Qərb Paşinyanı "ofsayd"a sala bilər

 

 

Hayastanda siyasi müstəvidə müşahidə edilən qütbləşmə getdikcə dərinləşməkdə, bu kontekstdə iqtidar və müxalifət arasında münasibətlər tam antoqonist xarakter almaqdadır. Tərəflərin bir-birilərinə qarşı gözdənsalma kampaniyasını genişləndirmələri vəziyyəti daha kritik həddə çatdırmaqdadır. Bütün bunların fonunda Moskva ilə İrəvan arasında vəziyyətin kəskinləşməsi açıq şəkildə müşahidə olunmaqdadır. Yəni artıq Hayastanda çox ciddi anti-Rusiya ab-havası hökm sürür.

İrəvan düşdüyü vəziyyətə görə bir çox xarici dövlətləri, o cümlədən də əsas müttəfiqi olan Rusiyanı ittiham edir. Elə buna görədir ki, bütün istiqamətlərdə Rusiyanın maraqlarına uyğun gəlməyən addımlar atır.

Göründüyü qədərilə rəsmi İrəvan hərbi müttəfiqi Rusiyaya qarşı çıxaraq Qərbin verdiyi vədlərə güvənir. Hər halda, Paşinyan hakimiyyətinin nümayiş etdirdiyi xarici siyasətlə konkret seçim etdiyi görünür, Rusiyanın xeyrinə olmayan bu istiqamətdə israrlı davranmağa çalışır. Elə bunun nəticəsidir ki, Qərb Hayastandan növbədənkənar parlament seçkiləri keçirməyi tələb edir.

Hayastanda isə deyilir ki, erkən parlament seçkisi hazırkı baş nazir Nikol Paşinyan üçün sürpriz ola bilər. Siyasi strateq Karen Koçaryan növbədənkənar seçkinin Paşinyana Qərb məsləhətçiləri tərəfindən tövsiyə olunduğunu şərh edərkən deyib ki, parlament müxalifətini əvəzləmək cəhdində Nikol özünün dəyişdirilməsi faktı ilə üzləşə bilər. Qərb tamamilə fərqli bir namizədi - daha adekvat və daha az güzəştə gedən birini dəstəkləyə bilər: "Məsələn, onlar Ermənistan Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qriqoryanı seçə bilərlər. Qriqoryan demək olar ki, bütün vacib görüşlərə ilk növbədə özü gedir. Xarici işlər naziri Ararat Mirzoyan daha çox protokol işlərinə cavabdeh olan rəislərə oxşayır. Digər bütün əsas fiqurlarla görüşlərə Qriqoryan gedir. Söhbət Qriqoryanın ilk növbədə görüşdüyü dövlət katiblərindən və xarici işlər nazirlərindən gedir. Bu, Paşinyanın Mirzoyana güvənməməsinin nəticəsi deyil, Qərbin kiminlə işləmək istədiyinin sübutudur".

Karen Koçaryan qeyd edib ki, hazırkı şərtlərdə Paşinyanı seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil. Çünki hakim qüvvə çox tez bir zamanda seçkini saxtalaşdırmaq üçün bütün mexanizmləri təkmilləşdirib. Növbədənkənar seçki İrəvan Ağsaqqallar Şurasına seçkidə olduğu kimi, parlament müxalifətinin dəyişməsinə, anti-Rusiya qüvvələrinin təsirinin artmasına səbəb ola bilər. Hayastanda anti-Rusiya əhvali-ruhiyyəsi bu gün tarixi maksimuma çatıb. Rusiyanın reytinqi Paşinyanın reytinqindən də sürətlə düşür. Bu, mübaliğə deyil, obyektiv reallıqdır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.- 2023.- 16 dekabr, № 275.- S.12.