Qlobal
və strateji layihələr müəllifi
Azərbaycanın əsası
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş
yeni neft-qaz strategiyası qlobal layihələrlə daha da zənginləşərək
uğurla davam edir. Ölkəmiz son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu sahədə də bir sıra qlobal
və strateji layihələr reallaşdırıb.
Elə bir layihələr ki, onlar Avropanın enerji xəritəsini dəyişdirib.
2005-ci ilin mayında
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan
əsas ixrac neft kəmərinə Səngəçal terminalından
ilk neft vuruldu. Növbəti ilin iyulunda isə
üç ölkənin
- Azərbaycanın, Gürcüstanın
və Türkiyənin
ərazisində 1768 kilometr
məsafə qət edən bu boru
xətti tam sistem kimi istifadəyə
verildi. Prezident İlham Əliyev Ceyhan şəhərində
keçirilən açılış
mərasimində bu hadisənin mühüm əhəmiyyət daşıdığını
qeyd edərək demişdir: "Bu kəmərin fəaliyyətə
başlaması ilə
Azərbaycanın qarşısında
yeni üfüqlər
açılır, yeni
imkanlar açılır.
Azərbaycan iqtisadi cəhətdən çox
zəngin ölkəyə
çevriləcəkdir. Ölkədə
bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir.
Əminəm ki, neftdən əldə olunan gəlirlərdən
istifadə edilməklə
Azərbaycanda bütün
sosial məsələlər
qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya
edəcəkdir".
Belə də oldu. Həm də BTC təkcə Azərbaycanın deyil, bütün regionun sosial-iqtisadi həyatında
önəmli rol oynayan bir amilə
çevrildi. Bu gün BTC regionun neft ixracı arteriyasıdır. İstismara
verildiyi vaxtdan cari il sentyabr
ayının sonunadək
bu boru kəməri
vasitəsilə ümumilikdə
təqribən 554 milyon
ton (4,2 milyard barel) xam neft
nəql edilib və həmin neft həcmləri Ceyhanda 5482 tankerə yüklənərək dünya
bazarlarına göndərilib.
BTC-nin ümumilikdə
4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi bu il yanvarın
18-də qeyd edilib. Cari ilin ilk
üç rübü
ərzində BTC vasitəsilə
ixrac olunmuş təqribən 23 milyon ton (təxminən 171 milyon barel) xam
neft və kondensat Ceyhan terminalında 238 tankerə
yüklənib və dünya bazarlarına yola salınıb. Hazırda BTC əsasən
AÇG nefti və
"Şahdəniz" kondensatı
daşıyır. Bundan
əlavə, kəmərlə
Xəzərin digər
regional xam neft və kondensat
həcmləri (Qazaxıstan
və Türkmənistan)
də nəql olunur.
Ölkəmiz artıq
dünyada qaz ixracatçısı kimi
də tanınır. Xəzərin Azərbaycan
sektorundakı "Şahdəniz"
yatağından çıxarılan
mavi yanacaq 2006-cı ilin sonundan Cənubi
Qafqaz Boru Kəməri ilə Gürcüstana, 2007-ci ilin
ortalarından isə Bakı-Tbilisi-Ərzurum kəməri
ilə Türkiyəyə
ixrac edilir. 2018-ci ildə Azərbaycanın təşəbbüsü və
liderliyi ilə çəkilən "Cənub
qaz dəhlizi"nın
rəsmi açılışı
oldu. Bu gün Azərbaycan Avropanın qaz təchizatında mühüm
rol oynayır. Belə ki, ölkəmiz
qoca qitənin enerji təminatında strateji və etibarlı tərəfdaşa
çevrilib. Enerji əməkdaşlığının yeni mərhələsi üçün 2022-ci ildə
Avropa və digər tərəfdaş
ölkələrlə energetika
sahəsində strateji
əməkdaşlığa dair memorandum və saziş imzalanıb. Həmin sənədlər qaz nəqlinin artırılmasını,
bərpa olunan mənbələrdən elektrik
enerjisinin və maye hidrogenin Avropaya ixracını, habelə ötürmə
üçün infrastrukturun
qurulmasını nəzərdə
tutur.
Azərbaycanın qaz
ixracı coğrafiyası
getdikcə genişlənir.
Bu günlərdə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan
Qaz İnterkonnektorunun
açılışı ilə ixrac marşrutlarımız bir
qədər də şaxələndi. İndi
Azərbaycandan Gürcüstan,
Türkiyə, Yunanıstan,
Bolqarıstan, İtaliya,
Rumıniya ilə yanaşı, Serbiya da qaz alır.
Yaxın zamanlarda bu cərgəyə Macarıstanın, Albaniyanın
və digər ölkələrin də qoşulacağı gözlənilir.
Prezident
İlham Əliyev ötən illər ərzində mükəmməl
beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq
platforması yaradıb.
İndi ölkəmiz
qlobal enerji keçidi çağırışlarına
uyğun olaraq xarici investorlarla əməkdaşlıq çərçivəsində
bərpaolunan enerji mənbələrinin səmərəli
istehsalını təşkil
edir. Birləşmiş
Ərəb Əmirliklərinin
"Masdar" şirkəti
ilə tikilən
"Qaradağ" Günəş-Elektrik
Stansiyası bir neçə ay əvvəl müvəffəqiyyətlə
istifadəyə verilib.
Səudiyyə Ərəbistanı
Krallığının "Acwa Power" şirkəti
ilə külək enerjisinin istehsalı layihəsi uğurla icra edilir. İşğaldan
azad olunmuş Cəbrayıl rayonunda bp şirkəti ilə birlikdə 240 meqavatlıq Günəş
Elektrik Stansiyasının
tikintisi planlaşdırılır.
Digər bir sıra enerji şirkətləri ilə
birgə həm quruda, həm də dənizdə günəş və külək enerjisi istehsalı layihələrinin
icrası nəzərdə
tutulur.
Dövlətimizin başçısı
işğaldan azad olunmuş ərazilərimizi
"yaşıl enerji"
zonası elan edib. Naxçıvan Muxtar Respublikasında da bərpaolunan enerji layihələri həyata keçirmək üçün imkanlar var. Bu baxımdan
Xəzərin küləyi
də çox dəyərlidir. Prezidentimiz
növbəti 5-6 ildə
10 qiqavat həcmində
günəş və
külək enerjisi istehsal etməyin planlaşdırıldığını bildirib. Artıq külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, Azərbaycana yanacaq enerjisindən bərpaolunan
enerjiyə rahat keçid imkanı verəcək. Beləliklə,
Avropadakı istehlakçılar
"yaşıl enerji"
ilə də təmin ediləcək.
Xatırladaq ki,
keçən il dekabrın 17-də Buxarestdə
"Azərbaycan Respublikası,
Gürcüstan, Rumıniya
və Macarıstan hökumətləri arasında
"yaşıl enerji"nin
inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında Saziş"
imzalanıb. Prezidentimizin
sözləri ilə desək, bu, Gürcüstanı, Azərbaycanı,
Rumıniyanı və
Macarıstanı daha sıx bağlayan bir layihə olacaq.
Bununla yanaşı,
ənənəvi enerji
də arxa plana keçmir. Prezident İlham Əliyevin bu sahədəki siyasəti Azərbaycanı regionun ən işıqlı ölkəsinə çevirdi.
Vaxt var idi ki, nəinki
kəndlərimizdə, hətta
şəhərlərimizdə işıq fasilələrlə
verilirdi. 2004-2022-ci illərdə
istismara verilən
60-dan çox yeni elektrik stansiyası yurdumuzu başdan-başa çıraqban edib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal olunur. Bir zamanlar elektrik
enerjisini idxal edən Azərbaycan indi onun ixracatçısıdır.
Qazlaşdırma
bir çox digər ölkələrin
qibtə edəcəyi
səviyyədədir. Qaz
xətləri hətta
sovet dönəmində
mavi yanacaq almayan ən ucqar dağ kəndlərinədək çatıb.
Bütün bu
istiqamətlərdə yeni
addımlar atılır,
yeni layihələr həyata keçirilir və onlar da
öz növbəsində
ölkəmizin sosial-iqtisadi
inkişaf göstəricilərini
yüksəldir.
Flora SADIQLI,
Azərbaycan.-2023.-
16 dekabr, № 275.- S.8.