Hazırkı
reallıq sülh müqaviləsinin imzalanması
üçün əlverişlidir
"Son vaxtlar Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması istiqamətində
müsbət addımlar
atılır. Baş verən hadisələr iki ölkə arasında birbaşa əlaqə kanallarının
işlək vəziyyətə
düşdüyündən xəbər verir. Bu, etimad mühitinin
yaradılması prosesində
vasitəçi olmadan
da yüksək nəticələr əldə
etməyin mümkünlüyünü
göstərir. Əgər
Ermənistan sülh və əməkdaşlıq
istəyirsə, Azərbaycanla
ikitərəfli danışıqlara
üstünlük verməli
və fikir ayrılığı yaradan
məsələləri yalnız
birgə müzakirə
etdikdən sonra yekun nəticəyə gəlməlidir".
Bu fikirləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Azər Badamov deyib. Deputat bildirib ki, Azərbaycanla
Ermənistan arasında
sülh müqaviləsinin
imzalanması təşəbbüsünün
müəllifi Prezident
İlham Əliyevdir:
"Üç il əvvəl, Vətən müharibəsi başa çatdıqdan dərhal
sonra dövlət başçımız Ermənistana
düşmənçiliyə son qoymağı və dövlətlərarası
münasibətlərə yeni
səhifədən başlamağı
təklif etmişdi. Lakin Ermənistan havadarlarına arxalanaraq sülh danışıqları
prosesini manipulyasiya edir, 10 noyabrda imzalanmış üçtərəfli
Bəyanatı icra etmək əvəzinə
yaratdığımız yeni
reallığa kənar
oyunçular gətirir,
regionda gərginliyi artırmağa çalışırdı.
Ermənistanın qeyri-konstruktiv
mövqe sərgiləyərək
Qarabağdakı separatçıları
yenidən revanşizmə
hazırlaması bizi cari il sentyabrın
19-20-də lokal xarakterli
antiterror tədbirləri
keçirməyə məcbur
etdi. Nəticədə,
bütün ərazilərimizdə
suverenlik təmin edildi və Qarabağda erməni separtizminin kökü kəsildi. Antiterror tədbirlərindən sonra
regiondakı reallıq
tamamilə dəyişdi
və sülh müqaviləsinin imzalanmasında
Ermənistanın problem
kimi gördüyü
məsələlər öz
həllini tapdı. Nəhayət, dünya dövlətlərinin ədalətli
mövqeyimizi dəstəkləməsi
ilə yanaşı, Ermənistan da Qarabağın Azərbaycanın
tərkib hissəsi olduğunu bir daha təsdiq etdi".
Deputat vurğulayıb
ki, son bir
ayda Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşması
prosesində yeni mərhələ açılıb:
"Müstəqillik tarixində
33 ildən sonra ilk dəfə olaraq Ermənistan Dubayda keçirilən
COP28 beynəlxalq konfransında
COP29-un evsahibliyi üçün
öz namizədliyini geri götürərək
Azərbaycanı dəstəkləyib
və dünya birliyinə də ölkəmizə dəstək
vermək üçün
çağırış edib. Azərbaycan da öz növbəsində
Ermənistanın konfransın
büro üzvlüyünə
qəbul olunmasını
dəstəkləyib. Daha
sonra isə Prezident İlham Əliyevin tapşırığı
ilə Azərbaycan Respublikasının Prezidenti
Administrasiyası ilə
Ermənistanın baş
nazirinin Aparatı arasında mövcud kanallarla birbaşa
əlaqə yaradılaraq
hərbçilərin qarşılıqlı
azad edilməsi ilə bağlı qərar qəbul olunub. Dekabrın 13-də heç bir kənar vasitəçi olmadan əsirlərin mübadiləsi baş tutub. Həmçinin Azərbaycan və Ermənistanın Baş nazirləri eyni vaxtda sərhədlərin
delimitasiyası ilə
bağlı Dövlət
Komissiyasının reqlamentini
də təsdiq ediblər".
Azər Badamovun
dediyinə görə,
bütün bunlar Azərbaycanla Ermənistanın
heç bir vasitəçi olmadan da sülh danışıqlarına
gedə biləcəyini
göstərir. Çünki
bəzi vasitəçilər
dövlətlərarası münasibətlərin normallaşmasına
ancaq əngəl törədirlər. Əgər
vasitəçilər müxtəlif
"təşəbbüslər" göstərməsəydilər, bəlkə də sülh müqaviləsi çoxdan imzalanmışdı.
Deputat qeyd edib ki, Azərbaycanla
Ermənistan arasında
ikitərəfli formatda
baş verən son proseslər Qərb, ABŞ və Rusiya tərəfindən də dəstəklənib.
Sülh danışıqlarına
vasitəçilik üçün
Vaşinqton, Brüssel
və Moskva arasında yeni rəqabət başlayıb.
Onların hər biri sülhü dəstəklədiyini bildirsələr
də, əslində,
hərəsinin regionda
öz maraqları var.
Azər Badamov onu da deyib
ki, Azərbaycan sülhlə bağlı təşəbbüsləri həmişə
dəstəkləyib: "Ölkəmiz
sülh prosesinə yanaşmada ikili standartlar tətbiq edən platformalarda iştirakdan isə hər zaman imtina edib. Bu
gün Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının
təşkili təşəbbüsü
ilə çıxış
edən ölkələr
dünyada gedən müharibələrin iştirakçısıdırlar.
Onların əsas məqsədi silahlarını
sataraq pul qazanmaq olduğu üçün müharibələrin
baş verməsində
maraqlıdırlar. Belə
olan halda, vasitəçilərin iştirakı
ilə regionda sülhə çatmağın
mümkünsüzlüyü açıq-aydın ortadadır.
Əgər sülhə
münasibət ikitərəfli
formatdan çoxtərəfli
formata qayıdarsa, danışıqların aparılması
və yekun sənədin imzalanması
uzun prosesə çevrilə bilər".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
19 dekabr, № 277.- S.8.