Azərbaycanın
bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib
Dekabrın 18-19-da Mərakeşin
paytaxtı Rabat şəhərində İslam
Dünyası Təhsil,
Elm və Mədəniyyət Təşkilatı
–ICESCO-nun nəzdində
fəaliyyət göstərən
İslam Dünyası
İrs Komitəsinin
(IWHC) 11-ci iclası keçirilib.
Mədəniyyət
Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, komitə üzvlərinin
qərarı ilə ölkəmizin zəngin mədəniyyətini
əks etdirən aşağıda qeyd olunan 10 qeyri-maddi mədəni
irs nümunəsi İslam Dünyası İrs Siyahısına
daxil edilib:
1. Yallı (köçəri,
tənzərə) Naxçıvanın
ənənəvi qrup
rəqsləri;
2. Dolma hazırlanması
və paylaşılması
ənənəsi, mədəni
kimliyin göstəricisi;
3. Pəhləvanlıq mədəniyyəti, ənənəvi
zorxana oyunları, idman növləri və güləş;
4. Azərbaycan muğamı;
5. Lahıc misgərlik
sənəti;
6. Çövkən – ənənəvi Qarabağ
atüstü oyunu;
7. Azərbaycan aşıq
sənəti;
8. Kəlağayı düzəldilməsi və
geyinməsi ənənəvi
incəsənəti və
onun simvolizmi;
9. Tar ifaçılıq
sənəti və onun hazırlanma ustalığı;
10. Azərbaycanda xalça
toxuculuğu ənənəvi
sənəti.
Dekabrın 19-da ICESCO-nun qərargahında Mərakeş rəsmiləri,
təşkilata üzv
ölkələrin diplomatik
nümayəndəlikləri və İslam Dünyası İrs Komitəsi üzvlərinin
də iştirak etdiyi mərasimdə Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
hazırladığı namizədlik
faylları əsasında
qeyd olunan elementlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsini təsdiq edən sertifikat ICESCO-nun baş direktoru
Salim əl-Malik tərəfindən Azərbaycanın
bu qurumdakı daimi nümayəndəsi Nazim Səmədova təqdim edilib. İslam Dünyası İrs Komitəsinin sözügedən qərarı
ilə Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni irs elementlərinin mühüm
dəyəri vurğulanıb
və mədəni irsin qorunması, mühafizəsi və davamlılığının təmin
edilməsinin vacibliyi nümayiş etdirilib. Qeyd edək ki, Azərbaycanın üzvü olduğu ICESCO
ilə əməkdaşlığında
mədəni irsin qorunması mövzusu mühüm yerlərdən
birini tutur.
Xatırladaq ki,
2019-cu ildə Azərbaycandan
İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrs Siyahısına daxil edilib.
Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 15-ə çatıb.
Azərbaycan.-2023.- 20 dekabr (№278).- S.8.