Milli
Məclisin sədri Mərakeş Krallığının
Xarici işlər, Afrika ilə əməkdaşlıq və
xaricdəki mərakeşlilərlə
iş üzrə naziri ilə görüşüb
Milli Məclisin
sədri Sahibə Qafarova dekabrın 15-də
Mərakeş Krallığına
rəsmi səfəri
çərçivəsində bu ölkənin Xarici işlər, Afrika ilə əməkdaşlıq və
xaricdəki mərakeşlilərlə
iş üzrə naziri Naser Burita
ilə görüşüb.
Parlamentdən
verilən məlumata görə, nazir Naser Burita Azərbaycanın
Mərakeş üçün qardaş ölkə
olduğunu söyləyərək, ölkələrimiz
arasında əlaqələrin dinamik inkişaf etdiyini bildirib.
Onun sözlərinə
görə, həm Mərakeş, həm də Azərbaycan
öz regionlarının mühüm aktorlarıdır və
Mərakeş Azərbaycanı regionda mühüm tərəfdaş
kimi görür.
Görüşdə
ölkələrimizin ərazi bütövlüyü və
suverenlik məsələlərində hər zaman bir-birinə
qarşılıqlı dəstək verdiyi qeyd edilib. Nazir Naser Burita
Azərbaycanın öz
ərazi bütövlüyünü
və suverenliyini təmin etməsi münasibətilə təbriklərini
çatdırıb.
Milli Məclisin
sədri Sahibə Qafarova xalqlarımızın oxşar dəyərləri
bölüşdüyünü qeyd edərək, Azərbaycan
və Mərakeşin qardaş ölkələr olması
fikrini təsdiqləyib və bu qardaşlığın hərtərəfli
tərəfdaşlığa doğru inkişaf etdirilməsinin
əhəmiyyətini vurğulayıb.
Nazir Naser
Burita deyib ki, gələn il Ulu Öndər Heydər
Əliyevin Mərakeş Krallığına səfəri və
Mərakeş Kralı mərhum II Həsənlə
görüşünün 30-cu ildönümü tamam olur. O,
bu əlamətdar tarixi hadisə ilə əlaqədar Azərbaycan-Mərakeş əlaqələrini
gücləndirmək, münasibətlərimizi
qardaşlıqdan tərəfdaşlığa
çevirmək niyyətini
ifadə edib.
Görüşdə Nazir Naser Burita
Azərbaycanın Qoşulmama
Hərəkatına uğurlu
sədrliyini qeyd edib. Spiker Sahibə
Qafarova isə ölkəmizin Hərəkatın
sədri kimi qlobal təşəbbüsləri
haqqında məlumat verib. O, Mərakeş parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə
yaradılmış Qoşulmama
Hərəkatının Parlament
Şəbəkəsinin işində
fəal iştirakını
vurğulayıb.
Milli Məclisin
sədri Sahibə Qafarova Azərbaycan parlamentinin rəhbəri kimi Mərakeş Krallığına bu ilk rəsmi səfəri çərçivəsində
keçirdiyi görüşlər
və apardığı
müzakirələr barədə
məlumat verib. Ali qanunvericilik orqanlarımız arasında
əlaqələrin daha
da inkişafı, parlamentlərimizin komitələri,
dostluq qrupları arasında əməkdaşlığın
daha da genişləndirilməsinin
zəruriliyi bildirilib.
Ölkələrimiz arasında münasibətlərin
hazırkı səviyyəsi
barədə fikirlərini
bölüşən spiker
Sahibə Qafarova deyib ki, iqtisadi
əlaqələr ölkələr
arasında ikitərəfli
münasibətlərin əsas
komponentlərindən biridir.
Bu mənada, Hökumətlərarası Komissiyanın
fəaliyyətinin əhəmiyyətinə
toxunulub.
Milli Məclisin
sədri ikitərəfli
əlaqələrdə müqavilə-hüquq
bazasının genişləndirilməsinin
önəmini qeyd edib. O, ölkələrimiz
arasında bir sıra sahələrdə
əlaqələrin inkişafı
ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı
insanlar arasında təmasların sıxlaşdırılması,
turizm sahəsində və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi yolları
müzakirə olunub. Həmçinin, enerji sahəsində əməkdaşlığın
gələcək perspektivləri
haqqında da fikir mübadiləsi aparılıb və nəqliyyat sahəsində
əməkdaşlığın inkişafı məsələlərinə
də diqqət çəkilib.
Görüşdə
Milli Məclisin sədri postmünaqişə dövründə
regionda mövcud olan vəziyyət, işğaldan azad
olunmuş ərazilərimizdə həyata keçirilən
yenidənqurma və bərpa işləri, həmçinin
ölkəmizin sülh təşəbbüsləri, son
dövrlərdə Azərbaycan və Ermənistan arasında
həyata keçirilən etimad tədbirləri barədə
də məlumat verib.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.-
16 dekabr, № 275.- S.3.