"Qızılbaş" deyəndə istər-istəməz
ilk xatırlanan, yada düşən Azərbaycan Səfəvilər
dövlətinin ərazilərini
genişləndirən, torpaqlarımızı
birləşdirib mərkəzləşdirilmiş
nəhəng Azərbaycan
dövlətini yaradan
tarixi şəxsiyyət
Şah İsmayıl Xətai olur.
Xalqın tarixini
və yaddaşını
unutmayan insan özünü bu tarixin bir hissəsi
kimi dərk edir. Əsrlərboyu vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərləri bölüşən
milyonlarla insanı bir ideya ətrafında
birləşdirən tarixi
şəxsiyyətlər çox
olub. Bu şəxsiyyətlər əbədiyaşarlıq
ömrü qazanaraq bir istinad mənbəyinə çevrilmişlər.
Şah İsmayıl
Xətai böyük dövlət xadimi və sərkərdə, birləşmiş Azərbaycan
dövlətini yaradan
şəxsiyyət kimi
yaddaşımızda əbədiyaşarlıq
ömrü qazanan nadir insanlardandır. Şah İsmayıl Səfəvi xanədanını
yaradan Ərdəbil şeyxləri nəslindəndir.
Səfəviliyin Azərbaycanın
mənəvi mühitinə
gətirdiyi mübarizliyin,
döyüşkənliyin və
mənəvi zənginliyin
mahiyyətini dərk etmək həm də Qızılbaşlığın
mahiyyətini dərk etməkdir.
Əslində, Şah
İsmayılın tarixi
yükünü mənsub
olduğu mənəvi
qaynaq müəyyənləşdirmişdir.
Təsadüfi deyil ki, tarixi mənbələr
Şah İsmayılın
gücünü onun özündə yox, əsaslandığı və
mənəvi güc aldığı Səfəviyyə
təriqətində görmüşdür.
Xalqımızın qəhrəmanlıq tarixinin
şanlı səhifəsini
yazan Qızılbaş
irsi həmişə tarixçilərin, elm adamlarının diqqət
mərkəzində olan, aktuallığını
itirməyən mövzulardan
olub. Azərbaycan Diasporuna Dəstək Fondunun və "Qızılbaş" Qlobal
İrsi Şurası Təşkilatının birgə
dəstəyi ilə
"Heydər Əliyev
İli" çərçivəsində
"Azərbaycanda Qızılbaş
irsi: tarixin izi ilə" mövzusunda Bakıda keçirilmiş beynəlxalq
konfransın iştirakçıları xalqımızın
tarixində önəmli
yer tutan bu hərəkatın daha geniş coğrafiyada tədqiqi və elmi araşdırmaların
daha geniş arealda yayılmasının
vacib olduğundan bəhs etdilər.
Konfrans iştirakçısı,
Qızılbaş nəslinin
nümayəndəsi, Türkiyənin
Ankara Hacı Bayram Veli Universitetinin
professoru Ahmet Taşğın bizimlə
söhbətində bildirdi
ki, qızılbaşların
dünyanın böyük
bir hissəsində, İraqda, Suriyada, Əfqanıstanda, Pakistanda,
Hindistanda, Yunanıstanda,
Bolqarıstanda yaşayaraq
fəaliyyət göstərmələrini
təsdiq edən tarixi abidələr, türbələr, sərdabələr
mövcuddur. Qızılbaşlıq
xalqımızın qəhrəmanlıq
tarixinin ən yaddaqalan şərəfli
bir dövrünü əhatə edir.
"Qızılbaşlıq bir ideyadır" deyən Ahmet Taşğın bildirdi ki, ən cəsur
oğullarımız, ölümdən
qorxmayan qəhrəmanlarımız
zamanında bu ideya ətrafında birləşərək böyük
bir xanədan qurmuşdular. Xalqımızın
qəhrəmanlıq tarixinin
və ənənələrinin
bərpa olunduğu bir zamanda dünyada
olan qızılbaşların
Bakıda bir araya gəlməsinin çox böyük rəmzi mənası var: "Bu, uzun illərdən sonra bərpa olunan qəhrəmanlıq
tarixinin bizə bəxş etdiyi birliyin nümunəsidir. Bütün dünya azərbaycanlılarının Lideri,
Qarabağın xilaskarı
İlham Əliyevin azərbaycançılıq ideyası
ətrafında dünya
azərbaycanlılarını birləşdirərək ölkəmizin
ərazi bütövlüyünü
və suverenliyini bərpa etməsini XV əsrdə baş verən hadisələrlə
müqayisə etsək,
heç də səhv etmərik. Zaman sübut edir ki, böyük ideyaları yalnız güclü liderlər reallaşdıra
bilirlər".
"Biz Şuşada
da olduq" dedi professor A.Taşğın. "Şuşaya
gedərkən yolboyu,
eləcə də gözəl təbiəti,
bənzərsiz coğrafiyada
yerləşən bu gözəl məkanda erməni vandalizminin sarsıdıcı nümunələrini
gördük. Qızılbaş
ənənəsini yaşadan,
ölümün üstünə
məğrurcasına gedən
Azərbaycan əsgərinin
qəhrəmanlıq tarixi
yazdığı yerlərlə
tanış olduq. O yerləri görəndən
sonra bir daha əmin oldum ki, yaşadığımız
dünyada "möcüzə"
deyiləcək bir şey yoxdur. İnsan Liderinə inananda, güvənəndə
"möcüzə" yarada
bilir. Qəhrəmanlıq
sarsılmaz inamdan yaranır. Xalqın inamını bərpa edən, yaşadan, yeni qəhrəmanlıq səhifəsi yazan Liderimiz
İlham Əliyevə
minnətdaram".
Konfrans iştirakçısı,
Qızılbaş Qlobal
İrsi Təşkilatının
sədr müavini doktor Arşi Qızılbaşla da söhbət etmək imkanımız oldu. Məlumat üçün
bildirək ki, Arşi Qızılbaş
Harvard Universitetinin məzunudur.
Hazırda Amerikanın
məşhur "Delta Hels"
tibb şirkətinin Kanadanın Toronto şəhərində
təmsilçisi olaraq
baş direktor vəzifəsində çalışır.
Arşi bəy dedi ki, soyadından
da göründüyü
kimi, Qızılbaş
nəslindən, məşhur
Şeyx Əliqulu xan Ovşarın səcərəsindəndir. "İki il əvvəl
də Azərbaycanda olmuşam. Sonralar dəfələrlə işlə
əlaqədar Bakıya
gəlmişəm. Azərbaycan
mənim vətənimdir.
Yaşadığım və
işlədiyim şəhərdə
Azərbaycan diasporunun
bütün tədbirlərində
fəal iştirak edir, eləcə də Kanadada fəaliyyət göstərən
"Azərbaycan evi"
ilə də əməkdaşlıq edirəm.
Qeyd etmək istəyirəm ki, konfransdan sonra Şuşaya da səfərimiz oldu. Bu, mənim Şuşaya üçüncü səfərim
idi. İlk dəfə iki il bundan əvvəl
orada keçirilən
Dünya azərbaycanlılarının
qurultayında iştirak
etmişdim. Bu gözəl məkana hər səfərimdə
qəribə hisslər
keçirirəm. Nədənsə
mənə elə gəlir ki, Şuşaya avtomobillə
yox, at belində,
ulu babam Əliqulu xanla birlikdə gedirəm. Qəribədir, hər səfərimdə də ulu babamın ruhunu öz canımda hiss edirəm. Şübhəsiz
ki, Şuşa bir qəhrəmanlıq şəhəri, zəngin
tarixi keçmişin,
müasir hərb tarixinin şanlı səhifəsinin yazıldığı
bir məkan olduğu üçün
canında vətən
sevgisi, ruhunda tarixinə bağlılıq
varsa, bu ad çəkiləndə
qan qaynamalıdır".
Arşi bəy
dedi ki, Azərbaycanımızın böyük
qələbəsindən sonra
dünyada artan nüfuzu, şübhəsiz
ki, təşkilatımızın
da fəaliyyətinə
ciddi təsir göstərib: "Məqsədimiz təşkilatı
daha da inkişaf
etdirmək, BMT və
UNESCO tərəfindən dünya
irsini qoruyan bir qurum kimi
tanınmasına nail olmaqdır".
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.11.