarabağı xilas edən, xarabazara çevrilmiş yeri cənnətə döndərib, yenidən Vətən edən tarixi şəxsiyyət, güclü liderdir.

Mən indi yalnız yaşamaq uğrunda yox, daha böyük işlər görmək üçün çalışan bir gəncəm. Prezidentimiz bizə təkcə torpaqlarımıza dönməyi deyil, həm də həyata, haqqa, ədalətə olan inamımızı qaytardı. Mən indi Ağcabədidə sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Həyatda uğur qazanacağıma əminəm. Hesab edirəm ki, qazandığım uğurların əsl səbəbkarı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir.

Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Bizə inam, yaşam həvəsi verən, Azərbaycan Ordusunu quran, xalqımıza qələbə sevinci yaşadan cənab İlham Əliyev Azərbaycan gəncliyinin ən uğurlu və inamlı namizədidir. Mən cənab İlham Əliyevə müraciət edirəm: "Cənab Prezident, Sizin Azərbaycana yenidən rəhbərlik etməniz bizim  xoşbəxt, qayğısız, qürurlu həyatımız deməkdir".

 

Zeynəb SEYİDOVA,

Ağcabədi rayonu

Azərbaycan.-2023.- 14 dekabr, № 273.- S.14.