Baş
nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları
Şurasının iclasında
iştirak edib
Dekabrın
18-də Rusiya Federasiyasının paytaxtı Moskvada Müstəqil
Dövlətlər Birliyinin (MDB) Hökumət
Başçıları Şurasının iclası
keçirilib.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
iclasda iştirak edib.
Əvvəlcə
Əli Əsədov və digər nümayəndə heyətlərinin
rəhbərləri “Rusiya” beynəlxalq sərgi-forumuna
baxış keçiriblər.
Azərbaycanın
Baş naziri iclasda çıxış edərək
2024-cü ildə MDB-yə sədrliyin həyata keçirilməsində
Rusiyaya uğurlar arzulayıb, cari ildə uğurlu sədrliyə
görə Qırğızıstanı təbrik edib.
MDB-nin
iştirakçı dövlətlər arasında bir
çox sahələrdə mühüm dialoq və
qarşılıqlı fəaliyyət platforması
olduğunu vurğulayan Baş nazir Azərbaycanın MDB
formatında uğurlu qarşılıqlı fəaliyyətin
zəmanəti olan ikitərəfli əlaqələrin bundan
sonra da genişləndirilməsinə və möhkəmləndirilməsinə
xüsusi əhəmiyyət verdiyini qeyd edib. Əli Əsədov
diqqətə çatdırıb ki, hökumətlərarası
səviyyədə müntəzəm təmaslar ikitərəfli
və çoxtərəfli əməkdaşlığın
bütün istiqamətləri üzrə məhsuldar dialoq
aparmağa, həmçinin müxtəlif çağırışlara
və risklərə vaxtında cavab verməyə imkan verir.
Bugünkü
iclasın da qarşılıqlı maraq doğuran məsələlər
üzrə bir daha fikir mübadiləsi aparmaq
üçün yaxşı imkan olduğunu deyən Azərbaycanın
Baş naziri qeyd edib: “Sevindirici haldır ki, bu gün bizim
gündəliyimiz mədəniyyət mövzusuna həsr
olunub. Ölkələrimiz mədəni-humanitar sahədə
qarşılıqlı fəaliyyət üçün
böyük potensiala malikdir. Hər il MDB çərçivəsində
mədəniyyət paytaxtlarının və tematik humanitar
illərin elan edilməsi Birlik ölkələrinin humanitar
qarşılıqlı fəaliyyətinin genişləndirilməsinə
öz töhfəsini verir. Fürsətdən istifadə edərək,
cari ildə Mədəniyyət paytaxtı statusunda Rusiya
Federasiyasının Sankt-Peterburq şəhərinin MDB ölkələrinin
mədəniyyətlərarası dialoqunun inkişafına
verdiyi töhfəni xüsusi qeyd etmək istəyirəm. Həmçinin
Səmərqənd şəhərinin 2024-cü ildə
Müstəqil Dövlətlər Birliyinin mədəniyyət
paytaxtı elan edilməsi münasibətilə Özbəkistan
Respublikasını təbrik edirəm”.
Azərbaycanın
MDB çərçivəsində mədəni-humanitar əməkdaşlığın
gücləndirilməsinə böyük töhfə verdiyini
vurğulayan Əli Əsədov bildirib: “Ölkəmizdə
müntəzəm olaraq bu sahədə incəsənət, mədəniyyət,
elm, təhsil xadimlərini bir araya gətirən müxtəlif
tədbirlər keçirilir. Azərbaycan artıq bu cür tədbirlərin
keçirilməsinin ənənəvi məkanına
çevrilib. Əlbəttə, bütün bunlar coğrafi,
tarixi və mədəni köklərə, Azərbaycan
xalqına xas olan çoxəsrlik multikulturalizm ənənələrinə
əsaslanır. Azərbaycan Respublikası çoxmillətli
və çoxkonfessiyalı dövlətdir. Bütün millətlərin
və dinlərin nümayəndələri əsrlərdir ki,
ölkəmizdə sülh, anlaşma və dostluq şəraitində
yaşayırlar. Milli və dini mənsubiyyətindən
asılı olmayaraq, onların hamısı bizim bərabərhüquqlu
vətəndaşlarımızdır. Biz bu gün bu faktı
bu yüksək kürsüdən bir daha bəyan edirik.
Ölkəmiz
çoxsaylı beynəlxalq platformalar vasitəsilə millətlərarası
dialoqu fəal şəkildə təşviq edir. İdman sahəsində
qarşılıqlı fəaliyyət də humanitar əlaqələrin
möhkəmləndirilməsinə öz müsbət təsirini
göstərir. İdman yarışları sırf idman
xarakteri daşısalar da, eyni zamanda, millətlərarası
dialoqun möhkəmləndirilməsinə və xalqlar
arasında etimad və qarşılıqlı anlaşma
ab-havasının yaradılmasına xidmət edir. Biz 2025-ci
ildə Azərbaycanın ikinci böyük şəhəri Gəncədə
keçiriləcək III MDB ölkələri Oyunlarına məhz
bu prizmadan baxırıq. Əminəm ki, bu Oyunlar gələcəkdə
də MDB çərçivəsində humanitar
qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə
və inkişafına kömək edəcək”.
Baş nazir
diqqətə çatdırıb ki, iqtisadi-ticari sahə
ölkələrimiz arasında əməkdaşlığın
mühüm istiqamətidir. Azərbaycan Birlik çərçivəsində
iqtisadi əməkdaşlıqda fəal iştirak edir.
Keçən il Azərbaycanın Birlik ölkələri ilə
əmtəə dövriyyəsinin həcmi təqribən 30
faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə
daha 17 faizlik artım qeydə alınıb. Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizlərinin prioritet
layihələr olacağı nəqliyyat-tranzit sahəsində
qarşılıqlı faydalı əməkdaşlıq
formalaşıb. Azərbaycan MDB üzrə bir çox tərəfdaşlarımızın
fəal istifadə etdikləri nəqliyyat-logistika
infrastrukturunun modernləşdirilməsini davam etdirir. Biz, həmçinin
yuxarıda göstərilən dəhlizlərin
ötürücülük qabiliyyətinin genişləndirilməsi
üçün Birlik çərçivəsində sıx
qarşılıqlı fəaliyyət göstəririk.
Çıxışında
Azərbaycanın regionda sülhün və təhlükəsizliyin
möhkəmləndirilməsi səylərinin davam etdirilməsi
üzrə möhkəm qətiyyətini bir daha ifadə edən
Əli Əsədov bildirib: “Bu yaxınlarda alınan müsbət
siqnalları nəzərə alaraq, bu istiqamətdə
konstruktiv dialoqun davam etdirilməsini son dərəcə
mühüm hesab edirik. Yaranmış tarixi fürsətdən
rasional istifadə edilməsi bizə regionda çoxdan gözlənilən
sülhə nail olmağa imkan verəcək, regionumuzda
bütün insanlara dinc və təhlükəsiz birgəyaşayış
ümidləri bəxş edəcək”.
İclasın
yekununda MDB-yə üzv dövlətlərin hökumət
başçılarının mədəni-humanitar əməkdaşlığın
perspektivlərinə dair Bəyanatı imzalanıb.
Azərbaycan.-2023.-
19 dekabr, ¹ 277.- S.2.