Azərbaycanda yol infrastrukturunun müasir səviyyəyə
çatdırılması istiqamətində işlər
davamlı xarakter daşıyır
Hər hansı
bir kəndin, yaxud şəhərin abadlığı ilk növbədə yolundan bəlli olur. Bu deyimdəki həqiqəti son 20 ildə genişmiqyaslı
yol tikintisi aparan ölkəmizin hər böyük və kiçik yaşayış məntəqəsinin
simasında, eləcə
də hərtərəfli
inkişafında aydın
görmək mümkündür.
Belə ki, regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının uğurlu
icrası nəticəsində
Azərbaycanın magistral,
respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə
yenidən qurulub. Eləcə də yeni avtomobil yolları, körpülər
və yol ötürücüləri inşa
edilərək əhalinin
istifadəsinə verilib.
Bu dövrdə
təkcə Bakı şəhərində 2 000 kilometrdən
çox yol çəkilib, yenidən
qurulub və təmir edilib. Əlbəttə ki, bölgələr də unudulmayıb. Regionların
sosial-iqtisadi inkişafına
yönəldilən dövlət
proqramları çərçivəsində
minlərlə kilometr
şəhər və
kəndarası yollar çəkilib, yaxud əsaslı təmir olunub. Azərbaycanı qonşu ölkələrlə
birləşdirən ən
müasir yollar tikilib. Üç ildir bu işlər
daha geniş miqyas alıb. Azərbaycan düşmən
tapdağından azad etdiyi torpaqlarında yeni yollar çəkir.
Həmin yerlərdə
tikinti-quruculuq və bərpa işlərinə
də məhz yollardan başlanıb.
İşğaldan azad
olunmuş ərazilərdə
ilkin mərhələdə
2 453,9 kilometr avtomobil yolunun bərpası və yenidən qurulması nəzərdə
tutulub. Bunun 185,5 kilometrində işlər
artıq başa çatıb. Bu işlər Prezidentin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İşğaldan
azad edilmiş ərazilərə Böyük
Qayıdışa dair
I Dövlət Proqramı"
çərçivəsində həyata keçirilib.
Qarabağda və
Şərqi Zəngəzurda
yol tikintisi uğurla davam edir. Bu istiqamətdə
son aylarda görülən işlərdən
bəzilərini xatırladaq.
Cari il avqustun
25-də Prezident İlham
Əliyev Kəlbəcər-Laçın
avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək
olan hissəsində görülən işlərlə
tanış oldu. İnşası sürətlə
davam etdirilən 75,8 kilometr uzunluğunda yeni yol mövcud
yoldan 32 kilometr qısa olacaq. Yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü
də inşa edilir.
Bütün ölkədə
olduğu kimi, Qarabağda və Şərqi Zəngəzurda
da yolların şəbəkəsi getdikcə
genişlənir. Elə
cari ay ərzində
dövlət başçısı
bununla bağlı yeni sərəncamlar imzalayıb. Dekabrın 4-də
Prezident Suqovuşan-Sərsəng
su anbarı-Qozlukörpü-Kəlbəcər
avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında
sərəncam verib.
80 kilometr uzunluğu olan Suqovuşan-Sərsəng
su anbarı-Qozlukörpü-Kəlbəcər
avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə
(AAYDA) 17 milyon manat vəsait ayrılıb.
Dekabrın 5-də isə
Şuşa-Laçın avtomobil
yolunun yenidən qurulması ilə bağlı tədbirlər
haqqında sərəncam
verilib. Sərəncama
əsasən, 41 kilometr
uzunluğu olan Şuşa-Laçın avtomobil
yolunun yenidən qurulması məqsədilə
6 milyon manatın ayrılması nəzərdə
tutulub.
Yeri gəlmişkən,
qeyd edək ki, bunlardan əlavə,
cari ayın birinci yarısında Prezident İlham Əliyev ölkədə
yol tikintisinin və təmirinin davam etdirilməsi ilə bağlı daha beş sərəncam
imzalayıb. Bu sərəncamlardan biri Gədəbəy rayonunun Kiçik Qaramurad-Cəfərli-Əyrivəng-Alnabat-Kərimli-İnəkboğan-Göyəmli-Şınıx-Göyəlli-Çobankənd-Şahdağ-Çiçəkli
avtomobil yolunun əsaslı təmiri ilə bağlıdır.
Bu yol 17 min nəfər əhalisi olan 19 yaşayış məntəqəsini
birləşdirir.
Daha bir sərəncam isə Yardımlı rayonunun Masallı-Yardımlı (44 km)-Sırıq-Əfçədulan-Horavar-Əngövül-Zəngələ-Vərov-Keçələkəran
avtomobil yolunun əsaslı təmirinə
aiddir. 7 yaşayış
məntəqəsini birləşdirən
bu yol 5 min sakinin rahatlığını
təmin edəcək.
Digər üç
sərəncam paytaxtın
Pirallahı, Qaradağ
və Nərimanov rayonları ərazisində
avtomobil yollarının
əsaslı təmiri
ilə bağlı tədbirlər haqqındadır.Bu
sərəncamlarla əlaqədar
AAYDA-ya müvafiq olaraq 300 min, 400 min və 600 min manat vəsait
ayrılacaq.
Son iki onillikdə isə paytaxtda 83 yol ötürücüsü, 99 yeraltı
və yerüstü piyada keçidi inşa olunub. Yeri gəlmişkən, respublikada 2003-cü ildən
indiyədək 6,2 milyon
nəfər əhalisi
olan 2 210 yaşayış
məntəqəsini birləşdirən
5 100 km uzunluğunda kəndlərarası avtomobil
yolu tikilib, yenidən qurulub və təmir edilib. 20 il ərzində
tikilən, yenidən qurulan və təmir olunan avtomobil yollarının, prospekt və küçələrin ümumi
uzunluğu 21 min kilometrə çatıb.
Bu dövrdə
həmçinin 499 körpü
və yol ötürücüsü, 114 yeraltı
və yerüstü piyada keçidi inşa edilib. Əgər birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə
respublikada 115 kilometr təşkil edirdisə, hazırda 1025 kilometrdir.
Cari ildə istifadəyə verilən
yeni yollardan bir neçəsini misal göstərək. Prezident İlham Əliyev avqustun 7-də
"Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi"
çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli
hissəsinin açılışında
iştirak etdi. "Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"na əsasən
yenidən qurulan 1b texniki dərəcəli yol dörd hərəkət
zolağından ibarətdir.
Yolun bu hissəsində 67 alt keçid, 17 qovşaq və 20 körpünün
tikintisi başa çatdırılıb.
Qeyd edək ki, Gəncə-Qazax-Gürcüstan
ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi
və sürətin artması ilə vətəndaşların rahat
və təhlükəsiz
gediş-gəlişi təmin
ediləcək. Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin
təhlükəsizliyi baxımından
önəmlidir.
Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan
keçən tərkib
hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə,
həmçinin respublika
ərazisində bu istiqamətdə əlaqələrin
inkişafında mühüm
rol oynayır. Layihə tam reallaşdırıldıqdan sonra
Şərqdən Qərbə
və əks istiqamətdə "Böyük
İpək yolu"nun
Azərbaycandan keçən
hissəsi olan bu yol Avropa
ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların
artmasına önəmli
töhfə verəcək.
Digər bir mühüm layihə də Prezident İlham Əliyevin oktyabrın 20-də açılışında
iştirak etdiyi Bakı-Quba-Rusiya Federasiyası
ilə dövlət sərhədi ödənişli
yeni avtomobil yoludur. Yolun təməli dövlətimizin
başçısı tərəfindən
2017-ci ilin dekabrında
qoyulmuşdu. Həmin
vaxtdan Prezident inşaat prosesinin gedişi ilə şəxsən və yerində maraqlanmış,
tikinti işlərinin
ən yüksək standartlara uyğun icra olunması ilə bağlı vaxtaşırı tapşırıqlarını
vermişdir.
"Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"na uyğun
olaraq yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən
başlayaraq Rusiya sərhədinədək olan
150 kilometrlik hissəsi
birinci texniki dərəcəyə uyğun
inşa edilib. Bu magistral yolun
tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında 5
hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və
körpü, 52 alt keçid, 6 ödəmə
və yükə nəzarət məntəqəsi,
2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb.
Yeni yol mövcud yoldan 13 kilometr qısadır.
Bakı-Quba-Rusiya Federasiyası
ilə dövlət sərhədi yeni avtomobil yolunun istifadəyə verilməsi
beynəlxalq nəqliyyat
əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyan
"Şimal-Cənub" beynəlxalq
nəqliyyat dəhlizinin
səmərəliliyini daha
da artıracaq. Bundan başqa, yeni avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla
yanaşı, bölgədə
turizmin inkişafına
əlavə təkan verəcək, dəhlizlə
yük və sərnişin daşımalarında
əsas rol oynayacaq.
Bu yolların inşası bir daha göstərir ki, ölkəmizdə yol infrastrukturunun müasir səviyyəyə
çatdırılması istiqamətində icra olunan işlər davamlı xarakter daşıyır.
Flora SADIQLI,
Azərbaycan.-2023.-
17 dekabr, № 276.- S.6.