YAP-ın namizədi
xalqın namizədidir
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin
dünən keçirilmiş genişləndirilmiş
iclasında ölkə Prezidenti, partiyamızın Sədri
İlham Əliyevin növbədənkənar prezident
seçkilərində namizədliyinin irəli sürülməsi
ictimaiyyət tərəfindən dərin razılıq və
sevinclə qarşılanmışdır. Çünki cənab
İlham Əliyev yalnız sıralarında 720 min nəfərdən
çox üzvü birləşdirən YAP-ın deyil,
bütün xalqımızın namizədidir. Buna görə
YAP İdarə Heyətinin qərarı yüksək
siyasi-ictimai dəyərə və ehtirama layiqdir.
Qarşıdan növbədənkənar prezident
seçkiləri gəlir. Prezident İlham Əliyevin sərəncamı
ilə növbədənkənar prezident seçkiləri
2024-cü il fevralın 7-nə təyin edilib. Mərkəzi
Seçki Komissiyası tərəfindən də seçkilərin
keçirilməsi üçün qanunvericilikdə nəzərdə
tutulmuş əsas hərəkət və tədbirlərin
müəyyən edilmiş qaydada və müddətdə
reallaşdırılması üçün Təqvim
Planı təsdiq olunub. Bu, xalqımızın Ulu Öndəri
Heydər Əliyevin ilk dəfə Prezident seçildiyi
1993-cü ildən bəri Azərbaycanda demokratik şəraitdə
keçiriləcək sayca 7-ci prezident seçkisi olacaq.
Seçkilərin növbədənkənar
keçirilməsinə gəldikdə isə, bu, bütün
dünyada qəbul olunmuş siyasi təcrübədir. Belə
ki, seçkilər bəzi hallarda müəyyən səbəblərdən
təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl
keçirilir. Seçkilər növbədənkənar
keçiriləndə sadəcə seçicilər öz
siyasi iradələrini vaxtından əvvəl ifadə edirlər.
Azərbaycanın Seçki Məcəlləsi növbəti
prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar
prezident seçkilərinin keçirilməsi arasında hər
hansı prosedur, yaxud müddət fərqi müəyyən
etmir.
Böyük qürur hissi ilə qeyd etmək istərdim
ki, sıralarında təmsil olunduğum YAP-ın İdarə
Heyətinin respublikamızın siyasi həyatında
böyük hadisə kimi dəyərləndirilən
genişləndirilmiş iclasında Prezident İlham
Əliyevin namizədliyinin irəli sürülməsi
xalqımızın iradəsini ifadə edən tarixi qərardır.
Xalqımızın bu siyasi qərar ətrafında səfərbər
olmasının təməlində ötən 20 ildə
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
keçdiyi inkişaf yolu, qazandığımız möhtəşəm
nailiyyətlər və Heydər Əliyev siyasi kursuna olan
böyük inam dayanır.
20 il əvvəl, 2003-cü ilin prezident seçkilərində
xalqımız ilk dəfə cənab İlham Əliyevə
etimad göstərməklə inkişafa, quruculuğa,
qüdrətli dövlətçiliyə səs vermişdi. Həmin
vaxtdan ötən hər bir ilin yekunu Prezident İlham
Əliyevin fəaliyyətinin uğurlu hesabatı kimi tariximizə
həkk olunub. Hələ ilk dəfə Prezident seçilərkən
andiçmə mərasimində cənab İlham Əliyevin
Azərbaycanın gələcəyi və perspektiv planlarla
bağlı söylədiyi fikirlər həyatda öz təcəssümünü
tapıb. Dövlət başçısının verdiyi
bütün sözlər həyata vəsiqə alıb.
20 ildə Azərbaycan böyük yüksəliş
yolu keçib, modern dövlətə çevrilib,
dünyanın həsəd apardığı inkişaf
nümunələrinə imza atıb. Mühüm enerji və
nəqliyyat layihələrini həyata keçirən, regionun
tranzit-logistik qovşağına çevrilən, kosmik kluba
daxil olan Azərbaycan əldə etdiyi bu kimi hazırda regionun
aparıcı dövləti, dünyada isə söz sahibidir və
beynəlxalq mövqelərimiz əhəmiyyətli dərəcədə
güclənib. 20 ildə Azərbaycan iqtisadiyyatının
bütün sahələri, o cümlədən
regionlarının iqtisadi potensialı hərəkətə gətirilib,
aparılan quruculuq işləri nəticəsində şəhər
və rayonlarımızın siması dəyişib, ölkə
vətəndaşlarının sosial rifahı əhəmiyyətli dərəcədə
yüksəlib, neftdən gələn gəlir insan
kapitalının inkişafına yol açıb. 20 ildə Azərbaycanda
ümumi daxili məhsul 6,2 milyard manatdan 78,7 milyard dollara
çatıb. ÜDM-in real həcmi isə 4 dəfə
artıb.
Bütün
bunlar Prezident İlham Əliyevin inkişaf
konsepsiyasının nə qədər düzgün və səmərəli
olduğunu göstərir. Bu, inkişafın Azərbaycan
modelinin mükəmməl təqdimatıdır.
Prezident İlham
Əliyevin ölkəmizə rəhbərliyinin ən möhtəşəm
və tarixi hadisələri Vətən müharibəsində
torpaqlarımızın işğaldan azad olunması,
2023-cü ilin sentyabrında isə Qarabağda milli
suverenliyimizin təmin edilməsidir. Ümumiyyətlə,
2003-cü ildə Prezident səlahiyyətlərinin icrasına
başladığı ilk gündən cənab İlham
Əliyev Qarabağ məsələsində qətiyyətli və
Azərbaycanın milli maraqlarını rəhbər tutan siyasət
yürüdüb. Dövlətimizin başçısı
ölkəmizin mənafelərinə zidd olan heç bir təşəbbüsü
və təklifi qəbul etməyib, heç yaxına
buraxmayıb.
Prezident İlham
Əliyev sülh danışıqlarına sadiq olmaqla
yanaşı, torpaqlarımızın müharibə yolu ilə
işğaldan azad edilməsi imkanlarını da diqqət mərkəzində
saxlayıb. Bu məqsədlə cənab Prezidentin xüsusi
diqqəti və təşəbbüsləri ilə Azərbaycan
Silahlı Qüvvələrinin döyüş imkanları ən
müasir tələblər səviyyəsinə
çatdırılıb. Və bu ordu 44 günlük Vətən
müharibəsində İlham Əliyevin Ali Baş
Komandanlığı ilə öz tarixi vəzifəsini
layiqincə yerinə yetirərək torpaqlarımızı
işğaldan azad etdi.
2023-cü ilin
sentyabr ayında Prezident İlham Əliyev dövlətçiliyimizi
şərəfləndirən növbəti tarixi uğura
müəlliflik etdi. Dövlətimizin
başçısının qətiyyəti, ordumuzun qəhrəmanlığı
ilə Qarabağdakı erməni
separatçılığı darmadağın edildi. Bununla
da Prezident İlham Əliyev Azərbaycan torpaqlarında ikinci
erməni dövləti yaratmaq kimi mənfur ideyanı tarixdən
birdəfəlik sildi.
Bu xüsusda onu
qeyd etmək yerinə düşər ki, qarşıdan gələn
prezident seçkiləri Azərbaycanın müstəqillik
tarixində ilk dəfə olaraq bütün
torpaqlarımızın işğaldan azad edildiyi tarixi şəraitdə
keçiriləcək. Bu faktın özü Prezident İlham
Əliyevin Azərbaycana uğurlu rəhbərliyinin olduqca
mühüm göstəricilərindən biridir.
Prezident İlham
Əliyevin ötən 20 ildəki fəaliyyətinin daha bir
şərəfli səhifəsi isə Vətən müharibəsindən
ötən müddət ərzində işğaldan azad
olunmuş ərazilərin bərpasıdır. Ötən 3
ildə bu istiqamətdə görülən işlərin
sürəti və miqyası Prezident İlham Əliyevin vətən
sevgisindən, milli təəssübkeşliyindən, qətiyyətindən
və siyasi iradəsindən xəbər verir.
Dövlətimizin
qarşısında yeni hədəflər dayanır.
Qarabağ və Şərqi Zəngəzurun bərpasının
sürətlə davam etdirilməsi, keçmiş məcburi
köçkünlərin öz doğma yurdlarına
dönüşü, iqtisadi inkişafın
davamlılığı, dinamik və inklüziv cəmiyyətə
nail olmaq, insan kapitalının inkişafı kimi məsələlər
qarşıda dayanan milli vəzifələrdir.
Azərbaycan
xalqı növbəti prezident seçkilərinə ötən
20 ilin möhtəşəm uğurları və
qarşıda duran milli priorietlərlə gedir. Seçkilərin
nəticəsini də bu uğurlar və bütövlükdə
ötən 20 ilin reallıqları müəyyən edəcək.
Ona görə əminliklə deyə bilərik ki, ötən
prezident seçkilərində olduğu kimi, bu dəfə də
vətəndaşlarımız öz müdrik seçimlərini
edərək Azərbaycanın inkişafını, yüksəlişini
təmin edən, bizi dünyada qalib xalq və dövlət
kimi tanıdan siyasətə səs verəcəklər. Cənab
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
qarşıdakı illərdə də hərtərəfli
inkişaf edəcək və inamla öz hədəflərinə
çatacaq.
Cəbi
QULİYEV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2023.-
16 dekabr, № 275.- S.7.