Övladlarımızı
narkomaniyadan necə qoruyaq?
O elə bəladır
ki, insanın ağlını, sağlamlığını,
mənəvi keyfiyyətlərini
məhv edib "sürünən ölü"yə
çevirir...
O qədər qorxuludur
ki, insan həyatında ən ağır fəsadlar yaradır, onu cəmiyyətdən təcrid
edir, əzizlərinin
əlindən alır...
Yenicə "işə"
başlayanda təbəssüm,
gümrahlıq, "enerji"
bəxş edən bu bəla, zamanla
gücünü, qüvvəsini,
həyat eşqini əlindən almaqla, üzündəki təbəssümü
donuq, kədərli, insanlıqdan çıxmış
sifətlə əvəzləyir...
Bəzən tənhalıqdan,
çarəsizlikdən, bəzən
də problemlərdən,
müəyyən psixoloji
vəziyyətdən çıxış
yolunu bu bəlada görərək
onun girdabına düşənlərin əlindən
tutan, düşdüyü
bataqlıqdan dartıb
çıxaran olmadığı
üçün tədricən
elə o burulğanda yox olurlar...
Taun kimi ən qorxulu xəstəliklərdən olan,
irqindən, dinindən,
yaşından asılı
olmayaraq bütün bəşəriyyətə qənim
kəsilən, sərhəd
tanımayan narkomaniya bəlasının yaranma səbəbini, ondan qurtuluş, çarə yollarını araşdırmışıq...
"Ağ ölüm"ə
qarşı valideyn məsuliyyəti
Narkotik maddələrdən
istifadə edənlər
çox yaşamır,
bəzən gənc yaşlarında istifadə
dozasının çoxluğundan
dərhal ölür,
bəzən isə aludəçiliyin qazandırdığı
xəstəliklər nəticəsində
həyatlarını itirirlər.
Amma bu xəstələrin
təcridi asılılıqdan
xilas yolu sayılmır. Ən azından narkotik aludəçiləri üçün
çarə bu deyil.
Pis vərdişlərə
yiyələnmə həvəsi,
daha doğrusu "fərqlənmək" istəyi
əsasən gənc yaşlarda başlayır.
Bu yolda ailə, ətrafdakı insanlar, şəxsi iradə, böyük rol oynayır.
Nə etməli,
artıq "səndən
adam olmaz deyib" atmalımı, yoxsa bu çirkabdan
çıxmaq üçün
əl uzatmalımı?
Çıxış yolu hər zaman
var, təki insan bunu ürəkdən
istəsin, ətrafdakılar
kömək əlini uzatmaqdan, qınaqdan qorxmasınlar.
Hər il dünyada milyonlarla insan "ağ ölüm"ə doğru
addım atır, minlərlə insan narkotikə qurşanmaq səbəbindən dünyasını
dəyişir. Narkotikin
vətəni Amerika, müəyyən dövrlərdə
istifadəsinin geniş
hal aldığı Avropa olsa da,
artıq təhlükənin
coğrafiyasında vəziyyət
dəyişib.
Türkiyəli psixiatr,
professor Kültegin Ögel narkotik aludəçilərinin müalicə
və reabilitasiyasında
tibbin ən son yeniliklərini tətbiq edərək onların yenidən cəmiyyətə inteqrasiyasında
mühüm rol oynayan, müalicə metodları ilə Türkiyənin qabaqcıl
klinikalarından olan Moodist Psixiatriya və Nevrologiya Klinikasının baş həkimidir. O deyir ki, dünyada narkotik istifadəçilərinin
sayı getdikcə artsa da, Avropa
və ABŞ-də bunun əksi müşahidə edilir. Çünki Qərb ölkələrində narkomaniyanın
müalicə imkanları
geniş olmaqla yanaşı, həm də xəstəliyin erkən diaqnostikası aparılır. Lakin bizim regionda, o cümlədən Türkiyə
və Azərbaycanda narkotik istifadəçilərinin
sayı ildən-ilə
artır.
Professor bu sahədə davamlı araşdırmaların həyata
keçirilməsinin vacibliyinə
toxunaraq qeyd edir ki, hər
il yeni növ
narkotik maddələr
yayıldığı üçün
xüsusi tədqiqatlara
ehtiyac var. İlkin mərhələdə
isə narkomaniya ilə bağlı maarifləndirmə işi
aparılmalıdır. Çünki
narkotik istifadəsinə
daha çox yeniyetmə dövründə
başlanıldığı üçün ailələrin
bu sahədə məlumatlı olması vacibdir. Övladının
narkotik istifadə etməsindən şübhələnən
valideynlər ona bildirmədən dəqiq məlumat toplamalı, daha sonra isə
onu dinləməlidir.
Çünki uşaqlar
ailələrindən daha
çox informasiyaya malik olduqlarına görə, valideynlər
ayıq-sayıq davranmalıdırlar.
Məsələn, heç
vaxt narkotik maddənin özünü
və şəklini görməyən ata-ana maddəni evdə görsə də, nə olduğunu bilməyəcək.
Araşdırmalar da
göstərir ki, əksər pis vərdişlərə yiyələnmə
yeniyetmə yaşlarında
daha çox müşahidə edilir. Ailədaxili problemlər, yanlış tərbiyə,
uşaqların çevrəsi
buna səbəb olan amillərdəndir. Belə demək mümkündürsə, dostlarını
düzgün seçə
bilməyənlər "tora
düşürlər". Təbii ki, bu, adətən, ailədən qaynaqlandığına
görə, valideynlərin
övladları ilə
doğru münasibətindən,
düşünülmüş davranışlarından, əlaqələrindən,
tətbiq etdikləri qaydalardan çox şey asılıdır.
Burada əsas məqam ata və ananın hər bir övladına
fərdi yanaşmasıdır.
Çünki hansı
ailədə doğulmaqdan,
böyüməkdən asılı
olmayaraq, hər kəs fərqli xarakterə sahib olur.
Narkotik asılılığının
səbəblərindən danışan
professor Kültegin Ögel də bu məsələdə ailənin xüsusi rola malik olduğunu
vurğulayır. Onun sözlərinə görə,
narkotik istifadəsinin
üç əsas səbəbi var, bu ailə, ətraf,
genetik bioloji strukturdur: "Düzgün
verilməyən ailə
tərbiyəsi, ailədaxili
münaqişələr, ata-ananın
təşvişli olması
belə problemlərə
yol açır. Uşağın olduğu
mühit də burada mühüm rol oynayır. Dostları arasında və ya ailəsində
narkotik maddə və ya alkoqol
istifadəçiləri olanlar,
həmçinin zəif
iradəlilər daha tez təsirə məruz qalırlar".
Psixiatr onu da qeyd edir
ki, təkcə ailəsində və ya yaxın çevrəsində
narkotik aludəçisi
olan birinin gələcəkdə asılılıq
qazanacağı mütləq
deyil.
Erkən müdaxilə
ağır fəsadların
qarşısını alır
Narkotikdən istifadəyə
yeni başlayanları
aşkarlamaq elə də asan deyil.
Həkimin sözlərinə
görə, ümumilikdə
narkotik asılılığı
çox yavaş inkişaf edir, yəni istifadəçinin
üzünə, gözlərinə,
davranış dəyişikliklərinə
baxaraq bunu anlamaq olmur. Xüsusilə yeniyetmələrdə
bunu müəyyənləşdirmək
çətindir, çünki
bu dövrdə onlarda əsəbilik, dost-tanışını dəyişmək
hallarına çox rast gəlinir. Bu isə həmişə
həmin uşağın
narkotik istifadəçisi
olduğunun göstəricisi
ola bilməz.
Mütəxəssis bildirir ki, valideynlər
və uşaqlar arasında yaxşı əlaqənin olması bu baxımdan çox önəmlidir:
"Əslində, uşaqlar
ata-analarının onlara
acıqlanmadıqları halda
səhvlərini etiraf
etməyə meyilli olurlar. Lakin uşaq pis vərdişini
"siqaret çəkdiyini
eşitsəm ayaqlarını
qıraram" deyən
valideynindən gizlətməyə
üstünlük verir.
Yeniyetmələr anlayışlı
valideynlərə isə
səhvlərini deməkdə
daha ürəkli olurlar".
Ümumiyyətlə, bir çox xəstəliklərdə olduğu
kimi narkomaniyada da erkən müdaxilə
ağır fəsadların
qarşısını alır.
K.Ögel qeyd edir ki, xüsusilə
yeniyetmə dövründə
formalaşma getdiyi üçün narkotik vasitədən istifadənin
daha tez aşkarlanması və erkən müdaxilə bəlanın qarşısını
almaqda mühüm rol oynayır: "Alkoqollu içkilərə
üstünlük verən
məktəblilərin dərslərində
müvəffəqiyyət göstəricisi
aşağı düşür,
nəticədə gələcək
həyatı məhv olur. Lakin valideynlər
bilməlidirlər ki,
övladlarının bir
dəfə narkotik maddədən istifadə etməsi dünyanın sonu demək deyil. Əsas olan 18-21 yaşına qədər bunu tərgitməsidir. Narkotik
asılılığından tamamilə zərərsiz çıxmaq mümkün
olmasa da, amma zərəri minimuma endirmək mümkündür. Narkotik
istifadəsinə əsasən
erkən yaşlarda başlanılsa da, bu dövrdə asılılıq halları
çox müşahidə
olunmur. Aşağı
yaşlardan narkotik vasitələrdən istifadə
edənlərin gələcəkdə
aludəçi olma ehtimalı isə 80 faizdir. 35 yaşdan sonra istifadəyə başlayanlarda isə asılılıq o qədər
də yaranmır. Bu baxımdan ən riskli dövr yeniyetməlikdir".
Həkimin dedikləri
də göstərir ki, narkotik istifadəçilərinin
ailə üzvləri
və dostları tərəfindən kənarlaşdırılması,
yaxınlarının çarəsizliyə
düçar olmuş
kimi aludəçidən
əlini üzmələri
çıxış yolu
deyil. Hər çətinliyin mütləq
bir həlli var, sadəcə bunu ürəkdən istəməli, istifadəçidə
də bu istəyi yaratmaqla, onu gələcəyə inandırmaq lazımdır.
Müalicədə tətbiq
edilən yeniliklər
Moodist Psixiatriya
və Nevrologiya Klinikasında fərdi, qrup və ailə
terapiyasından birgə
istifadə edilir. Kültegin Ögel bildirir ki, bu
terapiyaların ayrı-ayrılıqda
effekti olmur, çünki narkotik aludəçisinin özü
ilə yanaşı, ailəsi və ətrafı da dəyişməlidir. Bu problemin ortaya çıxmasında, adətən,
valideynlərin yol verdikləri səhvlər
rol oynadığına
görə, ilk növbədə, ailədaxili
münasibətlərin dəyişməsi
vacibdir. Qrup terapiyaları onlara bir çox bacarıqlar qazandırır.
Bununla pasiyentlər səbirli olmağı, düzgün danışmağı,
doğru münasibətlər
qurmağı öyrənirlər.
Fərdi terapiyalar isə psixoloji faktorları ortaya çıxarmaq üçün
önəmlidir.
Professor qeyd edir ki, narkomaniyanın
müalicə müddəti
12 aydır. "İlk
bir ay orqanizmin
təmizlənməsi üçün
dərman müalicəsi
tətbiq olunur. Üçüncü aya kimi xəstə müəyyən qədər
özünü toparlaya
bilir. 3-6 və ya 3-9 ayda isə
reabilitasiya aparılır.
Yeni həyata adaptasiya 12 ay çəkir. Hansı müddətdə narkotik istifadə etməsindən
asılı olmayaraq, müalicə dövrü
bir ildir", - deyə K.Ögel bildirir. Onun sözlərinə görə,
son dövrlər müalicə məqsədilə
narkotik maddə və alkoqol istəyini azaldacaq dərmanlardan, eləcə
də 3 aylıq təsirə malik iynələrdən istifadə
olunur. Bu zaman narkotik istifadə etsələr belə, həzz almadıqları üçün
onu dayandırırlar.
Müalicədə istifadə
olunan dərmanları
yalnız 17 yaşdan başlayaraq tətbiq etmək mümkündür.
Daha aşağı yaşlı istifadəçilərin
müalicəsində isə
psixoloji terapiyaya üstünlük verilir.
Baş həkim
narkotik aludəçilərinin
müalicəsi üçün
çoxsaylı metodlar
olduğunu qeyd edərək hər kəsə uyğun üsulun tətbiqinin vacibliyini bildirir: "Digər terapiyalar da dərman müalicəsi ilə yanaşı, aparılmalıdır.
Müalicə bitdikdən
sonra həmin şəxslərdə depressiv
hallara çox rast gəlindiyinə görə onlarla vaxtaşırı görüşlər
keçirilir. Əslində,
narkotik aludəçilərinin
90 faizinin psixologiyasında
müəyyən problemlər
olduğundan asılılıq
keçdikcə, bu yenidən ortaya çıxır".
Mütəxəssis deyir ki, gənclər
müalicəyə daha
gec uyğunlaşırlar
və ya ümumiyyətlə, uyğunlaşmaq
istəmirlər. Həkimin
fikrincə, bu, yeniyetmələrin digər
məsələlərə yanaşmasında da belədir. Buna görə də narkoloji müalicə yaş qruplarına uyğun aparılmalıdır.
Moodist bunu tətbiq edən qabaqcıl klinikalardan biridir.
Həkim hətta
"kaprizli" yeniyetmələrin
xəstəxanadankənar müalicəsinin
də mümkün olduğunu deyir: "Yeniyetmələr müalicə
üçün klinikaya
gəlmək istəməyəndə
ailələri ilə
görüşürük. Müalicəsini apardığım,
lakin özlərini heç görmədiyim aludəçi gənclər
var. Belə istifadəçilərin müalicəsi
ailələri vasitəsilə
aparılır, bəzən
valideynlərə verilən
tövsiyələr onların
övladlarına münasibətini
dəyişdirir, nəticədə
isə narkotik asılılığına son
qoyulur".
Yəni narkotik
istifadəçisinin özü
klinikaya getmədikdə
müalicə dövrünün
daha çətin olmasına baxmayaraq, inkişafda olan tibb bunu mümkünsüz
etmir.
Narkotik aludəçilərinin
75 faizi asılılıqdan
xilas ola bilər
Təcrübələr göstərir ki, narkotik aludəçiliyindən
xilas olmuş şəxslər bu yola yenidən üz tuta bilərlər.
Bu, əsasən, həmin şəxsin ailəsində və ətrafında heç bir dəyişikliyin olmaması ilə bağlıdır.
Baş həkim
qeyd edir ki, narkotik asılılığından
xilas olmuş şəxslərin 70 faizi
yenidən bu maddədən istifadə edə bilər. Orqanizm iki həftəyə
narkotikdən təmizlənsə
də, bu, həmin şəxsin bir də bu
maddədən istifadə
etməyəcəyi anlamına
gəlmir. Ona görə də təkrar narkotik istifadəsinin qarşısını
almaq üçün
preventiv tədbirlər
həyata keçirilməlidir.
İstənilən halda
dərman müalicəsi
ilə psixoloji dəstək yanaşı
aparılmalıdır.
Asılılıqdan xilas olmuş şəxsin boş-bekar qalmaması da təkrar istifadənin qarşısının alınmasında
mühüm faktordur:
"Aludəçilikdən azad olmuş şəxs hansısa işlə məşğul
olmalıdır. Ətrafını
dəyişməli, özünə
baxmalı, məsuliyyətini
dərk etməlidir. Yalnız narkotik maddəni tərgitmək çıxış
yolu deyil, həyat tərzini dəyişdirmək şərtdir".
K.Ögel onu da vurğulayır ki, aludəçiliyin sosial statusla birbaşa əlaqəsi yoxdur. Maddi vəziyyəti
çox yaxşı olsa da, narkotik
və ya alkoqol asılılığından
əziyyət çəkənlərin
çoxluq təşkil
etməsi bunu sübut edir. Burada əsas faktor narkomaniyaya meyilli insanın boş qalmaması, özünə hansısa
məşğuliyyət tapmasıdır. Səhərdən
axşama kimi heç bir işi olmayanların, dostları ilə davamlı boş vaxt keçirənlərin
aludəçi olma ehtimalı, təbii ki, yüksəkdir.
Həkim qeyd edir ki, narkotik
aludəçilərinin 75 faizi asılılıqdan azad ola bilsə
də, cəmiyyət
25 faizi daha çox görür.
"Narkotik asılılığı
müalicə oluna bilən xəstəlikdir"
- elə əsas şüarın da bu olması sübut edir ki, mütləq ki, bir çıxış
yolu, çarə var.
Mütəxəssislər ailədaxili münasibətlərin
uşaqların psixologiyasına
böyük təsiri
olduğunu daim vurğulayırlar. Bununla yanaşı, valideyn və uşaq arasında bağlar, güvən, inam da uşağın pis vərdişlərə
yiyələnməsinin qarşısının
alınmasında mühüm
rola malikdir.
Baş həkimin
fikrincə, narkotik istifadəçilərinin ailələri
ilə bağlı çoxlu araşdırma aparılıb. Narkotik asılılığından xilas
olmada ailədaxili bağların möhkəm
olması mühüm
şərtdir: "Ailə
üzvlərinin birlikdə
vaxt keçirməsi
- yemək yemək, gəzmək çox vacibdir. Bundan başqa, valideynlər və uşaqların əlaqələrinin yaxşı
olması mühüm
rol oynayır. Məsələn, birlikdə
nələrisə müzakirə
edə, söhbət edə bilirsizmi? Ata və ananın
qaydaları tətbiq etmə bacarığı
da bu xüsusda
çox önəmlidir.
Təcrübə göstərir
ki, ən çox problemlər
ailələrin qayda qoymağı bacarmaması
ilə bağlıdır".
Cəmiyyətdən təcrid asılılığı
daha da artırır
Mütəxəssislər qeyd edirlər ki, cəmiyyətdən uzaqlaşdıqca zərərli
vərdişlərə asılılıq
artır. Narkotik asılılığında məktəb
həyatının da
mühüm rolu olduğunu qeyd edən həkim bildirir ki, uşaq
narkotik istifadə etdiyinə görə məktəbdən atılarsa,
bu zaman daha çox boş vaxtı olduğu üçün
narkotik aludəçiləri
ilə oturub-duracaq. Bu baxımdan, həmin uşaqlar tədrisdən uzaqlaşdırılmamalı,
daim nəzarət altında saxlanılmalıdırlar.
Məktəbdən kənarlaşdırmaq
əvəzinə, ona
əlavə dərs yükü verilməlidir.
Belə olan halda narkotik istifadəçisi digər
uşaqlara da pis təsir edə bilmir. Onun göstəriciləri
yüksəldikcə narkotikdən
istifadəsi də azalır.
Bununla bağlı
Türkiyədə keçirilən
layihənin nəticələri
effektini verib. Belə ki, təcrübə
müddətində məktəblilərə
həftədə iki saat əlavə dərs verilib. Beləliklə, istifadəçilərin
60 faizi narkotik maddənin qəbulunu dayandırıb. Həkim əgər xəstə narkotiki tərgitmir deyə ona "bir də gəlmə"
desə, asılılığı
daha da artar.
Narkotik istifadəçiləri
müalicə ilə yanaşı, cəmiyyət
arasında olduqları
halda daha tez sağalırlar. Bəzi Avropa ölkələrində müəyyən
narkotik maddələrin
qanuni verilməsi də bununla bağlıdır. Həmin
şəxsi cəmiyyətdən
təcrid etməmək,
qara bazardan daha ağır maddələr əldə
etməməsi üçün
belə addım atırlar.
Narkotik asılılığının
qaydasızlıq xəstəliyi
olduğunu qeyd edən K.Ögel bildirir ki, hədsiz
qadağalar da, heç bir qadağa qoymamaq da qaydasızlıqdır:
"Bir gəncə
"saat 5-də evdə
olacaqsan" demək mümkün deyil, çünki o yaşda birisini bu vaxt
evə sala bilməzsən.
Amma "axşam
gec qalma" demək də qayda deyil. "Saat neçəyə kimi" sualı ortaya çıxır. Valideynlər bir qadağa qoyanda onu ən azı
3 ay tətbiq etməlidirlər. Bəzən
ata və ya ana bir
qayda qoyur, sabah onu tətbiq
etmir, bu da yanlış addımdır".
Onun sözlərinə
görə, narkotikə
meyilli insanlar üzərlərinə heç
bir məsuliyyət götürmürlər. "Sən
bunu edə bilməzsən", "bacarmazsan",
"dəymə" kimi sözlər ailənin övladına məsuliyyət
yükləmədiyini göstərir.
Bu baxımdan da professor illər
ərzində bir dəfə olsun məsuliyyətini dərk
edən narkotik istifadəçisi görmədiyini
vurğulayır.
Qeyd etdiyimiz kimi, narkotik istifadəçisini bu yola düşdüyü üçün ailədən
məhrum etmək doğru addım deyil. Hər şeydən öncə ailə dəyərdir. Bir insan ən
dəyərlilərini itirdikdən
sonra sabaha ümidi qala bilərmi? Əlbəttə
ki, yox!
K.Ögel də
vurğulayır ki, ümid olmadığı
zaman insan eyni qalmağı seçir. Bu baxımdan çətin dönəmdə ailə üzvlərinin dəstəyi
hər şeydən vacibdir.
Son illərdə
boşanmaların sayının
artdığı məlumdur.
Boşanma səbəbləri
arasında narkotik və alkoqol asılılığının üçüncü yerdə
olması daha diqqətçəkən məqamdır.
Burada iki səbəb ola bilər. Ya narkotik və alkoqol istifadəçilərinin
sayının artması,
ya da əvvəlki
dövrlərdən fərqli
olaraq kişi və qadının bir-birinə dözmək məcburiyyətinin olmamasını
düşünməsidir. Amma
qeyd edək ki, narkotik və
alkoqol istifadəsinə
görə qadın və ya kişinin
evi tərk etməsi, boşanması,
ailə institutunun dağılmasına gətirib
çıxarmaqla yanaşı,
bəzən həmin insanların "ağ ölüm"dən heç
vaxt xilas olmayacağı ilə bağlı ümidsizlik sindromuna, bəlkə də bu yuxudan
ayılmamaq istəyinə
səbəb olur.
Mütəxəssis deyir ki, ailədə
narkotik istifadəçisi
olduqda həyat yoldaşı ilkin mərhələdə ona
həkimə gedib müalicə almağını
və narkotikdən istifadəni 3 ay ərzində dayandırmağını
istəməlidir. Narkotik
vasitədən istifadə
edəcəyi halda evi tərk edəcəyini
deyə bilər. Amma mütləq vaxt verilməlidir. Üç ay sonra aludəçidə dəyişiklik varsa, o zaman evliliyə davam edərək 12 aya qədər narkotik asılılığından
xilas olması üçün şans verilir. Bu halda təkrar
qəbul etdiyi halda evdən gedəcəyi barədə
xəbərdarlıq edə
bilər. Əgər şəxs narkotik istifadəsinə davam edərsə, o zaman evdən getmək olar, amma
bu vaxt da
boşanmaq üçün
tələsmək lazım
deyil. Yoldaşımızın
narkotik maddə istifadəsinə davam etdiyi halda boşana
bilərsiz. Mərhələli
şəkildə şans
vermək lazımdır,
çünki asılılıqdan
xilas olmaq zaman tələb edir.
Gizlilik narkomaniyanı
inkişaf etdirir
Bəzən narkotik,
alkoqol və tütün asılılığından
xilas olmaqda hipnoz texnikalarının müəyyən rol oynadığını deyirlər.
Professor qeyd edir ki, hipnoz
yalnız siqareti tərgitmək üçün
effektlidir. Bu da əsasən inamla bağlıdır və qısa vaxt təsiri olur. Bu üsulun
narkotik asılılığın
müalicəsində tətbiqi
fayda vermir.
K.Ögel sonda baş həkimi olduğu Moodist Psixiatriya və Nevrologiya Klinikasındakı
yeniliklərdən söz
açdı. Hazırda
klinikada daha yaxşı və tez diaqnoz qoymaq
üçün araşdırmalar
davam edir: "Fərdiləşdirilmiş müalicə
metodları üzərində
işləyirik. Digəri
isə aludəçinin
asılılıq müddətində
problemi ilə üzləşməsidir. Bu,
psixoloji təlimdir. Üçüncüsü də
asılılığın müalicəsinin necə davam etdiyinin müşahidə edilməsidir.
Bununla bağlı elektron məlumat saytı yaradılıb və üzərində iş gedir".
Professor Kültegin
Ögel qeyd edir ki, mədəniyyətləri
eyni olan ölkələrlə bu sahədə çalışmaq,
tərcrübələri bölüşmək
mümkündür. Bu
baxımdan Azərbaycan
və Türkiyənin
bu sahədəki əməkdaşlığı effektivdir.
Narkomaniya həm
də oxşar mədəniyyətə malik
ölkələrin birgə
problemidir. Məsələn,
Türkiyədə kiminsə
narkotik istifadə etdiyini danışmamaq, gizlətmə hallarının
olması Azərbaycanda
da mövcuddur. Gizlilik isə asılılığı inkişaf
etdirir.
Bir sözlə,
yeniyetməlik elə bir dövrdür ki, onlar çox
səhvlərə yol
verə, pis vərdişlərə təhrik
edilə və maraq göstərə bilirlər. Amma hər kəsin həyatda ən azı bir şans
haqqı var. Hələ də əsrin bəlasına çevrilən
narkomaniyadan xilas olmağın yolu birlikdə mübarizədirsə,
bunun üçün
valideynlərin övladlarının
etdiyi səhvləri ört-basdır etmədən
onların sağlam gələcəyinə dəstəyi
hər şeydən önəmlidir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
14 dekabr, ¹ 273.- S.15.