Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 18-ci ildönümü ilə bağlı təntənəli iclas keçirilib

 

Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 18-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.

 

 

 

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.

 

 

 

FHN-in inzibati binasında keçirilən iclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qurumun İctimaiyyətlə əlaqə idarəsinin hazırladığı “Heydər Əliyev və əhalinin təhlükəsizliyi” mövzusunda film nümayiş olunduqdan sonra nazir K.Heydərov iclasda çıxış edərək 2023-cü ilin - Azərbaycan xalqının böyük ehtiram və fəxarət hissi ilə qeyd etdiyi “Heydər Əliyev İli”nin tariximizə taleyüklü əhəmiyyətli hadisələrlə - möhtəşəm uğurlar, hərbi zəfərlər və strateji hədəflərin reallaşması ilə həkk olunduğunu deyib. 2020-ci ildə Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunmasını və parlaq Zəfər qazanılmasını dövlətçilik tariximizin ən mühüm hadisəsi kimi qiymətləndirən nazir K.Heydərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu il sentyabrın 19-da keçirilən və təxminən 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpasını qürur hissi ilə xatırladıb.

Nazir vurğulayıb ki, bugünkü Azərbaycanın tarixi nailiyyətlərinin möhkəm təməlləri məhz 1993-2003-cü illərdə qoyulub. Müdrik uzaqgörənliyi, zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və sonsuz Vətən sevgisi sayəsində ölkəmizi zamanın çox keşməkeşli sınaqlarından uğurla çıxaran dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin edib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlərə imza atır. İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən nəhəng layihələr, görülən misilsiz işlər Azərbaycanın gücünü, qüdrətini dünyaya bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza mütəmadi birlikdə səfərləri zamanı aparılan yenidənqurma işlərini şəxsən nəzarətdə saxlamaları Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini daha da sürətləndirib.

Kəmaləddin Heydərov FHN-in cari ildə dövlətimizin başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. İşğaldan azad olunmuş bölgələrdə əhalinin və ərazilərin təhlükəsizliyinin, insanların həyat fəaliyyətinin təmin olunması sahəsində aidiyyəti üzrə müvafiq tədbirlərin davam etdirildiyini bildirib. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərini fasiləsiz davam etdirir. Bu işlərdə ölkə başçısının diqqət və qayğısı sayəsində alınmış ən müasir minatəmizləyən robotlar da tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi daim nəzarətdə saxlanılıb, baş verən yanğınların operativ söndürülməsi təmin edilib. Nazirliyin nəzarət qurumları tərəfindən ərazilərdə aparılan yenidənqurma layihələri ilə əlaqədar müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Nazir bu il də ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanıldığını, yanğın hadisələrinin qarşısının çevik alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini bildirib. Respublika üzrə cari il ərzində 13 min 891, o cümlədən Bakıda 4462, işğaldan azad olunmuş ərazilərdə 204 yanğın hadisəsi qeydə alınıb. Bu da orta hesabla hər gün 42 yanğına çıxış deməkdir. Yanğınlardan 15 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 94 dövlət və 396 özəl obyekt, 334 çoxmənzilli bina, 514 fərdi ev, 455 yardımçı tikili, 304 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 16 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 762 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

K.Heydərov deyib ki, xüsusi riskli xilasetmə qrupları 1286 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1432 nəfər zərərçəkmişi xilas edib, həmçinin 93 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb. Bununla yanaşı, yanğınsöndürən-xilasedicilər tərəfindən 168 nəqliyyat və digər qəzalarda 269 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 61 nəfərin cəsədi avtomobillərdən çıxarılıb. Həmçinin 17 partlayış hadisəsi ilə əlaqədar xəsarət almış 20 nəfər və həlak olan 5 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 2023-cü il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 110 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 94 nəfər olmaqla, cəmi 204 nəfər xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 64 nəfərin cəsədi tapılıb.

Qeyd edilib ki, cari il ərzində müxtəlif məsələlərlə, o cümlədən yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı 112 - qaynar telefon xəttinə ümumilikdə 1 milyon 400 minə yaxın və ya orta hesabla hər gün 5 minə yaxın zəng daxil olub. Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 66 mindən artıq obyektdə yanğın-tåõniki müayinələr aparılıb, aşkarlanmış atışmazlıqların aradan qaldırılması üçün îbyåkt rəhbərlərinə və sahiblərinə 390 minə yaxın tələbi özündə əks etdirən tələbnamə məktubları verilib, eyni zamanda, 220 mindən çox vətəndaş yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb.

Bundan əlavə, təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 40 min 80 obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2909 müəssisədə 34 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Eləcə də 5680 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb. Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 272 nəzarət-yoxlama tədbiri, eyni zamanda, radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 353 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 98 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 2164 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.

Nazir bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in çevik xilasetmə qüvvələri, tibb personalı və digər mütəxəssisləri bu ilin fevralında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, axtarış-xilasetmə əməliyyatlarının aparılması, əhaliyə tibbi və psixoloji yardım göstərilməsi, həyat təminatı vasitələri ilə təchiz edilməsi tədbirlərini uğurla yerinə yetirib.

K.Heydərov əminliklə vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarından güc alan, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını gündəlik fəaliyyətlərində yaxından hiss edən FHN-in kollektivi Azərbaycan vətəndaşlarının dincliyinin, rahatlığının və təhlükəsizliyinin qorunması istiqamətində əməli fəaliyyətini bundan sonra da şərəflə davam etdirəcək.

Sonra FHN-in İctimaiyyətlə əlaqə idarəsinin hazırladığı və nazirliyin qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı fəaliyyətinə həsr olunan videoçarx göstərilib.

Daha sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı oxunub, həmçinin dövlətimizin başçısının imzaladığı 2022-ci il 15 dekabr tarixli Sərəncamla təltif olunmuş nazirliyin əməkdaşlarına təltiflər təqdim edilib. Mükafatlandırılanlar arasında Ağdam rayonunda minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər almış qazi Süleyman Heydərov da olub.

İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib.

Sonda iclas iştirakçıları adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.

 

Azərbaycan.-2023.- 17 dekabr, ¹ 276.- S.7.