COP29 dünyada
"yaşıl enerji"nin
inkişafına və
ətraf mühitin qorunmasına böyük töhfə verən tədbir olacaq
Xəbər verildiyi
kimi, dekabrın 15-də
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi
ilə əlaqədar
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə müşavirə
keçirilmişdir.
Müşavirədə bildirilib ki, bu, ölkəmizdə keçiriləcək növbəti
beynəlxalq tədbir
olacaq. COP29-un Azərbaycanda
keçirilməsinə dünya
dövlətlərinin yekdilliklə
razılıq verməsi
isə ölkəmizin
beynəlxalq nüfuzunun
əyani göstəricisidir.
Prezident İlham Əliyev tədbirin möhtəşəmliyi barədə
demişdir: "Ancaq,
təbii ki, COP29 bu vaxta qədər
keçirilmiş tədbirlərlə
müqayisəyə gəlmir.
Hətta Avropa Oyunlarını xatırlasaq,
o vaxt 5 min idmançı və onları müşayiət
edən təqribən
3 min qonaq gəlmişdir. Ancaq
COP29-da 10 minlərlə xarici
nümayəndə ölkəmizə
gələcək, iki
həftə ərzində
Bakı dünyanın
mərkəzi olacaq. Müəyyən ehtimallara
görə, təqribən
70-80 min xarici qonaq bu müddət
ərzində ölkəmizdə
olacaq".
Məlumdur ki,
COP29-da müzakirə ediləcək
əsas məsələlər
dünyada iqlim dəyişikliyinin və ətraf mühitin qorunması olacaq. Azərbaycan neft-qaz ölkəsi olsa da, ətraf mühitin qorunmasına töhfə verən ölkələrdəndir. Biz
özümüzü ənənəvi
enerji ilə təmin etmək imkanımız olduğu halda, ətraf mühitə ziyan vurmayan "yaşıl enerji" ilə təmin etmək üçün əməli
addımlar atırıq.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə işğaldan
azad olunan ərazilərdə su, günəş və külək-elektrik stansiyaları
tikilir və gələcəkdə bu sahədə görüləcək
işlərin miqyasının
daha da artacağı
nəzərdə tutulur.
Bu səbəbdən Bakıda və Azərbaycanın regionlarında
yeni "yaşıl enerji" stansiyalarının
tikilməsi istiqamətində
elmi-tədqiqat və layihələndirilmə işləri
sürətləndirilib. Həmin
müşavirədə bununla
bağlı Prezident İlham Əliyev vurğulamışdır: "Yaşıl enerji" növlərinin yaradılması
və "yaşıl
enerji"nin dünya bazarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir".
Azərbaycan Rusiya-Ukrayna
müharibəsi səbəbindən
Avropada yaranan enerji böhranının aradan qaldırılmasında
önəmli rol oynayan ölkədir. Biz imkanımız daxilində Avropaya qaz nəqlini xeyli artırmışıq.
Perspektivdə isə
"qoca qitə"nin
"yaşıl enerji"
ilə təmin edilməsi məsələsi
durur. Ölkəmiz bu istiqamətdə də fəal şəkildə mühüm
işlər görür,
Avropaya "yaşıl
enerji" xətlərinin
çəkilməsi üçün
Avropa, Orta Asiya və qonşu
Gürcüstanla səmərəli
əməkdaşlıq edir.
Görülən işlər
dünya dövlətləri
və beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir.
Elə bunun nəticəsidir ki,
COP29-un Azərbaycanda keçirilməsi
bütün dövlətlər
tərəfindən yekdilliklə
dəstəkləndi.
Dünya miqyasında
belə bir tədbirin keçirilməsi
hansı zərurətdən
yaranıb? Tarixdən
məlumdur ki, dünyanın total şəkildə çirklənməsi
sənayenin yaranması
ilə bağlıdır.
XIX əsrdən başlayan
sənayenin inkişafı
XX əsrdə pik həddə çatdı.
İnsanlar daha çox qazanmaq və daha yaxşı
yaşamaq üçün
gələcəyi düşünmədən
sənayenin həcmini
artırdılar, hətta
"sənaye inqilabı"
ilə öyünməyə
başladılar. Aylar,
illər keçdi və ətraf mühitə vurulan ziyan özünü açıq şəkildə
göstərməyə başladı.
İqlim dəyişikliyi
tədricən bəşəriyyətin
varlığına təhdid
amilinə çevrildi
və yalnız bundan sonra onun
aradan qaldırılması
yolları haqqında fikirləşdilər. Beləliklə,
1992-ci ildə Birləşmiş
Millətlər Təşkilatı
İqlim dəyişmələri
haqqında Çərçivə
Konvensiyasını qəbul
etdi və hökumətlər gələcəkdə
bununla bağlı daha fəal tədbirlər həyata keçirmək üçün
bir araya gəldilər. Daimi informasiya mübadiləsi,
araşdırmalar və
müzakirələr nəzərdə
tutan bu Konvensiya siyasi idarə və elmi biliklərin inkişafı nəzərə
alınmaqla əlavə
öhdəliklər götürməyə
imkan verir.
İnkişaf
etmiş ölkələrin
öhdəliklərinin məqsədə
uyğunluğu ilk dəfə 1995-ci ildə Berlində keçirilən
Tərəflər Konfransının
(TK-1) birinci sessiyasında
nəzərdən keçirilmişdir.
Tərəflər inkişaf
etmiş ölkələrin
2000-ci il üçün
tullantı səviyyələrinin
1990-cı il səviyyəsinə
endirilməsinə yönəlmiş
öhdəliklərinin Konvensiyanın
"İqlim sisteminə
təhlükəli antropogen
təsirə" yol verməməkdən ibarət
olan uzunmüddətli
məqsədlərə nail
olmaq üçün
müvafiq olması qərarına gəlmişlər.
Bunu nəzərə alaraq nazirlər və digər yüksəkvəzifəli şəxslər
Berlin mandatını qəbul
etmiş və inkişaf etmiş ölkələrin öhdəliklərini
gücləndirmək məqsədi
ilə yeni danışıqlar mərhələsinə
başlamışlar. Razılaşmanın
işlənməsi üçün
Berlin mandatı üzrə
xüsusi qrup təsis edilmişdir. Xüsusi qrup 8 sessiya keçirərək
Tərəflər Konfransının
3-cü sessiyasına yekun
danışıqları üçün
mətn təqdim etmişdir.
1997-ci ilin dekabrında
Yaponiyanın Kioto şəhərində keçirilən
bu mühüm müşavirədə təqribən
10000 nümayəndə, müşahidəçi
və jurnalist iştirak etmişdir. Konsensus əsasında qəbul olunmuş qərarda /I/T.K3/ Konfrans inkişaf etmiş sənaye ölkələrinin
2008-2012-ci illər üçün
parnik qazlarının
ümumi tullantısını
1990-cı il səviyyəsi
ilə müqayisədə
ən azı 5 faiz ixtisar edəcəkləri
haqqında Protokol qəbul etmək qararına gəlmişdir.
Bu hüquqi öhdəlik təxminən
150 il əvvəl başlamış tullantıların
artırılması istiqamətində
tarixi dönüş
olacağına ümid
verirdi.
Kioto Protokolu 16
mart 1998-ci ildə imzalanmaq üçün açılmışdır. O, payına ümumi karbon dioksidi tullantılarının minimum
55 faizi düşən
inkişaf etmiş sənaye ölkələri
qrupuna daxil olan ölkələr tərəfindən təsdiq
edildikdən 90 gün
sonra qüvvəyə
minmişdir.
Prezident İlham
Əliyev bir işə başlayanda onu dünya miqyasında dəyərli
bir hadisəyə çevirməyi bacarır.
Məsələn, özündə
120 ölkəni birləşdirən
Qoşulmama Hərəkatı
BMT-dən sonra ən böyük təşkilat olsa da, onun beynəlxalq
arenada elə bir nüfuzu yox idi. Azərbaycanın
bu təşkilata sədrliyi dövründə
isə təşkilat
qlobal miqyasda önəmli bir quruma çevrildi. Buna görə də inamla deyə bilərik ki, COP29 dünyada "yaşıl enerji"nin inkişafına və ətraf mühitin qorunmasına böyük töhfə verən bir tədbir olacaq.
Rüstəm KAMAL,
Azərbaycan.-2023.-
17 dekabr, № 276.- S.6.