Cəbrayılda
doğuldu, Cəbrayılda
da şəhid oldu…
"Ata... Atam gəlsin..." Bu, sentyabın 1-də 5 yaşı
tamam olan körpə İncinin üç il öncə albomda və divarlardakı şəkillərə baxdıqdan
sonra söylədikləridir.
Göz yaşına boğulan nənəsi Raya xanım, anası Leyla, bibisi Xəzan da birtəhər özlərini ələ alaraq cavab veriblər
ki, atan cənnətdədir...
Totuq əllərini
dişləyən balaca
qızcığaz susub,
yəqin uşaq ağlı ilə anlayıb ki, ora da elə
səhər-səhər Vahid
babanın, Zabil əminin evdən çıxıb getdiyi iş yerlərindən biridir. Oyuncaqları arasından tez-tez qapıya boylanır... Axşam tanıdıqlarının
hamısı qayıdır,
təkcə atasından
başqa... Deyilənlərə
görə, son vaxtlar bu barədə
heç nə soruşmur, əsgər formalı ataların həmin məkanda daha çox, həmişəlik qaldıqlarını
düşünür çox
güman ki...
Zamin Rəhimov
1988-ci il aprelin 21-də
Cəbrayıl rayonunun
Məzrə kəndində
dünyaya göz açmışdı. Lakin
cəmi 5 il doğma ocağın istisinə qızına bilmişdi. Bədnam qonşuların xain hücumları bütün
cəbrayıllılarla birgə,
Rəhimovların da rayonu tərk etməsi, köçkünlük
həyatının əzablarına
qatlaşmaları ilə
nəticələnmişdi. Ailə Biləsuvara pənah gətirdiyindən
Zamin də rayonun 2 saylı qəsəbə məktəbində
birinci sinfə qədəm qoymuşdu. Sonra Bakıya köçdülər, təhsilini
Cəbrayıl rayonu, Ə.Veysəlov adına Sirik kənd orta məktəbində (Binəqədidə yerləşir)
davam etmişdi.
2006-cı ildə həqiqi
hərbi xidmətə
çağrılaraq Şəmkirdə
yerləşən "N" saylı hərbi hissədə rabitəçi
ixtisasına yiyələndi.
Əsgərlik borcunu yerinə yetirdikdən sonra Şuşa Musiqi Texnikumunda qarmon ixtisası üzrə təhsil aldı. 2012-ci ildə isə Cəbrayıl rayonu Mahmudlu kənd Uşaq Musiqi Məktəbində qarmon ixtisası müəllimi kimi fəaliyyətə başladı.
Zamin başdan-ayağa
bir haqq savaşı ruhunda, igid döyüşçü
libasında idi. 2020-ci
ilin yayında erməni quldurlarının
Tovuz istiqamətində
təxribatları zamanı
artıq səbrini cilovlaya bilmədi. İyulun 16-da könüllü
şəkildə orduya
yazıldı. Xüsusi
hazırlığı nəzərə
alınaraq oktyabın
1-də birbaşa ön
xəttə çıxmağı
məsləhət görüldü.
Maraqlıdır ki,
həmin dönəmdə,
yəni cəbhəyə
hazırlaşarkən evdə
kimsəyə bir söz deməyib, elə səfərbərlik
günü də səhər tezdən onun işə getdiyini düşünüblər.
Atası Vahid Rəhimov: "Zamin musiqi üzrə təhsil alsa da, bütün sahələrdən baş
çıxarırdı. Sanki
sağ əlim idi... Bir dəqiqə
boş dayanmazdı, bax, ev-eşikdə, həyət-bacada gördüyünüz
təmir, quruculuq işlərinin hamısını
dostları ilə birgə edib. Düşünüb bir ideya tapanda, hardasa nəyisə bəyənəndə gəlib
material alıb düzüb qoşurdu. İndi burada hər şey onu xatırladır..."
Yolda nahar üçün dayandıqları
vaxt təsadüfən
qarşılaşdığı dayısı onu geri qaytarmaq istəyəndə yaman əsəbiləşib, hətta
inciyib də... Ağsaqqal deyib, a bala, əyləş maşına, heç olmasa valideynlərinlə,
evdəkilərlə vidalaş,
sonra yola salarıq... Deyib, yox ey, elə
ata-anamın yurdunu yağı düşmən
caynağından xilas
eləməyə gedirəm!..
Anası Raya xanım bu barədə
qəm-qüssə içində,
yana-yana danışır:
"Neçə gün
idi, qəsdən söhbəti hərləyib-fırlayıb
dünyanın ötəriliyi
üzərinə gətirir,
məndən halallıq
alırdı, fikirləşirdim
buna nə olub belə..? Gül kimi ailəsi,
balası, iş-gücü
var... Həmin gün də sübhdən oyanıb yır-yığışla məşğuldum,
darvazanın qarşısını
süpürürdüm, çıxanda
məni öpüb bağrına basdı, özümü qorumağı
tapşırdı. Sanki
qanad açıb uçurdu, bilsəydim, arxasınca bir dolça su atardım... (ağlayır)"
Zabil Rəhimov
şəhidimizin böyük
qardaşıdır, Müdafiə
Nazirliyinin Hərbi Hospitalında rabitə xidməti rəisi vəzifəsində çalışır.
Zaminin yaralanması barədə də öncə ona zəng vurublar: "Hospitalın giriş qapısında gözlədim,
yaralıları gətirirdilər,
neçə saat gözüm axtardı, cəbhə bölgəsindəki
səhra lazaretləriylə
də əlaqə saxladıq, dəqiqləşmədi.
Sonra evdən zəng gəldi ki, gəl, qayıdıb...
Məsələnin nə
yerdə olduğunu anladım. Allah bütün şəhidlərimizə
rəhmət eləsin,
Zamin bizim hər şeyimiz, Cəbrayıl, Qarabağ da onun bütöv
dünyası idi. Döyüş vaxtı da imkan düşəndə
zəngləşirdik, qardaşımı
heç vaxt belə xoşbəxt görməmişdim, səsindən
bəxtiyarlıq yağırdı...
Konkret ünvan göstərmədən ümumi
şəkildə danışırdı,
təcavüzkar erməniləri
"iti qovan kimi" qovduqlarını,
işğaldakı əraziləri
götürdüklərini sevinclə muştuluqlayırdı.
Həmin onu yoldan qaytarmaq istəyən dayıma da telefon açaraq
"sənə dediyim
yeri almışıq"
müjdəsini verib.
Ad çəkməyib, elə
beləcə söyləyib
- Cəbrayılı nəzərdə
tuturmuş..."
Əsl insanlığı,
sadəliyi, ünsiyyətcilliyi
ona həm də çoxlu dostlar qazandırmışdı.
Bu gün cismani yoxluğunda ən çox darıxan, dərd çəkən də dostları, sirdaşlarıdır.
Vətənpərvər gənclərimiz
Vəli İlyasov və Nəsimi Əliyev əziz qardaşlarını lal baxışları ilə
soraqlamadıqları bir
günün olmadığını
bildirdilər.
Zamin 2020-ci il oktyabrın 8-də növbəti
əks-hücum əməliyyatı
zamanı doğulduğu
və canından artıq sevdiyi Cəbrayılın yüksəklikləri
uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid oldu, Biləcəri qəsəbəsindəki
qəbiristanlıqda şəhidlər
üçün ayrılmış
hissədə torpağa
tapşırıldı.
Rəhimovlar ailəsinin
ən böyük təsəllisi isə onun yadigar qızı
və Qarabağ torpaqlarının yağı
tapdağından qurtuluşudur.
Qurban MƏMMƏDOV
Azərbaycan
.-2023.- 17 dekabr, № 276.- S.11.