Musiqidə yaşanan ömür

 

 

Xalqımızın minillik mənəvi yaddaşının yadigarı olan muğam qədim zəngin tariximizin bizə gəlib çatan ən nadir incilərindəndir. İnsana qəhrəmanlıq, vətənpərvərlik, özünüdərk hisslərini aşılayan, ruhən saflaşdıraraq mənəvi zənginlik dünyasına aparan muğam fəlsəfəsi xalqımızın dünya mədəni irsinə bəxş etdiyi sonsuz bir xəzinədir.

Şübhəsiz ki, xalqımızın ruhunda, qan yaddaşında, mənəvi dünyasında əbədiyaşarlıq ömrü qazanaraq əsrlərdən-əsrlərə yol açan muğam sənətinin bizə qədər gəlib çıxmasında mahir muğam ifaçılarının, xanəndələrin xidmətləri danılmazdır.  Musiqi  ifaçılığı  sənətinin zirvəsi hesab edilən xanəndəlik xüsusi istedad, səs, ifa tərzi tələb edən sənət növüdür. Özünəməxsus ifa tərzi, səs diapazonu, səhnə mədəniyyəti ilə seçilən, adı mədəniyyət tariximizin qızıl səhifəsinə əbədi olaraq həkk olunan professional muğam ifaçısı Tükəzban İsmayılova məhz belə bir sənətin daşıyıcısı olmuşdur.   

1923-cü ilin dekabrında Bakıda dünyaya gələn Tükəzban İsmayılova erkən yaşlarından həyatını muğam sənətinə bağlamışdır. Ömrünün yeniyetmə gənclik çağları müharibə illərinə düşən gənc istedad  1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almaqla bərabər, Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi əmək fəaliyyətinə başlamışdır. O,  əyninə əsgər paltarı geyərək İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhə bölgələrində rəngarəng mahnılar, təsniflər, muğamlar ifa etmişdir.

1944-cü ildə Azərbaycan Radio Komitəsinin xor kollektivində müğənni kimi işə başlayan Tükəzban İsmayılova sonralar uzun illər ifaçılıq sənətini Azərbaycan Dövlət Filarmoniyasında solist kimi davam etdirmişdir. Xanəndə 1978-ci ildən ömrünün sonunadək  Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

Tükəzban İsmayılova yalnız ifaçılıqla məşğul olan sənətkarlardan deyildi. Onun musiqi, muğam sənətinin gənc nəslə ötürülməsində bir pedaqoq-xanəndə kimi müstəsna xidmətləri vardı. Ömrünün 60 ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban İsmayılova musiqimizin inkişafı naminə böyük əmək sərf edən nadir sənətkarlardandır. 1994-2004-cü illərdə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərən Tükəzban xanım istedadlı xanəndə nəslinin yetişməsində böyük əmək sərf etmişdir.

Müğənni oxuduğu klassik Azərbaycan muğamlarına xalq mahnılarına öz möhrünü vururdu. İfa etdiyi  muğam   təsniflər, mahnılar xalq arasında Tükəzban İsmayılovanın mahnısı kimi tanınaraq həyata vəsiqə alırdı. Onun özünəməxsus üslubda ifa etdiyi "Qatar", "Xaric segah", "Şahnaz" digər muğam mahnılar milli musiqi xəzinəmizi daha da zənginləşdirmişdir.

Tükəzban  İsmayılova mədəniyyətimizdə öz dəstxəti ilə seçilən sənətkarlardandır. Bir çox mahnı təsnif məhz onun təkrarsız ifası ilə tanınaraq geniş yayılmışdır. Xanəndə repertuarında Azərbaycan bəstəkarlarının mahnılarına da geniş  yer verirdi.  Özünəməxsus ifa tərzi ilə seçilən müğənninin ifa etdiyi  "Kürdün gözəli", "Yeri, dam üstə yeri", "Qarabağ şikəstəsi", "Qaragöz" digər adını çəkmədiyimiz mahnılar bu gün yaşlı nəslin yaddaşında Tükəzban İsmayılovanın mahnıları kimi yaşayır.

O həm Azərbaycanı dünyada təbliğ edən, bənzərsiz ifa tərzi ilə sevdirən azsaylı müğənnilərimizdən olmuşdur. Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil edən sənətkar yüksək səhnə mədəniyyəti ilə seçilirdi.

1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülən xanəndə musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Tükəzban xanımın Azərbaycan incəsənətinə göstərdiyi bənzərsiz xidmətlərindən bəhs edərkən onun Azərbaycan musiqisinin bənzərsiz ifaçılarından olan Xalq artisti İlhamə Quliyevanın anası olmasını da unutmaq olmaz. Bütün ömürlərini incəsənətimizin, musiqimizin inkişafına həsr edən bu ailənin mədəniyyət tariximizdəki yeri inkarolunmazdır.

Gözəl insan, sədaqətli ömür-gün yoldaşı olan Tükəzban İsmayılova bütün mənalı ömrünü sərf etdiyi səhnə həyatını həmişə onu tarda müşayiət etmiş Xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırmışdır.

Tükəzban İsmayılova 2008-ci il martın 24-də vəfat etmişdir. Məzarı İkinci Fəxri xiyabandadır.

 

E.SOLTANOĞLU,

Azərbaycan.-2023.- 20 dekabr (¹278).- S.11.