Davamlı inkişaf ölkəmizin gücünü artırır

 

 

20 il öncə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev mətbuata ilk müsahibəsində müstəqilliyimizin qarantı, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı olacağına, Azərbaycanı daha da gücləndirəcəyinə, hərtərəfli inkişaf etdirəcəyinə, xalqın etimadını doğruldacağına söz vermişdi.

20 ildəki reallıqlar göz qabağındadır. Qazanılan uğurlar, Azərbaycanın regionda lider dövlət kimi tanınması, Zəfər qələbəsi verilən vədlərin bariz nümunəsidir.

Azərbaycanın sürətli inkişafı, beynəlxalq müstəvidə nüfuzunun artması, ölkə daxilində sosial-iqtisadi iri layihələrin həyata keçirilməsi, ən başlıcası 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər ictimaiyyətdə xüsusi ovqat yaradıb Prezidentə olan inamı daha da artırıb. Dövlət başçısının qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın Prezidentin ətrafında sıx birləşməsi sayəsində  daşnak şovinistlərin 200 ildən artıq davam edən ərazi iddialarına son qoyulub. Ali Baş Komandana rəğbət etimadın gücü ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub.

Ölkədə bazar iqtisadiyyatı özəl sektorun formalaşmasını, sosial məsələlərin həllini, ordu quruculuğunu, qaçqın məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin edən Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına nail olmuş, bütün sahələrdə geniş miqyasda islahatlar keçirmişdir. Texnoloji inkişafa böyük önəm verilmiş, qlobal enerji nəqliyyat layihələri icra edilmiş, ən nəhayət, respublikamız qüdrətli ölkə kimi dünyanın enerji nəqliyyat mərkəzinə çevrilmişdir. 2017-ci ildə "Yeni əsrin müqaviləsi" imzalanmış, 2018-ci ilin mayında "Cənub qaz dəhlizi"nin rəsmi açılışı olmuş, həmin ilin iyun ayında TANAP istifadəyə verilmişdir. 2020-ci il dekabrın 31-də isə "Cənub qaz dəhlizi"nin digər seqmenti olan TAP işə düşmüşdür. 2021-ci ildə işğaldan azad edilmiş Füzulidə yeni beynəlxalq hava limanı açılmış,  Qarabağ Şərqi Zəngəzurda dünya standartlarına uyğun magistrallar salınmışdır. 2022-ci ildə  Prezident İlham Əliyevin rəhbərliyi təşəbbüsü ilə çoxsaylı iqtisadi layihələr reallaşmışdır. Həyata keçirilən bu layihələr nəticəsində ölkəmizin iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin rifahı yaxşılaşmışdır. Eyni zamanda Qarabağ müharibəsi iştirakçılarına, əlillərə, habelə onların ailə üzvlərinə lazımi maddi dəstək göstərilmişdir.

Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə regional inkişafın aparıcı qüvvəsinə dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilmişdir. Prezidentimizin dediyi kimi, "Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var".

Azərbaycandan Avropaya yeni "yaşıl enerji" dəhlizi açılacaq. Azərbaycan ötən ilin sonlarında Rumıniyada daha bir tarixi uğura imza atdı. Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin təntənəsi idi.

Prezident İlham Əliyev bu tarixi hadisəni dəyərləndirərkən demişdir: "Yaşıl enerji"nin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan sazişin icrası Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verəcəyi ümumi töhfə olacaq. Bu saziş "yaşıl enerji" dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır". Artıq Azərbaycan İlham Əliyevin uzaqgörən enerji siyasəti sayəsində Avropanın etibarlı  təchizatçılarından birinə çevrilməkdədir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rol oynaması ölkə sərhədlərindən kənarda, özü ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Məhz  buna görədir ki, dünyanın ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini açıqlayırlar.

Sosial rifahın ana xətti sabitlikdir. Azərbaycanda isə sabitliyin təminatçısı iqtidar-xalq birliyidir. "Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda dinlərarası münasibətlər də bizim gücümüzü artırır" söyləyən Prezident İlham Əliyev qətiyyətli dövlət başçısı kimi verdiyi vədlərə sadiq, siyasi iradəyə malik lider olduğunu təsdiqləmişdir.

Bütün bunları Sosial Tədqiqatlar Mərkəzinin "Prezidentin fəaliyyəti ictimai rəydə" sorğusunun nəticələrindən də aydın görmək olur. Dövlət başçısının müxtəlif istiqamətlərdəki fəaliyyəti respondentlər tərəfindən yüksək qiymətləndirilir. Sorğuya görə, Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə ölkəmizin siyasi-iqtisadi gücünün 70 faizə yaxın artacağı və regionda mövqeyinin 50 faizdən çox güclənəcəyi mümkündür. Əhalinin 82 faizdən çoxu postmüharibə dövrü üçün Böyük qayıdış planlarını və verilən qərarları müsbət qiymətləndirir.

Prezident İlham Əliyevin bu il dekabrın 6-da keçirilmiş "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda demişdir: "Biz əlimizdən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar..." Cari ildə doğma ata-baba yurdlarına qayıdan Füzulidən, Zəngilanın Ağalı, Tərtərin Talış kəndlərindən, Laçın şəhərindən və rayonun Zabux kəndindən olan məcburi köçkünlər deyilənlərdən də yaxşı şəraitlə təmin olunduqlarını söyləyirlər. Elə ay, elə həftə olmur ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərinin Qaradağ rayonundan yola salınan, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış insanların doğma yurd, el-oba həsrətinə son qoyulmasın.

Ötən üç il ərzində işğaldan azad edilmiş bütün ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkə üçün nümunə olan yeni mərhələyə qədəm qoyaraq rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı inkişaf aktivliyinin təmin olunmasına xidmət edən layihələrin icrası davam etdirilir. 

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri, veteranları və iştirakçılarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həmin ailələr üçün aylıq təqaüdün miqdarının artırılması, sosial problemlərinin həll edilməsi, müharibədə yaralananların müalicə üçün xarici ölkələrə göndərilməsi, əlillik dərəcələrinin təyin edilməsi və vaxtında müəyyən olunması, milli dəyər və ənənələrimizə sadiqlik cəmiyyətdə məmnunluq yaratmışdır. İlham Əliyev ölkəmizdən kənarda yaşayan azərbaycanlıların da hamisidir.

Bütün bunlar onu deməyə əsas verir ki, reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, səmimiliyi, xalqına, millətinə, Vətəninə sevgisi, qətiyyətliliyi, məqsədə doğru inamla irəliləməsi Prezident İlham Əliyevə xalqın rəğbət hissini artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. Dövlət başçısı həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini anlayan və fəaliyyətini milli mənafeyə uyğun quran siyasi liderdir.

Prezident İlham Əliyevin yaratdığı qüdrətli Azərbaycanın hər bir vətəndaşı yaxşı bilir ki, ölkəmizin ərazi bütövlüyünün tam bərpası, suverenliyimizin təmin edilməsi bizi istəməyən qüvvələri ciddi narahat etməkdədir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycana, xüsusən də prezident seçkiləri ərəfəsində hansısa formada təzyiq etsinlər, ara qarışdırsınlar və regionda yaranmış sülh şəraitini pozsunlar. Amma nə uzaqgörən siyasəti ilə doğru qərarlar qəbul edən İlham Əliyev, nə də Vətən müharibəsində bu ölkəyə Zəfər qələbəsini  yaşadan Prezidentini ürəkdən sevən xalqımız imkan verməz ki, yaranmış yeni reallıqlara kimsə müdaxilə etsin. Bu reallığın, ümummilli etimadın nəticəsini 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində tərəqqipərvər bəşəriyyət görəcək və biləcək ki, xalqımızın rəyi də, mövqeyi də, seçimi də dəyişməzdir.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2023.- 20 dekabr (№278).- S.6.