Azərbaycanda ilk dəfə “Mədəni
irs” mövzusunda forum keçirilir
Dekabrın
18-də Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
ölkəmizdə ilk dəfə “Mədəni irs”
mövzusunda Forumu işə başlayıb.
Forum
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunan tədbirlər çərçivəsində təşkil
olunub.
Forumda mədəniyyət
nazirinin müavini Səadət Yusifova açılış
nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycanda
mədəni irsinin qorunması Ümummilli Lider Heydər
Əliyevin ən çox diqqət göstərdiyi sahələrdən
biri olub: “Ulu Öndər deyirdi ki, istənilən xalqı
dünyada tanıdan ən önəmli xüsusiyyət onun mədəniyyətidir.
Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə
bağlı olduğuna görə çox dərindir. Mənəvi
dəyərlərimiz tarixin bütün mərhələlərində
nə qədər çətinliklərlə
rastlaşıbsa da, dayanmayıb, inkişaf edib”.
S.Yusifova
Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət
abidəsinin dövlət qeydiyyatına
alındığını bildirib: “İşğal
dövründə mədəniyyət abidələri məqsədli
şəkildə dağıdılıb, vandalizmə məruz
qalıb, 47 abidə yer üzündən tamamilə silinib.
2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidməti tərəfindən 433
tarix-mədəniyyət abidəsinə baxış
keçirilib, eləcə də həmin ərazilərdə
yerləşən dövlət qeydiyyatında olmayan tarixi,
memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin - yeni
aşkar olunmuş abidənin monitorinqi aparılıb.
Hazırda Azərbaycanda dövlət mühafizəsinə
götürülmüş 6 min 308 abidə mövcuddur”.
Azərbaycan
Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay
Qasımzadə bildirib ki, Azərbaycan xalqının tarixi irsi
dəryalar qədər hədsiz, sərhədsizdir. "Tarixi
irsimiz təkcə bu torpaqlarda yox, dünyanın bir çox
ölkələrində mövcuddur. Bu, azərbaycanlılar
üçün çox qürurverici bir haldır", - deyə
o, diqqətə çatdırıb.
Tarixi
irsimizin öyrənilməsinin qarşımıza
böyük məqsədlər qoyduğunu qeyd edən
İttifaqın sədri, bunların reallaşmasında
Ümummilli Lider Heydər Əliyevin böyük rolu
olduğunu söyləyib: “Bu gün bu işi Prezident İlham
Əliyev davam etdirir. Mədəni irsimizin qorunmasında
Mehriban xanım Əliyevanın və onun
başçılıq etdiyi Heydər Əliyev Fondun da
böyük rolu var".
E.Qasımzadə
qeyd edib ki, Forumun nəticələri Azərbaycan
xalqının irsinin öyrənilməsi və dünyada
tanıdılması məqsədi daşımalıdır.
Onun sözlərinə görə, tədqiqatlarda bilikli,
bacarıqlı və böyük təcrübəsi olan
insanlar həqiqi sözlərini deməlidirlər.
Azərbaycan
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad
Xəlilov “Mədəni İrs” Forumunda iştirakın hər
kəs üçün vacib məsələ olduğunu
bildirib: “Tədbirin Ulu Öndər Heydər Əliyevin 100
illiyi çərçivəsində keçirilməsi
xüsusi məna daşıyır. Ulu Öndərin sənətə,
yaradıcılığa olan marağı, rəssamlara
göstərdiyi diqqəti xüsusi qeyd etmək
lazımdır. Hazırda isə Prezident İlham Əliyev Azərbaycanı
bütün platformalarda yüksək zirvələrə
qaldırıb. Bizim də üzərimizə düşən
vəzifə öz sənətimizi daha da inkişaf etdirməkdir”.
Daha sonra Azərbaycanın
tarixi mədəni irsini nümayiş etdirən videoçarx
nümayiş olunub.
Dekabrın
20-dək davam edəcək Forumda tanınmış
tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar
və sahə üzrə digər mütəxəssislərin
iştirakı ilə geniş müzakirələr
aparılacaq. Forumda mədəniyyətimizin və milli
irsimizin yaşadılması, inkişafı və təbliği,
mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri
və tətbiqi sənətə, tarixi abidələrə
dövlət dəstəyi və digər istiqamətlərdə
diskussiyalar təşkil ediləcək.
Azərbaycan.-2023.-
19 dekabr, ¹ 277.- S.3.