Çoxsaylı
böhranlar erasının
başlanğıcı
Emmanuel Makron Fransaya tarixinin ən acınacaqlı günlərini
yaşadır
Fransa parlamentinin
aşağı palatası
olan Milli Assambleya bu günlərdə
hökumətin immiqrasiya
ilə bağlı qanun layihəsinin müzakirə olunmazdən
əvvəl müvəqqəti
rədd edilməsinə
səs verib. 270 deputat bu təklifi
dəstəkləyib, 265 parlamentari
əleyhinə çıxıb.
Parlament təcrübəsində
ilkin imtina kimi nadir vasitədən
istifadə olunması
hökuməti çətin
vəziyyətə salıb
və onu üç variantdan birini seçməyə məcbur edib: qanun layihəsini geri götürmək, başqa sözlə, onun məğlubiyyətinə
imza atmaq; mətni parlamentin yuxarı palatasına - Senata göndərmək; məqbul qanun layihəsi hazırlamaq üçün senator və deputatlardan ibarət qarışıq
komissiya yaratmaq. Hökumət sonuncu variantı seçib.
Hakimiyyət 2015-ci ildəki
Avropa miqrasiya böhranından sonra yenə də fransızları narahat edən immiqrasiya kimi həssas mövzu ilə bağlı qanunun təsdiqinin onlar üçün çətin
sınaq olacağını
qabaqcadan görürdü.
Fransanın əhalisi
qocalır: 2020-2030-cu illər
ərzində 75-84 yaşlı
vətəndaşların sayı
1,5 dəfə artacaq.
Bu şərtlər altında immiqrasiyadan qaçmaq mümkün olmadığı üçün
solçular ənənəvi
olaraq səyləri qəbul şəraitinin yaxşılaşdırılmasına və yeni gələnlərin
peşəkar həyata
inteqrasiyasına yönəltməyi
təklif edirlər. Əksinə, sağçıların
fikrincə, ölkə
daxilində bir çox problem məhz miqrantların kütləvi axını
ilə bağlıdır.
Bəzi müşahidəçilərin
əhəmiyyətsiz tədbirlər
yığnağı kimi
qiymətləndirdiyi gələcək
qanunun taleyindən asılı olmayaraq, qanunvericilərin miqrasiya siyasətini ciddi şəkildə yenidən
nəzərdən keçirmədikləri
göz qabağındadır.
Əsas isə odur ki, qanunun
məzmunu və onun parlamentdən keçməsi prosesi ölkədə mövcud
vəziyyətin xüsusiyyətlərini
əks etdirir.
Siyasi ekspertlərin
fikrincə, Fransa Emmanuel Makronun ikinci prezidentlik beşilliyinə bir sıra struktur problemləri ilə yaxınlaşıb. Onlardan
yalnız bir neçəsinin adını
çəkək. Hər
şeydən əvvəl,
genişmiqyaslı sənayesizləşdirmə
xroniki xarici ticarət kəsiri və yüksək işsizliklə nəticələnib.
Ölkənin dünyadakı
mövqeyini qorumaq və milli təsərrüfat
kompleksinin dayanıqlılığını
artırmaq üçün
elmi tədqiqatlar və innovativ məhsulların istehsalı
əsasında "yenidən
sənayeləşməyə" ehtiyac yaranıb. İqlim istiləşməsinə
qarşı elan edilmiş mübarizə enerji istehsalının əsaslı şəkildə
yenidən qurulmasını
və qənaətcil
enerji istehlakına keçidi nəzərdə
tutur. Dövlət xidmətlərinə tələb
və təklif arasındakı uçurumu,
ilk növbədə təhsil və səhiyyə sahəsindəki
problemləri aradan qaldırmaq həm onların fəaliyyətinin
səmərəliliyinin artırılmasını,
həm də maliyyələşdirilməsinin genişləndirilməsini tələb
edir. Ölkə rəhbərliyi onu da bilir ki,
Qərb dövlətlərinin
və Qərbi Avropa güc mərkəzinin dünyada
təsirinin azalması
fonunda gündəlikdə
duran əsas məsələ xarici və müdafiə siyasətini beynəlxalq münasibətlər sisteminə
uyğunlaşdırmaqdır. Məhz bu səbəbdən
Makron hazırkı vəziyyəti çoxsaylı
böhranlar erasının
başlanğıcı kimi
səciyyələndirir.
Bir sıra amillər dövrümüzün
çağırışlarına səmərəli cavab vermək baxımından icra hakimiyyətinin manevr imkanlarını xeyli azaldır. Birincisi, pandemiya böhranından sonra genişmiqyaslı dövlət
dəstəyi planına
arxalanan milli iqtisadiyyatın yüksələn
inkişaf trayektoriyasına
daxil olacağına dair ümidlər özünü doğrultmayıb.
İnflyasiyanın sürətləndirilməsi,
sonra isə sərt pul-kredit siyasətinə keçid
iqtisadi artımı ləngidib. Bundan əlavə, dövlət
maliyyəsinin acınacaqlı
vəziyyəti (borc, demək olar ki, 112 faiz, büdcə
kəsiri isə
ÜDM-in təxminən
5 faizini təşkil edir) hakimiyyəti iki fərqli vəzifə arasında sıxışdırır: kəsiri
və dövlət borcunu azaltmaq üçün hökumətin
xərclərinin artımının
qarşısını almaq
və struktur problemlərin həlli məqsədilə xeyli həcmdə resursları səfərbər etmək.
İkincisi, parlamentdə
mütləq çoxluq
olmadığı halda
hökumət müxalifət
partiyalarından dəstək
almağa və hər bir qanun
layihəsi ilə bağlı kompromislərə
getməyə məcbur
olur. Qarşılıqlı
məqbul həllər
əldə etmək mümkün olmadıqda, hökumət konstitusiyanın
49-3-cü maddəsinə müraciət
edir ki, bu da qanun
layihəsinin səsvermə
olmadan qəbul edilməsinə imkan verir. Ancaq bu
halda parlamentin buraxılması təhlükəsi
meydana çıxır.
Beləliklə, siyasi
qərarların qəbulunun
səmərəliliyini artırmaq
üçün belə
bir təcili vasitədən istifadənin
mənfi tərəfi
də var. İctimai rəy onun qanuniliyini tanısa da, tədricən daha çox antidemokratik hesab edir və
bu vasitənin legitimliyini, yəni universal dəstəyi inkar edir. Nəticədə,
kütlə ilə siyasi elita arasındakı
uçurum getdikcə
artır.
Bugünkü Fransa
cəmiyyəti yüksək
sosial gərginliklə
xarakterizə olunur. Onun təzahürləri arasında pensiya islahatına qarşı kütləvi etirazlar var (2023-cü il martın 7-də 1,2 milyondan
3,5 milyona qədər
insan küçələrə
çıxıb). Çıxışların
arxasında təkcə
pensiya yaşının
artırılmasının rədd edilməsi deyil, həm də əhalinin maddi vəziyyətinin qeyri-sabitliyi və sosial diskomfortunun artması ilə bağlı narazılıq
dayanırdı. Yol hərəkəti qaydalarını
pozan 17 yaşlı ərəbəsilli fransızın
polis tərəfindən
öldürülməsindən sonra ölkəni bürüyən gənclərin
aqressiv etirazları isteblişment üçün
soyuq duş oldu. Xatırladaq ki, iyunun 27-dən iyulun 5-dək olan həftə ərzində
mindən çox binaya ziyan dəyib,
7 minə yaxın avtomobil yandırılıb,
asayişi qorumaq üçün 45 min polis və jandarm
səfərbər edilib,
3,5 min nəfər saxlanılıb. 700-dən çox
polis əməkdaşı
yaralanıb.
Fransanın bütün
istiqamətlərdə çağırışlarla
üzləşdiyi xarici
siyasət Makronun işini daha da çətinləşdirib.
Bu da Fransa
prezidentinin 2017-ci ildəki
iddialı planları ilə 2023-cü ilin reallığı arasındakı
məsafəni yalnız
artırır. Qoca qitədə görünməmiş
təhlükəsizlik böhranı
və Qərbi Avropanın "atlantikləşməsi",
Afrikada fransız varlığının dağılması
və Hind-Sakit Okean regionunda siyasi resursların birləşdirilməsində çətinliklər
- bütün bunlar
Aİ-nin dünyadakı
rolunun azalmasına gətirib çıxara biləcək hazırkı
beynəlxalq dəyişikliklər
kontekstində Fransanın
öz mövqeyini qorumaq kursunu müəyyən edir.
Əgər 2022-ci il
Avropada arzu olunan təhlükəsizlik
arxitekturasına dair fransız ideyalarını
məhv etdisə,
2020-2022-ci illərdə Mali
və Burkina Fasodakı məlum hadisələrdən sonra
Niger və Qabondakı çevrilişlər
Parisin Afrika siyasəti üçün
əsl çağırış
oldu və Fransanın
Qara qitədəki hərbi və siyasi mövcudluğunun miqyasını və xarakterini şübhə altına aldı.
2017-ci ildə hakimiyyətə
gələn və seçilməsi ərəfəsində
"İnqilab" kitabını
nəşr etdirən
prezident Makron milli sosial-iqtisadi modeli kökündən təkmilləşdirmək arzusunda
idi. Ölkədə
"yenidənqurma" küləkləri
əsməyə başlamışdı.
Lakin ikinci prezident mandatının əvvəlində yuxarıda
bəhs etdiyimiz ciddi məhdudlaşdırıcı
amillərə görə
indiki dövlət başçısının vaxtından
əvvəl axsamasını
üzə çıxırır.
Əgər prezident komandası siyasi bəyannamələrdən kənara
çıxa və islahatların gedişatına
ikinci nəfəs verə bilməsə, o zaman ölkə ağır duruma doğru sürüşmək
riski ilə üzləşəcək.
Rizvan CƏFƏROV,
Azərbaycan.-2023.-
19 dekabr, № 277.- S.8.