Fransa
Cenevrə Bəyannaməsinin
tələblərini yerinə
yetirməlidir
BMT-nin Cenevrə
şəhərində yerləşən
Baş Qərargahında
Bakı Təşəbbüs
Qrupunun (BTQ) təşkilatçılığı
ilə keçirilmiş
"Neokolonializm: İnsan
hüquqları, sülh
və təhlükəsizlik" beynəlxalq konfransı və bu konfransda səsləndirilən
fikirlər, edilən çağırışlar, qəbul
olunan bəyannamə dünyanın bütün
KİV-inin diqqət mərkəzindədir. Konfransın
dekabrın 14-də keçirilməsi
təsadüfi deyildi.
Tarixin səhifələrini
vərəqləyəndə görürük ki, BMT Baş Assambleyası 14 dekabr 1960-cı ildə
1514 (XV) saylı qətnamə
üzrə müstəmləkə
ölkələrinə və
xalqlarına müstəqilliyin
verilməsi haqqında
bəyannamə qəbul
edib. Həmin tarix hər il dünyada "dekolonizasiya günü"
kimi qeyd olunur.
Cenevrədə keçirilən
konfransda ABŞ, Böyük
Britaniya, Fransa, Türkiyə, İsveçrə,
Əlcəzair, Pakistan,
Serbiya, Qətər, Seneqal, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, Fransız Qvianası, Yeni Kaledoniya, Korsika, Martinika, Fransız Polineziyası, Valis və Futuna, Solomon adalarından, İslam Əməkdaşlıq
Təşkilatı və
BMT-nin Qadınlara qarşı Zorakılığın
Ləğv edilməsi
üzrə Komitəsindən
50-yə yaxın nümayəndə,
eləcə də insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan
QHT-lərin rəhbərləri,
xarici media təmsilçiləri iştirak
ediblər.
İnsan hüquqlarının
müdafiəçisi, QHT rəhbəri,
Böyük Britaniya vətəndaşı Muhammad
Rabbani bu konfransda iştirak etmək üçün İsveçrəyə gəlsə
də, polis tərəfindən saxlanılıb.
Polis saxlanmanın sifarişinin Fransadan gəldiyini bildirib. Hüquq müdafiəçisi
Rabbaninin özünün
və vəkilinin haqlı tələblərinə
baxmayaraq, İsveçrə
polisi onu buraxmayıb. Məntiqsizliyə
bir bax, özünü azadlıq
carçısı adlandıran
Fransa özü azadlıqdan qorxur. Hüquq müdafiəçisini
həbs etdirir, müxtəlif bəhanələr
gətirərək Azərbaycanı
təmsil edən jurnalisti ölkəsinin ərazisinə buraxmır.
Bax budur, Fransanın iç üzü. Hüquq müdafiəçisindən, jurnalistdən
qorxan bir ölkə indi gəlib Ermənistanı
"müdafiə" etmək
istəyir.
BMT-nin Cenevrə
ofisində Bakı Təşəbbüs Qrupunun
təşkilatçılığı ilə "Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik" mövzusunda
keçirilən beynəlxalq
konfrans 2023-cü il üzrə kolonializmə qarşı mübarizə
aparan və azad olmağa çalışan xalqları
dəstəkləməyə həsr olunmuş IV beynəlxalq tədbir idi. Konfransda çıxış
edən Fransanın keçmiş və indiki koloniyalarından gələn təmsilçilər
rəsmi Parisin bu ölkələrdə hələ də davam etdirdiyi yeni kolonializm siyasətinin ağır fəsadları barədə
iştirakçılara ətraflı məlumat veriblər. Çıxışlarda
xüsusi olaraq vurğulanıb ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, bu ölkələrdə stabilliyin pozulması siyasəti həyata keçirir. Hazırda müstəmləkə altında
saxladığı ölkələrdə
fundamental insan hüquqlarını kobud şəkildə pozur, bu xalqların təbii sərvətlərini
qanunsuz olaraq istismar edir. Təbii ehtiyatları zəngin olan bu ölkələrin xalqları materik Fransasından qat-qat çətin şəraitdə
yaşayır, işsizlik
və yoxsulluq səviyyəsi ən yüksək həddədir.
Fransanın bu ərazilərdə həyata
keçirdiyi nüvə
sınaqları, uranın
zənginləşdirilməsi istiqamətində fəaliyyəti
əhalinin səhhətində
ciddi fəsadlar yaradır. Süni şəkildə yerli xalqların assimilyasiya edilməsi siyasəti və qeyri-qanuni miqrantların bu ərazilərə köçürülməsi
davam etdirilməklə
yerli xalqların müstəqillik uğrunda
mübarizəsinə zərbə
vurmağa səy göstərilir.
Rəsmi Bakı
XXI əsrdə dünyada
kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin
artmasından olduqca narahatdır. Bandunq Konfransından 70 il keçsə də, təəssüf ki, hələ də yer üzündə kolonializmi davam etdirən ölkələr
mövcuddur. Belə ölkələrdən biri
və birincisi özünü dünyaya
azad, demokratik bir ölkə kimi göstərməyə
çalışan Fransadır.
Bəşəriyyətin kolonializm
tarixinin qanlı cinayətlərinin çoxu
məhz Fransa tərəfindən törədilib.
Afrika, Cənub-Şərqi
Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini
talayan, xalqlarını
uzun illər əsarətində saxlayan
Fransa həmin ərazilərdə hərbi
və bəşəriyyət
əleyhinə çoxsaylı
cinayətlər törədib.
Özü də sivil dünyanın gözü qarşısında.
XX əsrdə 30 il
ərzində Fransız
Polineziyasında Fransa
tərəfindən 200-ə yaxın, 6 il ərzində Əlcəzairdə
17 nüvə sınağı
həyata keçirilib.
Həmin nüvə sınaqlarının ağır
fəsadları Polineziya
və Əlcəzair xalqları tərəfindən
bu gün də yaşanmaqdadır. Bir çox təşkilatlar haqlı olaraq tələb edirlər ki, nüvə sınaqlarının
vurduğu ziyan qiymətləndirilməli və
Fransa tərəfindən
müvafiq təzminatlar
ödənilməlidir. Əlcəzairin
132 il davam edən işğalı dövründə 1,5 milyondan
artıq insan Fransa dövləti tərəfindən qətlə
yetirilib. Buna görə ölkə
"1,5 milyon şəhid
ölkəsi" adlandırılır.
Fransız ordusunun zaman-zaman törətdiyi qətliamların ağrı-acılarını
Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya,
Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də hiss etməkdədir.
Fransa həm də dünyada ən çox mina istifadə edən ölkədir. Fransız hərbçilər
Əlcəzair ərazisində
5 milyondan artıq mina basdırmışdılar.
Buna görə də Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından
ən çox əziyyət çəkən
ölkələr sırasındadır.
Bu qara siyahıda
Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan
gəlir. Ermənistanın
Azərbaycan ərazilərində
basdırdığı minalar
nəticəsində təkcə
son 3 ildə 340-a yaxın Azərbaycan vətəndaşı həyati
zərbə alıb. Bu iki ölkəni
bir-birinə belə sıx bağlayan səbəblərdən biri
də hər ikisinin mina terrorçusu
olmasıdır. Fransa
Ermənistanın, Ermənistan
da Fransanın təcrübəsini öyrənir.
BMT-nin Cenevrə
ofisində "Neokolonializm:
İnsan hüquqları,
sülh və təhlükəsizlik" mövzusunda
keçirilən beynəlxalq
konfransın sonunda yekun bəyannamə qəbul olunub. Bəyannamədə Fransanın
illərdən bəri
müxtəlif ölkələrdə
davam etdirdiyi neokolonializm siyasəti qətiyyətlə pislənilib.
Cenevrədə keçirilən
toplantının
iştirakçıları gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyası
- COP29-a Azərbaycanın evsahibliyi
etmək missiyasını
da dəstəkləyiblər.
Bu uğura görə Azərbaycan xalqını təbrik ediblər. Onlar əminliklə qeyd ediblər ki, Azərbaycan bu qlobal miqyaslı və planetimizin gələcəyi üçün
vacib olan hadisə çərçivəsində
həm qlobal istiləşmə, həm
də müstəmləkəsizləşdirmə
çağırışlarını nəzərə alacaq.
"Neokolonializm: İnsan
hüquqları, sülh
və təhlükəsizlik"
mövzusunda keçirilən
konfransın iştirakçıları
BMT-nin bu şəhərdəki ofisi
qarşısında dinc
aksiya keçiriblər. Onlar Fransa müstəmləkəçiliyinə
son qoymaq uğrunda apardıqları
mübarizələrini axıra
qədər qətiyyətlə
davam etdirəcəklərini
bəyan ediblər.
Konfrans iştirakçıları
onlara göstərdiyi
dəstəyə və
diqqətə görə
Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də Bakı Təşəbbüs
Qrupunun üzvlərinə
minnətdarlıqlarını ifadə ediblər
Fransa beynəlxalq
konfransda qəbul olunan bəyənnamədən
irəli gələn haqlı tələblərdən
və səsləndirilən
dəyərli fikirlərdən
ibrət dərsi götürməli, insanlığa
zidd olan çirkin əməl və hərəkətlərdən
əl çəkməlidir.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2023.-
16 dekabr, № 275.- S.9.