Azərbaycanın
və Türkiyənin
XİN başçıları regional və çoxtərəfli əməkdaşlıq
gündəliyinin perspektivlərini
müzakirə ediblər
Dekabrın 14-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi
səfəri çərçivəsində
Türkiyə Respublikasının
xarici işlər naziri Hakan Fidanın
rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, nazirlər arasında keçirilən
təkbətək görüş daha sonra hər iki tərəfin
nümayəndə heyətlərinin iştirakı ilə
geniş tərkibdə davam edib.
Geniştərkibli
görüşdə iki ölkə arasında ikitərəfli,
regional və çoxtərəfli əməkdaşlıq
gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət,
habelə işğaldan azad edilmiş ərazilərdə həyata
keçirilən bərpa-quruculuq işləri ətrafında
fikir mübadiləsi aparılıb.
Görüşdə
2023-cü ildə Azərbaycanda Ulu Öndər Heydər
Əliyevin 100 illik yubileyinin, qardaş Türkiyədə isə
Cümhuriyyətin 100 illik yubileyinin qeyd edilməsi fonunda iki
ölkə arasında bütün səviyyələrdə təmaslarımızın
daha intensiv, daha məhsuldar xarakter aldığı
vurğulanıb.
Çoxşaxəli
və zəngin Azərbaycan-Türkiyə strateji müttəfiqlik
gündəliyinin cari vəziyyətindən məmnunluq ifadə
edilib, siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi,
enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət
və digər sahələr üzrə münasibətlərin
tarixi yüksəliş mərhələsində olduğu
bildirilərək, Şuşa Bəyannaməsinin bu xüsusda
mühüm zəmin olduğu qeyd olunub.
Habelə
beynəlxalq və regional təşkilatlar çərçivəsində
qarşılıqlı faydalı tərəfdaşlığın
nümunəvi xarakter daşıdığı diqqətə
çatdırılıb. Çoxtərəfli
platformalarda, o cümlədən
BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı,
İslam Əməkdaşlıq
Təşkilatı, Mərkəzi
Asiya ölkələri
ilə üçtərəfli
və dördtərəfli
formatlar çərçivəsində
birgə tədbirlərin
intensivliyinin artırılmasının,
yeni çoxtərəfli
təşəbbüslərin irəli sürülməsinin
əhəmiyyətindən söz açılıb.
Nazirlər, həmçinin
bölgəmizdə sabitliyin
qorunmasında Azərbaycan-Türkiyə
müttəfiqlik münasibətlərinin
vacib roluna toxunub, Azərbaycanın ərazi bütövlüyünün
və suverenliyinin tam bərpası ilə bu gün
bölgədə tarixi
məqamın yarandığını,
dövlətlərin suverenliyi
və ərazi bütövlüyünün qarşılıqlı
tanınmasının və
bu kimi təməl
prinsiplərə hörmətlə
yanaşılmasının bölgədəki davamlı
sülh, sabitlik və firavanlığa aparan yeganə yol olduğunu bir daha bəyan
ediblər.
Görüşdə nazir Ceyhun Bayramov
həmkarını Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
aparılan genişmiqyaslı
bərpa və quruculuq işləri, Ermənistanın 30 illik işğalı nəticəsində
qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüş
vətəndaşlarımızın geri qayıdış prosesi, habelə Azərbaycan Ermənistan arasında etimad quruculuğu istiqamətində
atılan son addımlar barədə məlumatlandırıb.
Nazir işğaldan
azad edilmiş ərazilərdə fəaliyyətlərində
Türkiyə tərəfinin
aktiv iştirakının
yüksək qiymətləndirildiyini
vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı
maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlərin iştirakı
ilə keçirilmiş
mətbuat brifinqində
görüşün nəticələrinə
dair bəyanatlar səsləndirilib, jurnalistlərin
sualları cavablandırılıb.
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.4.