"Mənim ən böyük mükafatım Qarabağın
azadlığa qovuşmasıdır"
Onu teatr sənətinin ləyaqət
kodeksi adlandıranlar da, dostluğun simvolu hesab edənlər
də var...
Dostları, yaxından
tanıyanlar ilk növbədə "sözünün
ağası, qədirbilən,
dəyər verməyi
bacaran, təmənnasız
adam" kimi xarakterizə edib, "gözütox kişidir"
fikri ilə sözlərini tamamlayırlar
...
Qarabağlılarsa onun
haqqında söz düşəndə "Azad
müəllim Qarabağın
kövrək ruhudur"
ifadəsini daha çox işlədirlər...
Söhbət Azərbaycan
Respublikasının Əməkdar
artisti, bədii qiraət ustası, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
professoru Azad Şükürovdan gedir.
Azad Hətəm
oğlu Şükürov
1959-cu il fevralın 11-də
Ağdam rayonunun Muğanlı kəndində
anadan olub. Onunla redaksiyamızda görüşüb ömrün
geridə qalan illərinə birgə nəzər yetirdik. Deyir ki, hələ
orta məktəbdə
oxuduğu illərdə
bədii özfəaliyyət
dərnəyinin fəal
üzvlərindən olub.
"Aktyorluq sənətinin
taleyi də belədir, əvvəl valideynlərin sənin bu sənətə gedən yolunu bağlamaq istəyirlər,
sonra da səninlə, sənətinlə
fəxr edir, qürurla "o, mənim oğlumdur" deyirlər.
Bu da səbəbsiz
deyil. Günahı özümüzdə axtarmalıyıq.
Açıq danışacağam,
bəzi aktyorlar, ümumiyyətlə, sənət
adamları özlərini
cəmiyyətə, xalqa,
onları səhnədən,
ekrandan tanıyan, sevən adamlara layiqincə təqdim edə bilmirlər. Özlərini, bu müqəddəs peşəni
gözdən salırlar.
Səhnədə böyük
obrazlar yaradan və bununla xalqın sevimlisi olanlar bir də
görürsən ki,
real həyatda ona olan sevgiyə,
hörmətə, ən
başlıcası isə
özünə dəyər
verə bilmir. Bu səbəbdən də bəzən valideynlər bu cür qeyri-ciddi sənət sahiblərini görüb, incəsənət
sahəsinə üz tutmaq istəyən övladlarına mane olmağa çalışırlar.
Aktyorluq fədakarlıq
tələb edir
Azad müəllim
deyir ki, indiki zamanda aktyorluq sənəti maraqlı olsa da, pul gətirən
iş deyil. İnsanlar daha çox gəlirli sahəyə üz tutur, daha yaxşı,
qayğısız yaşamaq
istəyirlər. Aktyorluq
sənəti fədakarlıq
tələb edir. Aktyor olmaq istəyən
bilməlidir ki, şöhrətdən, tanınmaqdan
başqa, maddi çətinliklər, digər
görünməyən problem
və qayğılarla
da üzləşəcəklər.
Bu sənəti seçən səbirli olmalı, tələsməməlidir.
Həqiqi istedadın varsa, zamanla hər şeyə nail olacaqsan...
Aktyorluq arzusunu
gerçəkləşdirmək üçün Bakıya
gələn Azad Şükürov Xətai
adına Mədəniyyət
Sarayının nəzdində
fəaliyyət göstərən
Azərbaycan Xalq Teatrına üzv yazılıb. 1977-1981-ci illərdə
isə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Aktyorluq
fakültəsində - Rza
Təhmasibin kursunda təhsil alıb. İnstitutu fərqlənmə
diplomu ilə bitirən aktyor bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət
Dram Teatrında çalışıb. 1984-1990-cı illərdə isə Tədris Teatrında fəaliyyət göstərən
aktyorun taleyinə Şuşa Dövlət Musiqili Dram Teatrında
çalışmaq nəsib
olub. 1992-2009-cu illərdə
Bakı Bələdiyyə
Teatrında fəaliyyət
göstərən aktyor
bu illəri aktyorluq fəaliyyətinin
ən məhsuldar dövrü hesab edir:
- Şuşa Teatrında
işləyərkən 1990-cı ildə Mədəniyyət
və İncəsənət
Universitetinin Səhnə
danışığı kafedrasından
iş təklifi aldım. O zaman heç ağlıma da gəlmirdi ki, həyatımı bu təhsil ocağında keçirməli
olacağam. 1992-ci ildə
respublikanın Xalq artisti, görkəmli səhnə ustası Amaliya Pənahova məni Bakı Bələdiyyə Teatrında
işə dəvət
etdi. Təbii ki, bu, mənim
universitetdə işləməyimə mane olmurdu...
Bəxti gətirən
aktyor
Azad Şükurov
deyir ki, o, özünü bəxtli aktyor hesab edir.
Bələdiyyə Teatrında
bir aktyor kimi istedadını göstərmək üçün
çox gözəl şərait var idi. Teatrın rəhbərliyi, rejissorları
xarakterinə, aktyorluq
potensialına uyğun
rolları ona tapşırırdılar. Aktyor
üçün rolun
böyüyü, kiçiyi
olmur. Gərək obraza həyat verməyi bacarasan: "Yaratdığım bütün
obrazların üzərində
çalışıb əziyyət
çəkmişəm. Amma
Nəriman Nərimanovun
"Nadir şah" əsərindəki Nadir şah obrazının mənim üçün bir ayrı özəlliyi
var. Bu tarixi
qəhrəmanımıza səhnə
həyatı verərkən
Qarabağ illər idi ki, işğal
altındaydı. Hər
dəfə qılıncın
qəbzəsindən tutanda
gözümün önünə
Qarabağ, işğal
olunmuş ərazilərimiz
gəlirdi. Nadir şah hakimiyyətə çətin bir vaxtda, dövlət təhlükədə olanda
gəlmişdi. Bu tarixi qəhrəmanımız
həm dövləti xilas edə, həm güclü ordu, donanma yarada
bilmiş, həm də Azərbaycanı qüdrətləndirmişdir...
Şükürlər olsun ki, Azərbaycan
qəhrəmanlıq tarixini
bərpa etdi. Qarabağı xilas edən Müzəffər
Ali Baş Komandanımız İlham
Əliyev daha böyük bir tarixi qəhrəmanlığa
imza atan sərkərdə olduğunu
təsdiqlədi. Güclü
ordu yaradıb Qarabağı düşməndən
təmizlədi, bütün
ərazilərimizdə suverenliyimizi
bərpa etməklə,
dünyanın böyük
dövlətlərinin bu
torpaqlarda həyata keçirmək istədikləri
çoxəsrlik bir layihəni tarixin arxivinə atdı. İlham Əliyev bu günün böyük qəhrəmanıdır".
Azərbaycan İncəsənət
Universitetinin Musiqili teatr aktyoru kafedrasının
müdiri professor Azad Şükürov bir sıra ədəbi-dram
verilişlərində, dublyaj
redaksiyasında fəaliyyət
göstərir, o, qiraət
ustasıdır. 2003-cü ildə
İranda keçirilən
I Tehran Beynəlxalq Komediya Festivalında qızıl medala layiq görülüb.
2023-cü ilin 13 dekabrında
isə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli
"Əmək" ordeni
ilə təltif edilib.
Azad müəllim
deyir ki, o, hələ aktyorluq imkanlarından tam istifadə etməyib:
"Son rolum Şuşada Vaqif Poeziya Günlərində
İlqar Fəhminin
"Vaqif dünyası"
əsərində Vaqif
obrazı olub. Canlandırmaq istədiyim obrazlar var".
Yaradıcı təşkilatlar
qələbəmizi layiqincə
təqdim edə bilmirlər
Söhbət zamanı
professor çox ehtiyatla
vacib bir məqama da toxundu. Qarabağda qazanılan böyük qələbə,
müharibə zamanı
göstərilən böyük
qəhrəmanlıqlar haqqında
daha sanballı, ciddi bədii sənət əsərlərinin
yaranmasına ehtiyac
var.
Azad müəllim deyir ki, etiraf etməliyik ki, Azərbaycan mədəniyyəti,
incəsənəti, yazıçılarımız,
aktyorlarımız Qarabağı,
torpaqlarımızı işğaldan
azad edən, bu yolda canını,
sağlamlığını qoyan qəhrəmanlarımıza
borcludur. Onların göstərdiyi əfsanəvi
şücaətləri layiqincə
əks etdirən əsərə rast gəlmirik. Azərbaycanda yaradıcılıq imkanları
geniş olan, istedadları ilə dünyada tanınan bacarıqlı söz, qələm adamları çoxdur. Güman edirəm ki, zaman keçdikcə
yaradıcı insanlarımızın
təfəkkürü, düşüncəsi
Qarabağı xilas edənlərin qəhrəmanlığına
qiymət vermək gücündə də olacaq.
Azad müəllim söhbət
əsnasında xüsusi
vurğuladı ki, ömründə
çox şad xəbərlər eşidib,
çox mükafatlar,
fəxri adlar alıb: "Həyatımda
eşitdiyim ən gözəl xəbər Şuşanın azad olunması, aldığım
ən müqəddəs
mükafat isə Qarabağın düşməndən
xilası idi. Bir qarabağlı kimi bundan böyük mükafat tanımıram.
Müzəffər bir
xalqın oğlu olmaq adından da böyük fəxri ad olar?"
Azad Şükürov teatr sənətinin özəlliklərindən
danışarkən dedi
ki, teatr düşünmək,
tərbiyə etmək
sənətidir. Təsadüfi
deyil ki, bir zamanlar televiziyalara "telegüzgü" də
deyilirdi. İndi televiziyaya
çıxanlar, bəzi
aparıcılar, aktyorlar
ekrana çıxmamışdan
hazırlaşmaq, tamaşaçıya
nə deyəcəyini,
nə verəcəyini
öyrənmək, yaddaşlarını
təzələmək əvəzinə
yalnız güzgü
qarşısında durub
nə geyinəcəklərini
düşünürlər. Təəssüf ki, bu cür adamların geyimləri də bəzən utandırıcı
olur. Özünü sənətə, səhnəyə,
tamaşaçıya həsr
edən adamın gərək ilk növbədə
sənəti, yüksək
mədəniyyəti olsun.
İnsanlar ciddi sənəti daha yaxşı qəbul edirlər: "Universitetimizdə
1968-ci ildə məhz
Səhnə danışığı
kafedrası yaradılıb.
Bunu niyə deyirəm? Öyrənmək
heç vaxt gec deyil. Öyrənmək
istəyənlər nə
zaman müraciət etsələr,
qapımız hər
zaman üzlərinə açıqdır.
Gəlsinlər, müraciət
etsinlər... Belələrinə
həm özlərini
necə aparmaq lazım olduğunu, həm də səhnə danışığını
öyrədək".
Professor Azad Şükürovla söhbət
zamanı bir daha əmin olduq ki, şəxsiyyəti,
ziyalılığı ilə
seçilən insanlar
sənətlərini, peşələrini
də ucalda bilirlər. Azad Şükürov kimi...
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.-
20 dekabr (№278).- S.11.