"Bu
zavodun timsalında yeniləşən, müasirləşən,
sənayeləşən Azərbaycanı
görürük"
Ölkəmizin tarixində ilk gəmiqayırma müəssisəsi
Prezident İlham Əliyevin səyi ilə tikilib
Azərbaycanın son
illərdəki iqtisadi
nailiyyətlərinin salnaməsində
Bakı Gəmiqayırma Zavodunun özünəməxsus yeri
var. Çünki 10 il əvvələ qədər respublikada gəmiqayırma
müəssisəsi olmayıb. Sovet dönəmində paytaxtımızda yalnız
bir neçə gəmi təmiri zavodu fəaliyyət göstərib. İstər
o dövrdə, istərsə
də son illərə qədər gəmilər xaricdən alınır və buna böyük vəsait xərclənirdi.
Prezident İlham Əliyevin iqtisadi strategiyası sayəsində Bakıda Azərbaycanın gəmi inşa edən nəhəng, müasir bir zavodunun tikilib istifadəyə verilməsi
mümkün oldu.
Qaradağ rayonu
ərazisində, Bakı-Astara
magistral yolunun 25-ci kilometrliyində yerləşən
bu möhtəşəm
müəssisənin ümumi
ərazisi 62 hektardır.
Burada 1630 metr uzunluğunda yanalma körpüsü, beşmərtəbəli
inzibati bina, təlim mərkəzi, müxtəlif ofislər və anbarlar, istehsal və təmir-ötürmə sahələri,
yeməkxana, tibb məntəqəsi, kompressor,
zavodun elektrik təchizatının etibarlı
təminatı üçün
yarımstansiya fəaliyyət
göstərir. Zavod Finlandiya, Niderland, Almaniya, Çexiya, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal
olunan avadanlıqla təchiz edilib.
Bakı Gəmiqayırma
Zavodu Xəzər dənizi hövzəsində analoqu
olmayan bir müəssisədir. Belə ki, onun ildə 25 min ton metal
konstruksiya istehsal etmək gücü var. İstehsal
imkanlarına görə ildə 15 min ton yükgötürmə
qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə
qabiliyyəti olan iki tanker və dörd özül təchizat
gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini
təmir etmək mümkündür.
Belə bir zavodun
tikilməsi ideyası yarananda bəziləri hesab edirdi ki,
başqa ölkələrdən gəmi, tanker ala bildiyimiz
halda buna ehtiyac yoxdur. Prezident İlham Əliyev isə bu müəssisənin nə dərəcədə gərəkli
olduğunu əvvəlcədən müəyyənləşdirmişdi.
2010-cu ildə dövlətimizin
başçısı zavodun təməlini qoydu və
2013-cü ildə
açılışını etdi. Müəssisə istifadəyə verilərkən
bunun tarixi hadisə olduğunu bildirdi. "Bu zavodun
timsalında yeniləşən, müasirləşən, sənayeləşən
Azərbaycanı görürük", - dedi.
Bu gün Bakı
Gəmiqayırma Zavodunun nailiyyətləri misilsizdir. Zavodun
istismara verilməsi ölkəmizdə yeni gəmilərin
alınması istiqamətində idxaldan
asılılığı aradan qaldırıb. Azərbaycanda
belə bir zavodun yaradılması Xəzər dənizinin
spesifik xüsusiyyətləri və bu hövzədə
mövcud liman infrastrukturunun texniki imkanları nəzərə
alınmaqla nadir layihələr və yeni konsepsiyalar əsasında
bütün növ gəmilərin tikintisini mümkün edib.
Ən yüksək standartlara uyğun gəmilərin
istehsalı isə dövlətimizin həm iqtisadi gücünün, həm də
sənaye və texnologiyalar sahəsində
uğurlarının göstəricisidir.
Başqa sözlə
desək, Bakı Gəmiqayırma Zavodunun yaşı az, uğurları
çoxdur. Təkcə keçən ili xatırlayaq. 2022-ci
il aprelin 28-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"
QSC-nin (ASCO) sifarişi ilə zavodda inşa olunan
"Ro-Pax" tipli "Zərifə Əliyeva" gəmi-bərəsi
istismara verildi. 30 nəfərlik heyət üzvünün idarə
etdiyi gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin,
sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq
mümkündür. "Zərifə Əliyeva", eləcə
də zavodda əvvəl istehsal edilmiş
"Azərbaycan" gəmi-bərələri bu göstəricilərinə
görə Xəzər hövzəsində istismar olunan digər
gəmi-bərələrdən daha üstündür.
Dünyanın aparıcı istehsalçılarının
müasir avadanlıqları ilə təchiz olunan "Zərifə
Əliyeva" gəmi-bərəsində yük lifti,
vertolyot meydançası,
dalğalı havada gəminin sabitləşdirilməsi sistemi,
dartıcı lokomotivlər var.
"Azərbaycan"
gəmi-bərəsi 30 nəfərlik
heyətlə saatda 14 knot sürətlə hərəkət
edə bilir. Qısa beynəlxalq səfərlər
üçün nəzərdə tutulan gəmi 100 nəfər
sərnişin tutumuna malik olmaqla yanaşı, T-1
ölçülü dəmir yolu vaqonları, avtomobillər
və yük maşınlarını daşımağa
qadirdir. Gəmi 2600 kVt gücə malik 2 əsas mühərrik, 188 ton
ağırlıq qaldırma qabiliyyətli yük lifti,
vertolyot meydançası, digər avadanlıq və
infrastrukturla təchiz olunub.
Britaniya Kral Dəniz
Mühəndisləri Cəmiyyətinin (Royayal Institution of
Naval Architects, RINA) 2021-ci ilin ən yaxşı gəmilərinin
siyahısında Ro-Pax tipli "Azərbaycan" ən
yaxşı gəmi-bərə kimi yer alıb.
Keçən il
dekabrın 7-də isə Prezident İlham Əliyevin
iştirakı ilə "Akademik Xoşbəxt Yusifzadə"
tankerinin istismara verilməsi mərasimi keçirildi. Bu,
uzunluğu 141, eni 16,9 metr, yükgötürmə qabiliyyəti
7800 ton olan bir tankerdir. Tanınmış neftçi-geoloqun
adını daşıyan tankerlə həm neft, həm də
kimyəvi məhsulların daşınması
mümkündür. Gəminin suya oturumu ASCO-nun digər tankerləri
ilə müqayisədə maksimum yük götürməklə
Xəzər hövzəsində nisbətən dayaz limanlara
daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən
kənara yük daşımağa imkan yaradır.
Xatırladaq ki,
2019-cu ilin dekabrında Bakı Gəmiqayırma
Zavodunda inşa olunan
"Laçın" və 2021-ci ilin sentyabrında
"Kəlbəcər" neft tankerləri də istismara verilib.
"Laçın"ın
uzunluğu 141, eni 16,9, bortunun hündürlüyü 6 metrdir.
Dedveyti dənizdə 7875, çayda 5447 ton olan tanker hər
biri 1200 kW gücə malik iki mühərriklə təchiz
edilib. Saatda 10 uzel sürətlə hərəkət edə
bilir. "Laçın" tankeri xam neft və neft məhsulları
daşınması üçün ümumi tutumu 9190 kubmetr
olan 6 yük tankına malikdir. Bu tanker həm Xəzərdə
neft və neft məhsullarının daşınmasını,
həm də Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən
kənar hövzələrə maye yüklərin
daşınmasını təmin edir. Britaniya Kral Dəniz
Mühəndisləri Cəmiyyətinin siyahısına görə,
"Laçın" tankeri 2019-cu ildə dünyada inşa edilən ən yaxşı
50 mülki gəmidən biri olub.
"Kəlbəcər"
neft tankerinin uzunluğu, eni, bortunun hündürlüyü,
dedveyti, yük çənlərinin tutumu təxminən
"Laçın"da olduğu kimidir.
"Laçın" 11, "Kəlbəcər" 15 nəfərlik heyətlə idarə
olunur. "Kəlbəcər" tankerinin xarici sularda
istismarı nəzərdə tutulub.
Zavodun digər
bir məhsulu - "Xankəndi" sualtı tikinti gəmisi isə
məxsusi olaraq "Şahdəniz" yatağında işləmək
üçün inşa edilib. O "Şahdəniz" ki sayəsində
Azərbaycan dünyada qaz ixrac
edən ölkə kimi tanındı. "Şahdəniz"in,
yataqdan çıxarılan mavi yanacağı Avropa ölkələrinə
nəql edən "Cənub qaz dəhliz"inin
hazırkı nailiyyətlərində bu nadir gəminin də rolu var. Deməli,
bu cür ən müasir gəmi və tankerlər istehsal edən
zavodun Azərbaycanın dünyada getdikcə daha çox
önəm qazanmasında payı böyükdür.
Qeyd edək ki,
zavod indiyədək xarici ölkələrdən alınan
sifarişləri də uğurla yerinə yetirib. Burada 2018-ci
ildə "Bue Bulkers Limited" şirkətinin sifarişi əsasında
Qazaxıstanın "Kazmortransflot" şirkətinə məxsus
üç gəminin əsas gövdə və qanad çənlərinin
quraşdırılmasına dair işləri uğurla
tamamlanıb və təhvil verilib.
2022-ci ildə isə müəssisədə Türkmənistanın
"Nurly Tolkun" şirkətinə məxsus "NT
Flagman" üçayaqlı üzən qurğunun gövdə
bloklarının və ayaqlarının birləşdirilməsi,
eləcə də hərəkətverici sistemləri və
yükqaldırma kranlarının əsaslı təmir
olunması işləri müvəffəqiyyətlə
tamamlanıb.
Zaman göstərdi
ki, ölkəmizdə gəmiqayırma
zavodunun tikilməsi haqqında
verilən qərar Prezident İlham Əliyev tərəfindən
vaxtında atılmış strateji bir addımdır.
Prezidentin özünün dediyi kimi: "Əgər bu gün
bizdə gəmiqayırma zavodu olmasaydı, biz tankerləri, gəmiləri
haradan alacaqdıq? İndi sual ritorikdir. Biz əvvəllər
haradan alırdıq, indi oradan heç kim ala bilmir".
Odur ki, dövlət
başçısı bu ilin birinci yarısının
göstəricilərinə yekun vurularkən Azərbaycanda gəmi
inşasının daha da genişləndirilməsinin
vacibliyini qeyd edib: "Bizim Xəzərdəki gəmiqayırma
imkanlarımıza da yenidən baxmalıyıq. Çünki
qonşu ölkələrdən sifarişlər gəlir.
Bizim gəmiqayırma zavodumuz mövcud daşıma
imkanlarımıza hesablanmışdır. Eyni zamanda uzun illər
fəaliyyət göstərən gəmilərin sıradan
çıxmasını da nəzərə alırıq.
Çünki onlar sıradan çıxır, təzələnməlidir.
Amma indi daha böyük tələbat var - həm bizim, həm
də ki, qonşu ölkələrin. Beləliklə, istisna
deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin
genişləndirilməsinə də başlaya bilərik. Yəni
siz bunu diqqətdə saxlayın. Hər halda xaricdən gələn
sifarişlər, - biz artıq ilkin danışıqlara
başlamışıq, - çox müsbət haldır və
bu, bir daha göstərir ki, biz hər şeyi vaxtında
edirik".
Flora SADIQLI,
Azərbaycan.-2023.-
19 dekabr, ¹ 277.- S.6.