"Azərbaycana
beynəlxalq aləmdə olan hörmət günbəgün
artır"
COP29-un
gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə
keçirilib
Dekabrın
15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının - COP29-un gələn il ölkəmizdə
keçirilməsi ilə əlaqədar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
müşavirə keçirilib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
müşavirədə çıxış etdi.
Prezident İlham
Əliyevin çıxışı
- Bir neçə
gün bundan əvvəl ölkəmiz
növbəti böyük
uğura imza atmışdır, COP29 beynəlxalq
konfrans Azərbaycanda,
Bakıda keçiriləcək.
Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti
dəfə böyük
etimad və böyük hörmət göstərilmişdir. Biz
buna layiqik, biz apardığımız
siyasət nəticəsində
dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır
və biz bu hörməti öz əməlimizlə,
işimizlə, siyasətimizlə
qazanmışıq. Bizim
müstəqil siyasətimiz,
prinsipial mövqeyimiz,
beynəlxalq hüquqa
bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə
ərazisində suverenliyin
bərpa edilməsi bizə olan hörməti daha da artırdı.
Bu hadisənin önəmi, o cümlədən
ondadır ki, bu qərar antiterror
əməliyyatından iki
ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi
beynəlxalq aləmin
hər bir üzvünün razılığı
ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe
bir daha özünü göstərdi.
Düzdür, antiterror
əməliyyatından sonra
bəzi Qərb ölkələri Azərbaycana
əsassız ittihamlar
irəli sürmüşdür.
Bizə qarşı irəli sürülmüş
bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan
öz suveren ərazisində separatçılığa
qarşı, işğalçılara
qarşı antiterror əməliyyatı keçirərək
beynəlxalq hüququn
aliliyini özü bir daha təmin
etmişdir və eyni zamanda, bütün
humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların
arasında təbii ki, ənənəvi olaraq Fransa bununla
barışmaq fikrində
deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və
COP29 konfransının keçirilməsi
bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən
daha çox erməni olmağa çalışırlar. Ancaq
onlar da bu vəziyyətlə barışmağa məcbur
olacaqlar.
Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə
təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün
ölkələridir və
bu ölkələr yekdilliklə Azərbaycana
öz böyük dəstəyini göstərmişdir.
Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd
il ərzində uğurla sədrlik edirik və burada da bizim
sədrliyimiz 120 ölkənin
dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır.
Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi
Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir.
İrimiqyaslı beynəlxalq
tədbirlərin keçirilməsi
təbii ki, üzərimizə böyük
məsuliyyət qoyur.
Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik.
Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə
keçirmişik. Onu
da hər kəs bilir ki, bu mötəbər
beynəlxalq tədbir
ikinci dəfə Bakı şəhərində
keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının
paytaxtı olan Bakıda, bu il isə müstəqil
Azərbaycanın paytaxtı
olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər
keçirilmiş tədbirlərlə
müqayisəyə gəlmir.
Hətta Avropa Oyunlarını xatırlasaq,
o vaxt 5 min idmançı və onları müşayiət
edən təqribən
3 min qonaq gəlmişdir. Ancaq
COP29-da 10 minlərlə xarici
nümayəndə ölkəmizə
gələcək, iki
həftə ərzində
Bakı dünyanın
mərkəzi olacaq. Müəyyən ehtimallara
görə, təqribən
70-80 min xarici qonaq bu müddət
ərzində ölkəmizdə
olacaq.
Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən
biridir. Ölkələrin
təmsilçiliyi nöqteyi-nəzərindən
BMT Baş Assambleyasından
geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq
işlərinə start
verməliyik. Bizim vaxtımız o qədər
də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə
mən hesab etdim ki, birinci
müşavirəni öz
sədrliyimlə keçirim,
bütün lazımi
tapşırıqları verim.
Bu tapşırıqların
yerinə yetirilməsi
barədə müntəzəm
olaraq mənə məlumat veriləcək.
Mən şübhə
etmirəm ki, COP29 beynəlxalq konfransını
da biz yüksək
səviyyədə keçirəcəyik,
bu, ölkəmizin, xalqımızın növbəti
böyük uğuru olacaq. Eyni zamanda,
Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və
dünyada hər kəs bir daha
görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır.
Yaşıl enerji növlərinin yaradılması
və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha
görəcək.
Azərbaycan.-2023.-
16 dekabr, № 275.- S.1-2.