Prezident seçkiləri
yeni reallıqlardan irəli
gəlir
"Azərbaycanın öz ərazilərini işğaldan
azad etməsi dövlətimizin gücünü
bütün dünyaya
nümayiş etdirdi.
Beynəlxalq birlik şahid oldu ki, güclü iqtisadiyyata, hərbi
potensiala, siyasi-diplomatik imkanlara, müsbət beynəlxalq imicə
malik olan Azərbaycan istənilən strateji hədəfi
vaxtında və dəqiq yerinə yetirmək əzmindədir".
Bu sözləri
"Azərbaycan" qəzetinə açıqlamasında
Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədr
müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki,
postmüharibə dövrü də bu gerçəkliyi ifadə
edir və Azərbaycan yeni mərhələdə
qarşıda duran milli məqsədləri
reallaşdırmaqdadır. Bu baxımdan, yeni reallıqlar
fonunda dövlətimiz mühüm və daha uğurlu gələcəyə
hesablanmış addımlar atır.
Onun sözlərinə
görə, ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və
regionda yeni reallıqlar yaranıb, ölkəmiz
inkişafının keyfiyyətcə yeni mərhələsinə
daxil olub. Dövlət başçısı İlham
Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il
fevralın 7-də növbədənkənar prezident
seçkilərinin təyin olunması da məhz yeni şərait
və reallıqlardan irəli gəlir. Yaranan reallıqlara
uyğun olaraq çağırışlarımız da dəyişib.
İndiki strateji mərhələdə
inkişafımızın yeni çərçivələrini
müəyyənləşdirməliyik ki, bunlar da növbədənkənar
seçkilərin keçirilməsinin
aktuallığını artırıb. Xüsusilə qeyd etmək
lazımdır ki, müstəqil Azərbaycan tarixində ilk dəfə
olaraq seçkilər bütün ölkə ərazisində
keçiriləcək. Növbədənkənar seçkilər
ərazi bütövlüyümüzün və
suverenliyimizin təsbitidir. Bu seçkilərin Zəfər
seçkiləri də adlandırılması onun önəmindən
xəbər verir.
Deputat qeyd edib ki,
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu siyasətin nəticəsində son
20 ildə Azərbaycan böyük inkişaf yolu keçib,
ölkəmizin qarşısında yeni perspektivlər
açılıb: "Hərtərəfli inkişaf
bütün sahələri əhatə etməklə
yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi
qüdrətinin, bütövlükdə isə milli
gücünün artmasını təmin edib. Bununla
yanaşı, tarazlaşdırılmış və milli
maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi
kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi
olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi
olan Azərbaycan müasir beynəlxalq münasibətlər
sistemində etibarlı tərəfdaş kimi tanınır və
dünyada böyük etimad qazanıb. Bütün bunların
fonunda gələn il fevralın 7-də keçiriləcək
növbədənkənar prezident seçkiləri cənab
İlham Əliyevin özünə inamının, xalqın
siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.
Çünki Prezident İlham Əliyev bu günə qədər
verdiyi hər bir vədi uğurla həyata keçirib".
S.Fətəliyevanın fikrincə, regionda tam
müstəqil bir ölkənin olmasını və Azərbaycanın
qələbəsini həzm edə bilməyən dövlətlərin
təxribatlarının qarşısını almaq
üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət
kəsb edir. Təbii ki, qazanılan bu Zəfər dövlətimizin
milli maraqlarımıza əsaslanan siyasətinin ən parlaq
nümunələrindəndir. Bu Zəfərdən sonra Azərbaycanın
nəinki regionda, o cümlədən beynəlxalq müstəvidə
də mövqeləri əhəmiyyətli dərəcədə
güclənib. Bütövlükdə, Prezident İlham
Əliyevin milli maraqlarımıza uyğun siyasət həyata
keçirməsi dövlətimizin uğurlarını
davamlı olaraq artırır. Şübhəsiz ki,
qarşıdan gələn seçkilər də ölkəmizdə
həyata keçirilən davamlı islahatların nümunəsi
kimi dövlətimizin gücünün daha da artmasını
şərtləndirən amillər sırasında olacaq.
Deputat diqqətə
çatdırıb ki, müxalifətin radikal qanadının
bu seçkilərlə bağlı mövqeyi reallıqdan
tamamilə uzaqdır və ictimai rəyə təsir etmək
imkanında deyil. Çünki müəyyən xarici dairələrin
əlində alət olan bu "siyasətçi"lərin
cəmiyyətdə zərrə qədər də nüfuzu
yoxdur.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
16 dekabr, № 275.- S.6.