İkinci Qarabağ müharibəsinin
yaddaqalan mənzərələri
Böyük tarixi
hadisələr yalnız
böyüklüyü ilə
deyil, həm də kiçik epizodları ilə yaddaşlarda qalır. Erməni təxribatı nəticəsində başlanan
44 günlük Vətən
müharibəsi də
bu baxımdan istisna deyil. Müharibə başlayan günlərdə düşmən
üzərində qələbə
qazanmaq, torpaqlarımızı
azad etmək naminə hamı bir nəfər kimi ayağa qalxmışdı.
Sözün həqiqi
mənasında bir yumruq kimi birləşmişdi.
Əli silah tuta bilənlər döyüşə yollanır,
imkanlı adamlar orduya yardım edir, ön xətdə vuruşan əsgərlərə sovqat
göndərirdi. Kimin
nəyə gücü
çatırdısa, cəbhəyə
yollayırdı. "Hər
şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı
dillərdən düşmürdü.
Bütün bu addımlar erməni işğalçıları üzərində
qələbə qazanmaq
naminə atılırdı.
Artıq o günlərdən
üç ildən çox vaxt keçib.
Oğullar əsgər
gedir...
Qarabağ uğrunda
döyüşlər başlayan
kimi ürəyi Vətən eşqi ilə döyünən, əsgəri xidmətini başa
vurub tərxis olunmuş oğullar ordu sıralarına dönməyə, düşmənlə
vuruşmağa
can atırdılar.
Bu məqsədlə onlar
qeydiyyatda olduqları Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər idarələrinə, şöbələrinə
müraciət edirdilər.
Cəsur oğullar bu addımları ilə demək istəyirdilər ki, onlar qorxmadan, çəkinmədən erməni
qəsbkarları ilə
vuruşmağa hazırdırlar.
Vətənin taleyi üçün narahat olan
bu vətənpərvər
gənclərin könüllü
olaraq döyüşlərə
getdiyini görəndə
qəlbimizi iftixar hissləri bürüyürdü.
Belə cəsur, igid oğulları olan Vətən torpaqları qorxaq ermənilərin işğalında
qala bilməzdi. Necə olursa-olsun, ərazilərimiz işğaldan
azad olunmalıydı,
düşməndən şəhidlərin
intiqamı alınmalıydı.
2020-ci ilin sentyabr
ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə
qismən səfərbərlik
elan olundu. Torpaqlarımızın azadlığı
uğrunda vuruşmaq istəyən oğullar qısa müddət ərzində böyük
təntənə ilə
ordu sıralarına yola salındı. Vətənin çətin
günlərində əsgər
gedən bu cəsur, vətənpərvər
gənclərimiz döyüşlərdə
cəsarətlə, hünərlə
vuruşdular. Onlar əməliyyatlar zamanı
uzun illərdən bəri ərazilərimizi
işğalda saxlayan erməniləri məğlubiyyətə
uğratdılar. Bir müddətdən sonra bu cəsur oğullar
cəbhə bölgələrindən
evlərinə başıuca
qələbə müjdəsi
ilə döndülər.
Xalq bu döyüşçüləri
qarşılayarkən bir
ağızdan "Qələbən
mübarək, Azərbaycan
əsgəri!" dedi.
Yavaş-yavaş
Qarabağın havasını hiss edirdik...
Qarabağ
uğrunda döyüşlər getdikcə, illər uzunu
işğalda qalmış torpaqlarımız ermənilərdən
azad edildikcə qələbəyə olan ümidimiz
artırdı, inamımız ürəyimizdən bir az da boy
verirdi. Müharibənin ilk həftələrindən Cəbrayıl
rayonunun mərkəzinin və kəndlərinin, Füzuli
rayonunun yaşayış məntəqələrinin, Tərtər
rayonunun Talış, Suqovuşan kəndlərinin, Murov zirvəsinin,
başqa kənd və yüksəkliklərin düşməndən
azad edilməsindən sonra Qarabağımızın təmiz,
saf havasını hiss etməyə başladıq. Azərbaycan
Ordusunun zabit və əsgərləri
böyük hünərlə, yenilməz qəhrəmanlıqla,
yalnız qələbə naminə düşmən üzərinə
atıldılar. Ordumuzun hissələri hər gün bir-birindən
uğurlu əməliyyatlar həyata keçirdilər,
Qarabağın azadlığı uğrunda ölüm qorxusu
bilmədən cəsarətlə vuruşdular. Düşmənin
mövqelərinə, zirehli texnikalarına, canlı qüvvələrinə
dəqiq və sarsıdıcı zərbələr endirdilər.
Yağılar nə qədər cəhd göstərsələr
də, ehtiyat qüvvələrini döyüşə yönəltsələr
də, cəsur döyüşçülərimizin
qarşısında dayana bilməyib mövqelərini qoyub
qaçdılar. Əminik ki, bu
qaçışın, bu çöküşün bir daha
dönüşü olmayacaq.
Azərbaycan
Ordusunun zabit və əsgərləri torpaqlarımızın
azadlığı uğrunda son damla qanlarınadək
döyüşdülər! Cəsarətləri ilə qəhrəmanlıq
tariximizdə pozulmayan izlər qoydular! Həmin günlər
tariximizin səhifələrinə şərəf və
iftixar dolu sözlərlə yazıldı. Şanlı ordumuz
oktyabr və noyabr aylarında bir-birinin ardınca Cəbrayıl,
Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonlarını,
bir sıra yaşayış məntəqələrini,
Şuşa şəhərini erməni
işğalçılarından azad etdi. Noyabrın 10-da
qüvvəsi tükənən düşmən məğlubiyyət
aktına imza ataraq Kəlbəcər, Ağdam və
Laçın rayonlarını döyüşsüz
qaytaracağı barədə öhdəlik
götürdü. 28 illik işğaldan sonra ermənilər
noyabrın 20-də Ağdamdan, noyabrın 25-də Kəlbəcərdən,
dekabrın 1-də isə Laçından
çıxdılar. Qəsbkarlar bu yerlərdən
çıxmazdan əvvəl meşələri, evləri,
mağaza və məktəbləri yandırdılar.
Ağacları vəhşicəsinə doğrayıb
maşınlara yükləyib apardılar.
Dilsiz-ağızsız heyvanları barbarcasına kəsib-doğradılar.
Ermənilər bu hərəkətləri ilə bir daha
işğalçı, vəhşi olduqlarını
bütün dünyaya göstərdilər. Hansı şərəfsizliklərə
əl atsalar da, nə qələt etsələr də,
axır ki, torpaqlarımızdan rədd olub getdilər.
Azərbaycan əsgərinin
addım səsləri
İllərdən
bəri gün-gün, həftə-həftə, ay-ay ordumuzun həm
qələbə ilə başa çatacaq uğurlu
döyüşlərini, həm də erməni
işğalçılarının
hansı şəraitdə məhv ediləcəyini
görmək arzusu ilə yaşayırdıq.
Şükürlər olsun ki, nəhayət, 28 ildən sonra həmin
günü, həmin anı görmək bizə nəsib oldu.
Həyəcan və narahatlıqlarla dolu olan həmin
çağlarda biz bəlkə də ömrümüzün ən
çətin və şərəfli günlərini
yaşadıq. Vətən müharibəsinin davam etdiyi 44
gün ərzində Azərbaycan Ordusu bütün cəbhəboyu
erməni qəsbkarlarının mövqelərini sərrast atəş
zərbələri ilə darmadağın etdi, şəhər
və kəndlərimiz bir-birinin ardınca işğaldan azad
olundu. Yağılar şanlı ordumuzun qarşısında dayana bilməyərək
məhv olacaqlarından qorxub geri çəkildilər.
İşğalçıların müqaviməti qısa
müddət ərzində qırıldı. İyirmi səkkiz
il qəsbdə qalan torpaqlarımızda Azərbaycan əsgərinin
addım səsləri eşidildi. Bu addım səslərindən
torpaq da sevindi, əsgər də, uzun illər doğma
ocaqlarına həsrət qalmış insanlar da!
Addımların mübarək, Azərbaycan əsgəri!
Qələbə
ilə başa çatan əməliyyatlarda ordumuzun hissələri
döyüş meydanlarında düşmənin yüzlərlə
canlı qüvvəsini məhv etdi, onlarca hərbi
texnikasının külünü göyə sovurdu. Ordumuzun
cəsur zabit və əsgərləri Qarabağ uğrunda gedən
döyüşlərdə yağılara sarsıdıcı
zərbələr vurdu. Düşmən uzun illərdən bəri
dayandığı və möhkəmləndiyi mövqeləri
geridə qoyub gəldiyi məkana - Ermənistana
qaçdı. Uğurlu döyüşlər
addım-addım bizi qələbəyə
yaxınlaşdırdı. Erməni qəsbkarlarının
döyüş texnikaları, silah-sursat anbarları hərbçilərimizin
dəqiq atəş zərbələri ilə məhv edildi.
Qarabağ
uğrunda gedən döyüşlərdə ordumuzun
qazandığı uğurları eşitdikcə ürəyimiz
açılır, üzümüz gülür, qəlbimiz fərəhlə
dolurdu. Bütün cəbhəboyu davam edən əməliyyatlarda
zəfərlər qazanan Azərbaycan Ordusunun, onun
sıralarında xidmət edən zabit və əsgərlərin
cəmiyyətdə hörməti, nüfuzu getdikcə
artırdı. Dəqiq atəş zərbələri ilə
işğalçıları məhv edən ordusundan
xalqımız yalnız və yalnız qələbə
müjdələri eşidirdi. Azərbaycan Ordusu 44 gün ərzində
iyirmi səkkiz il erməni
işğalçılarının, erməni
terrorçularının, erməni vandalizminin məskəni
olan ərazilərimizi işğaldan azad etdi. İndi bu
müqəddəs torpaqlardan qüdrətli Azərbaycan əsgərinin
gur səsi gəlir.
Vahid
MƏHƏRRƏMOV,
Azərbaycan.-2023.-
17 dekabr, ¹ 276.- S.11.