Azərbaycanın
görkəmli heykəltaraşına
“Cəngavər rütbəli
İtaliyanın Ulduzu”
ordeni təqdim olunub
Dünyaşöhrətli azərbaycanlı heykəltaraş,
Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
rektoru, “Şöhrət”
ordenli Natiq Əliyevə “Ordine della
Stella della Solidarieta Italiana” (“Cəngavər rütbəli
İtaliyanın Ulduzu”)
ordeni təqdim olunub.
AZƏRTAC xəbər verir ki, ordenin
təqdimatı İtaliyanın
Azərbaycandakı səfirliyinin
iqamətgahında dövlət
rəsmilərinin, ölkənin
yaradıcı ziyalılarının,
Azərbaycanın İtaliyadakı
keçmiş səfiri
Məmməd Əhmədzadə
və ADA-nın prorektoru Fariz İsmayılzadənin iştirakı
ilə keçirilib.
Ordeni Xalq rəssamına təqdim edən İtaliyanın Azərbaycandakı səfiri
Klaudio Taffuri Natiq Əliyevi xüsusi bir insan, incəsənətin,
mədəniyyətin bir
hissəsi adlandırıb.
“O, sənətdə öz
istiqaməti olan bir sənətkardır. Natiq Əliyev İtaliyanın intibah dövrünü tərənnüm
edən bir heykəltaraşdır. Həmin
dövr - mənim ölkəmin ən böyük sənətkarlarının
dövrüdür. Onun
bütün əsərlərində
intibah dövrünün
izi var”.
Səfir bildirib
ki, İtaliya Prezidenti heykəltaraşı
İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin
və əməkdaşlığın
inkişafında xüsusi
xidmətlərinə görə
bu yüksək ordenlə təltif edib.
Təltifə görə
minnətdarlığını bildirən Azərbaycanın
Xalq rəssamı Natiq Əliyev İtaliya incəsənətinin
bütün dünyanın
ilham mənbəyi olduğunu qeyd edib: Öyrəndiyim, qibtə etdiyim heykəltaraşların, rəssamların
vətənindən təqdim
olunan bu orden mənim üçün böyük
şərəfdir. Onu
həmişə üzərimdə
daşıyacağam”.
Natiq Əliyev məlumat verib ki, hazırda italiyalı heykəltaraş
Albano Poli ilə müştərək
layihə üzərində
işləyir. “Layihəyə
görə İtaliyanın
Verona şəhərində
Şekspir və Nizaminin heykəlləri ucaldılacaq. Şekspirin heykəlini italiyalı heykəltaraş, Nizaminin heykəlini isə mən hazırlayacağam”,
- deyə Xalq rəssamı bildirib.
Professor Natiq Əliyev diqqətə çatdırıb ki, rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında
tələbələrə intibah dövrünün sənət əsərləri
ilə yanaşı, müasir İtaliya incəsənəti də
öyrədilir.
Natiq Əliyevi
yalnız ölkəmizdə
yox, onun hüdudlarından kənarda
da yaxşı tanıyırlar. Onun monumental əsərləri
Azərbaycanla yanaşı,
dünyanın bir çox ölkələrində
də ucaldılıb.
1990-cı ildə heykəltaraş
Rahib Həsənovla birgə yaratdığı
Əliağa Vahidin abidəsi bir sıra məziyyətlərinə
görə Azərbaycan
heykəltəraşlıq sənətində əlamətdar
hadisə kimi qəbul edilib. Həmin abidənin qarşısında hər
zaman xarici turistlərin ona maraqla baxdığını
görmək olur.
Natiq Əliyev Ümummilli Lider Heydər Əliyevin bir neçə abidəsinin, o cümlədən
xaricdə - Kiyev, Tbilisi, Həştərxan
və Belqradda ucaldılmış abidələrinin,
Həştərxanda knyaz
Vladimirin böyük
(pyedestaldan yuxarı hissəsinin hündürlüyü
4,5 metr olan) abidəsinin, Bakıda böyük rumın bəstəkarı Corce Yeneskunun abidəsinin, Şəkidə dünyaşöhrətli
norveçli arxeoloq və səyyah Tur Heyerdalın büstünün, yenə
Şəkidə şair
Bəxtiyar Vahabzadənin
heykəlinin, Bakıda
memar Zivərbəy Əhmədbəyovun və
bəstəkar V.A.Motsartın,
Belqradda serb yazıçısı Milorad
Paviçin, Serbiyanın
Novi-Sad şəhərində
dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin, Ankara,
Sarayevo, Mexiko və Qızılca Hamam (Türkiyə) şəhərlərində Xocalı
soyqırımı qurbanlarının,
Podqoritse şəhərində
böyük Azərbaycan
şairi və mütəfəkkiri Hüseyn
Cavidin, “Bakı-Həştərxan”
dostluq abidəsinin müəllifidir.
Memorial heykəltaraşlıq
janrı Natiq Əliyevin yaradıcılığında
xüsusi yer tutur. Onun yaratdığı
heykəltaraşlıq nümunələri
Bakıda Məmməd
Səid Ordubadi, Abdulla Şaiq, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə,
Hüseyn Rəsulbəyov,
Afiyəddin Cəlilov,
Lətif İmanov, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Əli Tudə, Cabir Novruz, Nəsrulla
Nəsrullayev, Zeynal Cabbarzadə, Amaliya Pənahovanın yaşadıqları
binalara vurulmuş memorial xatirə lövhələrinin bəzəyidir.
İlyas Əfəndiyev,
Həqiqət Rzayeva, Cabir Novruz, Bəşir
Səfəroğlu, Osman
Mirzəyev, Habil Əliyev, Zəlimxan Yaqub, Cavad Heyət,
Cəlal Əliyev, Rəfiqə Əliyeva, Amaliya Pənahova, Fikrət Qoca, Musa Yaqub və
Aydın Balayevin qəbirüstü abidələrinin
də müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.11.