YAP-ın qərarını cəmiyyətin müxtəlif təbəqələri dəstəkləyir

 

 

Prezident seçkiləri İlham Əliyevin yürütdüyü siyasi kursa etimad referendumudur

 

 

 

Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək növbədənkənar prezident seçkilərinə iki aydan az vaxt qalır. Artıq Yeni Azərbaycan Partiyasından İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

2024-cü ildə keçiriləcək seçkilər Zəfər seçkisi adlandırılır. Təbii ki, bu da təsadüfi deyil. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qətiyyəti, iradəsi, uğurlu siyasəti nəticəsində 2020-ci ildə torpaqlarını işğaldan azad edib. Bu ilin sentyabrında isə antiterror tədbirləri nəticəsində separatçı rejimin mövcudluğuna son qoyulub, ərazi bötüvlüyümüz, suverenliyimiz tam bərpa olunub. Xalqımız qalib xalqa, Azərbaycan qalib ölkəyə çevrilib. Xalq ona qələbəni yaşadan müzəffər sərkərdəsinə inanır. Bu seçkilər İlham Əliyevin xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi olacaq.

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Azərbaycan" qəzetinə açıqlamasında qeyd edib ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə ən layiqli namizədi irəli sürüb: "YAP-çılar hesab edirlər ki, cənab İlham Əliyev indiyə qədər Prezident vəzifəsinə çox böyük etimadla yanaşıb, cəmiyyətin problemlərinin həllində böyük işlər görüb. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib. Azərbaycan torpaqlarında separatçı rejimin mövcudluğuna son qoyulub. Cənab Prezidentin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artıb".

A.Mirzəzadə vurğulayıb ki, prezidentliyə namizəd YAP Sədri İlham Əliyev xalqa yaxındır, hər bir vətəndaşın probleminin həllini ümumdövlət səviyyəsində daim diqqətdə saxlayır. Qarşıdan gələn demokratik, şəffaf, rəqabətli seçkilərdə namizədlər ədalətli mübarizə aparacaqlar: "Cənab İlham Əliyevin prezidentliyə namizəd göstərilməsi isə təkcə Yeni Azərbaycan Partiyasının üzvləri tərəfindən deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələri tərəfindən maraqla qarşılandı dəstəkləndi. Hesab edirəm ki, bu seçkilər Azərbaycanın 2024-cü ildən sonra gedəcək yolun seçim seçkisi, Prezident İlham Əliyevin yürütdüyü siyasi kursa etimad referendumudur. Bu seçkilər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, demokratiyanın dərinləşməsində böyük rol oynayacaq".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 20 dekabr, № 278.- S.4.