Xalq şanlı zəfərin
memarına alternativ görmür
Müstəqil Azərbaycanın
tarixində ilk dəfə olaraq fevralın 7-də bütün
ölkə ərazisində
prezident seçkiləri
keçiriləcək. Seçki
Məcəlləsinə əsasən,
Azərbaycan Respublikası
Prezidentinin növbədənkənar
prezident seçkilərini
elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə
seçkilər Mərkəzi
Seçki Komissiyası
tərəfindən çərşənbə
gününə təyin
edilir və 60 gün müddətində
keçirilir. Həmin
müddətdə Seçki
Məcəlləsinə əsasən,
bütün namizədlər
bərabər hüquqa
malikdirlər və bərabər öhdəliklər
daşıyırlar, namizədlərin
hamısına seçkiqabağı
fəaliyyət üçün
bərabər şərait
təmin edilir, o cümlədən təşviqat
aparılması üçün
mediadan bərabər istifadə şərtləri
müəyyənləşdirilir.
Artıq Mərkəzi
Seçki Komissiyası
seçkilərin keçirilməsi
üçün qanunvericilikdə
nəzərdə tutulmuş
əsas hərəkət
və tədbirlərin
müəyyən edilmiş
qaydada və müddətdə reallaşdırılması
üçün Təqvim
Planını təsdiq
edib. Bu, 1993-cü ildən ötən 30 ildə Azərbaycanda demokratik şəkildə
baş tutacaq 7-ci prezident seçkisi olacaq.
Ümumiyyətlə, növbədənkənar seçkilərin
keçirilməsi dünyada
qəbul olunmuş siyasi təcrübədir.
Növbəti seçkilər
bəzi hallarda müəyyən səbəblərdən
təxirə salınır,
bəzi hallarda isə vaxtından əvvəl keçirilir.
Seçkilər növbədənkənar
keçiriləndə, sadəcə,
seçicilər öz
siyasi iradələrini
vaxtından əvvəl
ifadə edirlər. Bunun üçün bütün siyasi partiyalara və namizədlərə bərabər
imkanlar yaradılır.
Üzvlərinin sayı
ilə bağlı dövlət reyestrinə yeni alınmış 26 siyasi partiya və müstəqil namizədlər üçün
ölkə Konstitusiyasında
və Seçki Məcəlləsində bütün
bərabər imkanlar var. Bu yanaşma
ölkədə ədalətli
rəqabət mühitinin
təmin edildiyinin bariz nümunəsidir. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün
seçkilərin keçirilməsi
faktı universal fürsətdir. Bu mənada seçkilərin
keçirilməsi ilə
bağlı olan istənilən narazılıq
yalnız qərəzli
mövqeyin və məhdud potensialın təcəssümü kimi
dəyərləndirilməlidir. Hər bir özünə
güvənən namizəd
bu hüquqdan sərbəst şəkildə
istifadə edə bilər.
Fevralın 7-nə təyin
edilmiş prezident seçkiləri müasir
Azərbaycanın tarixində
əvvəlki seçkilərdən
mahiyyətinə və
məzmununa görə
çox fərqli olacaq. Bu hadisə
müstəqil və suveren dövlətçilik
prinsiplərinin məntiqinə
və fəlsəfəsinə
tam uyğundur. Təbii ki, əvvəlki hər bir seçkinin müstəqillik tariximizdə
öz önəmi var. Hər seçki
ilə, xüsusilə
son 25-30 ildə dövlətimizin inkişafında
yeni mərhələnin
və səhifənin
açıldığı mübahisəsizdir. Bu seçkilər isə Azərbaycanın tam yeni bir sima
ilə qatılacağı
və özünü
dünyaya yeni imiclə nümayiş etdirəcəyi hadisə olacaq.
Bütövlükdə seçki dövlət hakimiyyəti orqanlarının
Azərbaycan vətəndaşları
tərəfindən formalaşdırılması
üçün yeganə
legitim vasitə olmaqla yanaşı, həm də yeni başlanğıclara
körpü salan stimulverici amildir. Prezident seçkiləri həm də milli iradənin təntənəsi, Azərbaycan
xalqının vahid mövqeyinin və gələcəyə baxış
bucağının ifadəsi
üçün vasitədir.
Növbəti prezident
seçkisinin çağdaş
Azərbaycanın tarixində
mühüm rol oynayacağına, qarşıda
dayanan milli hədəflərimizə çatmaq
üçün yeni bir başlanğıca çevriləcəyinə şübhə
yoxdur.
2018-ci ilin də
prezident seçkiləri
növbədənkənar keçirilmişdi.
Həmin seçkilərdən
sonra Azərbaycan yüksək uğurlara imza atdı. Ən böyük uğur isə əlbəttə ki, torpaqlarımızın işğaldan
azad edilməsi, bütün ərazilərimiz
üzərində milli
suverenliyimizin təmin
olunmasıdır. Hələ
2003-cü ildə andiçmə
mərasimində Prezident
İlham Əliyev bununla bağlı demişdi: "Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları
işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır,
ölkəmizin ərazi
bütövlüyü bərpa
edilməlidir. Azərbaycan
heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal
altında qalması ilə barışmayacaqdır.
Hamı bilməlidir ki, sülh tərəfdarı
olmağımıza baxmayaraq,
müharibənin yenidən
başlanmamasını və
bu məsələnin
sülh yolu ilə həllini istəməyimizə baxmayaraq,
bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin
bahasına olursa-olsun,
azad edəcəkdir".
2020-ci ilin Vətən
müharibəsində torpaqlarımızın
işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında isə Qarabağda erməni separatizminə son qoyulması cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin
ən mühüm hadisələridir. Bu qələbələr son
bir neçə əsrlik tariximizin ən böyük uğurları, dövlətçiliyimizin
şərəf salnamələridir.
Ona görə bu seçki də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi tarixə düşəcək.
Dekabrın 15-də Qafqazın
ən böyük siyasi təşkilatı olan, sıralarında
720,830 nəfəri birləşdirən
Yeni Azərbaycan Partiyası (YAP) İdarə
Heyətinin genişləndirilmiş
iclası keçirilib
və İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə
qərar qəbul edilib. İclasda həmçinin YAP sədrinin
müavini - Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov prezidentliyə
namizədin səlahiyyətli
nümayəndələri təyin
ediliblər. Eləcə
də Yeni Azərbaycan Partiyasının
Mərkəzi Seçki
Qərargahı yaradılıb.
Əli Əhmədov
bildirib bu, təkcə YAP-ın deyil, Azərbaycan xalqının qərarı
olacaq. Həqiqətən
də İlham Əliyevin prezidentliyə namizədliyi həm də xalqın qərarıdır. Bu, torpaqlarımızı düşməndən
xilas edərək ərazi bütövlüyümüzü
və suverenliyimizi tam bərpa edən, ölkəmizi qlobal aləmdə şöhrətləndirən, bir sözlə, Azərbaycanın bu gününü və sabahını işıqlandıran
İlham Əliyevin haqqıdır. Ən əsası da odur ki, İlham
Əliyevin 20 illik fəaliyyət dövrü
çoxəsrlik dövlətçilik
tariximizə bənzəri
olmayan dövr kimi yazıldı. Bu illər Azərbaycan
xalqının həyatında
silsilə qələbələr,
misli görünməmiş
yüksəliş və
tərəqqi dövrü
kimi xarakterizə olunur. Məhz İlham Əliyev 200 illik erməni xülyasını birdəfəlik
məhv edərək adını tarixə Müzəffər Sərkərdə
kimi yazdırdı. Şanlı zəfər Cənubi Qafqazda yeni reallıqlar yaratdı və bu, xalqımızın və dövlətimizin qarşısında yeni üfüqlər açdı.
Əlbəttə ki, bütün bunlar zəfərimizi, uğurlarımızı
həzm edə bilməyən qüvvələri
3 ildir ciddi narahat edir. Onlar
hər fürsətdə
Azərbaycana zərbə
vurmağa can atırlar. Məhz bölgədə müstəqil
siyasət yürüdən
ölkəmizin uğurlarını
qəbul edə bilməyən qərəzli
dövlətlərin təxribatlarının
qarşısını almaq
üçün siyasi
sistemin gücləndirilməsi
olduqca vacib və strateji əhəmiyyət kəsb
edir. Prezident seçkilərində xalqın
seçimi də bütün bədxah qüvvələrə mesaj
olacaq - Azərbaycanda xalq-prezident birliyini heç bir qüvvə sarsıda bilməz!
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
16 dekabr, № 275.- S.6.