Ermənistanın regionun lider dövləti ilə razılaşmaqdan savayı yolu yoxdur

 

 

Bunu dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri deyirlər

 

 

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni işğalçıları üzərində çaldığı əfsanəvi qələbə bütün xalqımıza möhtəşəm ucalıq bəxş etdi. Bu qələbənin sayəsində biz kimliyimizi, güc və qüdrətimizi dərk etdik, müasir dünya düzənində layiqli yerimizi tutduq və həm də düşmənin mifik qələbələrin uçurumlarına çöküşlərinin şahidi olduq.

Təkcə biz və ağır cəzasını alan düşmən deyil, bütün dünya dövlətləri də "erməni döyüşkənliyi"nin fantastik uydurmalar səviyyəsində olduğunu aydın gördülər. Yanını qucaqdan-qucağa dəyişməklə heç bir dövlət qüdrət sahibi ola bilməz. Erməni separatçıları da bunu faciəvi məğlubiyyətlərinin sonunda anladılar. Onlar uzun illər idi ki, qalib duruşunda poz verməyə, özlərini döyüşkən xalq kimi təqdim etməyə adətkar olmuşdular. Azərbaycan Ordusu möhtəşəm döyüşlə bütün erməni əfsanələrini sabun köpüyü kimi partlatdı, onların bütün təbliğatının romantik şişirtmələrdən artıq bir şey olmadığını üzə çıxardı. O da birmənalı şəkildə təsdiq olundu ki, Qarabağ və Zəngəzur ərazilərinin bir qarışının belə erməni işğalçılarına dəxli yoxdur. Bunu özləri də bilirdilər, yoxsa vuruşardılar və 10 mindən çox fərari ilə dabanlarına tüpürüb qaçmazdılar.

Məlum olduğu kimi, bu yaxınlarda ADA Universitetində  "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" adı altında forum keçirilmişdir. Tədbirdə Prezident İlham Əliyevə verilən suallarda da son illər dövlət başçısının və ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması aydın  müşahidə olundu. Onlar  mühüm əhəmiyyət kəsb edir, ölkəmizin beynəlxalq aləmdə yüksəldiyi yeni mövqelərə işıq salırdı.

Forum bir daha dünyanın aparıcı beyin mərkəzlərinin mütəxəssislərinin ölkəmizdəki dəyişikliklərə sərgilədikləri fərqli münasibətlərin şahidi olmağa imkan yaratdı. Yaxşı tanıdığımız səfir Metyu Brayza sualında əvvəlcə onu qeyd etdi ki, dünyanın heç yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulmasını təsdiq edən ikinci belə məkan yoxdur: "Bu, görünməmiş haldır və biz bunun şahidi oluruq, buna görə də Sizə təşəkkür edirik". Ceymstaun Fondunun sabiq prezidenti Qlen Hovard isə Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə bağlı baxışlarının nədən ibarət olduğunu soruşdu: "...Prezident olaraq Siz noyabr ayında Astanada Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak etdiniz və orada çıxışınızda bildirdiniz ki, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq genişləndirilməlidir. Siz hesab edirsinizmi ki, xarici qüvvələrə qarşı Türk Dövlətləri Təşkilatı bir təhlükəsizlik ittifaqına, dövlətlər blokuna, bir növ türk dövlətlərinin NATO-suna çevrilə bilər? Türk Dövlətləri Təşkilatının gələcəyini necə görürsünüz?" Belə bir sualın verilməsi Azərbaycanın xarıcı siyasətinin dünya çapında daha yüksək mövqelərə yüksəlməsi ilə bağlı idi.

Links Avropa Fondunun direktoru Denis Sammut (Niderland) Azərbaycan Prezidentinin tarixin yaddaşına 2020-ci il Qarabağ müharibəsinin qalib sərkərdəsi kimi həkk edildiyini bildirdi. Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun prezidenti Ekaterine Metreveli  də İlham Əlievə Zəngilana səfərinin oyatdığı təəssüratlara görə təşəkkürünü bildirdi, arzularını dilə gətirdi: "Məcburi köçkünlərin problemi başa düşdüyümüz kimi asan proses deyil və biz bu işdə, regionun gələcək inkişafı yolunda şəxsən Sizə və Azərbaycana uğurlar arzu edirik". Özbəkistandan Əzizə Umarova isə Füzulidə Özbəkistandan hədiyyə kimi tikilən məktəbi xatırlatdı və Qarabağa qayıdış fonunda konkret olaraq Trans-Xəzər dəhlizinin Mərkəzi Asiya üçün əlavə imkanlar yaradacağını qeyd etdi: "Eyni zamanda Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun inkişafı üçün milli prioritetimiz var ki, bu, Orta dəhlizlə birləşdirilsə, Cənubi Asiyanı Avropaya qədər birləşdirən bütün Mərkəzi Asiya ölkələri üçün faydalı olan bir layihə olacaq". Sonra söz alan beynəlxalq əlaqələr üzrə professor, İspaniya Parlamentinin və AŞ PA-nın sabiq üzvü Çorduşu Pla Azərbaycanın bu işğala son qoymasını tarixi bir məqam kim qiymətləndirdi: "Digər tərəfdən, Avropa Parlamenti və AŞ PA-nın müxtəlif qurumları beynəlxalq əlaqələrdə sıfır səviyyəsində olan səriştəsi ilə çox asanlıqla digər siyasi səviyyədə olan bəyanatlar verir. Sanki Avropa Şurası və Avropa Komissiyası real yanaşmadan irəli gələrək bir səviyyədə fəaliyyət göstərir, digərləri isə başqa səviyyədə".

Bütün bunlar bir daha onu təsdiq edir ki, Azərbaycan son 20 ildə böyük inkişaf yolu keçmiş, daha güclü nüfuz sahibinə çevrilmişdir. Ermənistanın isə Cənubi Qafqazın lider ölkəsi ilə razılaşmaqdan başqa yolu yoxdur.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2023.- 20 dekabr (№278).- S.9.