Çəkilməmiş
film haqqında söhbət
Azərbaycan kinosunun
bu günündən söz düşəndə
kinosevərlər, sənət
adamları, kinoaktyorlar
ilk növbədə onun adını çəkirlər. Onu
"uğurlu rejissor"
hesab edirlər. O, kino sənətinə qısametrajlı filmlərin
rejissorluğu ilə başlasa da, bu gün Azərbaycanda
ən çox izləyicisi olan serialların müəllifi
kimi tanınır. Söhbət kinorejissor Rövşən İsaxdan
gedir.
Rövşənlə redaksiyamızda söhbət
edirik. Sənətə
gəlişindən danışır:
"Uşaqlıqdan aktyorluğa,
kinoya böyük marağım var idi. Beşinci sinifdə oxuyandan Gəncədə dram dərnəyinə yazılmışdım.
Görkəmli aktyorumuz
Həsənağa Turabov
kumirim idi. Ona olan sevgim
məni kinoya gətirib desəm, səhv etmərəm...
1985-ci ildə 15 yaşım
var idi. Qonşumuzdakı oğlan
gəlib mənə dedi ki, şəhərə
kino çəkənlər
gəlib, Həsənağa
Turabovu da orada gördüm. Onunla birlikdə aktyorların olduğu yerə qaçdım. Həsənağa Turabov parkda oturub qəzet
oxuyurdu. Özümdən
asılı olmayaraq, kənarda dayanıb maraqla ona tamaşa
etməyə başladım.
Beləcə, mənim
Həsənağa müəllimi
kənardan seyr etməyim nə az, nə çox
- "Şəhər birinciləri"
filminin çəkilişi
başa çatana kimi çəkdi. Elə bilirdim ki, o, məni görmür. Sən demə, o da hər gün mənə göz qoyurmuş. Bir gün çəkilişlər
başa çatanda Həsənağa müəllimin
mənə tərəf
gəldiyini gördüm.
Yaxınlaşıb salam
verdi. Kimliyimlə maraqlandı. Aktyor olmaq istəyimi biləndə başıma
sığal çəkib
xeyir-dua verdi. "Bir gün sən
də böyük sənətkar olacaqsan, heyranların səni belə maraqla izləyəcəklər", - dedi. Tale elə
gətirdi ki, sonralar Həsənağa Turabovu daha yaxından
tanıdım. Sənətini sevdiyim bu aktyorun həyatda
da ideal bir insan olduğunu hiss etdim".
Rövşən İsax
14 avqust 1970-ci ildə
Gəncədə anadan
olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Dram teatrı
və kino aktyoru fakültəsində təhsil
alıb. Peşəkar
aktyor kimi fəaliyyətə 1993-cü ildə
Dövlət Gənc Tamaşaçılar Teatrında
başlayıb. 1994-1995-ci illərdə
Dövlət Pantomim Teatrında aktyorluq edib. Maraqlıdır ki, Rövşən İsax universitetdə olanda istedadı ilə müəllimlərinin, universitet
rəhbərliyinin diqqətini
çəkib. O, təhsilini
başa vurduqda oxuduğu ali məktəbdən iş təklifi alır.
Rövşən İsax
deyir ki, insanın xarakterinin formalaşmasında
aldığı tərbiyədən,
təhsildən başqa,
ətraf mühitin də rolu var: "İncəsənət sahəsini
seçən adamların
fərqli insan olduqlarını bilməyən
adam yoxdur. Bu sahənin adamlarını
birləşdirən oxşar
xüsusiyyəti olur
- tanınmaq, məşhurlaşmaq,
şöhrətlənmək. Universitetdə çalışarkən
Azərbaycan Dövlət
Televiziyasından iş
təklifi aldım. Televiziya canlı orqanizmdir. Hərəkətdə
olmasan, axtarmasan, çalışmasan, dənizin
dalğaları dənizə
düşmüş taxta
parçasını sahilə
atıb, qumun altında gizlədən kimi, sən də itib-batacaqsan. Ümumiyyətlə, həyat
budur. Fərqlənmək
üçün çox
işləmək, çalışmaq
lazımdır".
1998-ci ildə Azərbaycan Dövlət Televiziyasında
rejissor kimi fəaliyyətə başlayan
Rövşən İsax
bir müddət ANS və "Space" TV-lərdə
rejissorluq edib. Azərbaycan telekanallarındakı
rejissorluq fəaliyyətini
Türkiyənin "Samanyolu"
TV-nin filialında (STV
Azərbaycan) icraçı
direktoru vəzifəsi
ilə əvəzləyən
Rövşən İsax "Pozitiv Media"nı yaradır və 1996-cı ildə
"Kiçik leytenant"
qısametrajlı bədii
film ilə özünü
rejissor kimi tamaşaçılara təqdim
edir. 2001-ci ildə
"Azərbaycan Xalq Cümhuriyyəti" qısametrajlı
sənədli, 2003-cü ildə
"40-cı qapının qıfılı", 2011-ci ildə
"Aktrisa"
tammetrajlı bədii
filmlərinin, 2012-ci ildə
"Pərvanələrin rəqsi"
serialının, 2013-cü ildə "Sonuncu fəsil" teleserialının
quruluşçu rejissoru
və ssenari müəllifi olub.
Bu məqamda Xalq artisti Rasim Balayevlə
Azərbaycan kinosu haqqında etdiyimiz söhbətdən
bir məqamı xatırlatmaq yerinə düşər. Görkəmli
aktyor bugünkü həmsöhbətimizin adını
çəkərək "Rövşən İsaxın
çəkdiyi filmlər
olmasaydı, bu gün sizinlə kinomuzun bu günü haqqında yox, kino tariximizdən danışardıq.
Rövşən İsax
Azərbaycan kinosunu yaşadan, ona yenidən həyat verən rejissordur", - dedi. Tanınmış kinorejissor, Xalq artisti Ramiz Həsənoğlu
isə Rovşən İsaxın quruluş verdiyi filmləri Azərbaycan kinosunda "əsl hadisə" adlandırdı. "Hesab
etmək olar ki, Rövşən İsaxın
çəkdiyi filmlər
kino sahəsində boşluğu
doldurdu. Onun fəaliyyəti Azərbaycan
kinosu haqqında nikbin danışmağa imkan verir", - dedi.
Azərbaycan Mədəniyyət
Universitetinin professoru,
aktyor Azad Şükurov
isə onun haqqında bunları söylədi: "Çəkinmədən
demək lazımdır
ki, Rövşən İsax
müxtəlif filmlərə
ekran həyatı versə də, Azərbaycan kino tarixinə
serial çəkən novator
rejissor kimi adını əbədi olaraq yazmışdır. Onun quruluş verdiyi "Vicdan haqqı" teleserialını
Azərbaycan kino həyatında
əsl hadisə hesab etmək olar".
"Vicdan haqqı" teleserialında rejissor tamaşaçıların qarşısına
indiyə kimi elə də çox tanınmayan aktyor ansamblı ilə çıxmağa
üstünlük verib.
Filmdə əsas obrazları canlandıran aktyorların əksəriyyəti
əyalət teatrlarında
çalışanlar idi.
Rövşən İsaxın
özünün aktyor
seçiminə münasibəti
maraqlıdır: "Aktyorun
əsas vəzifəsi
obraz yaratmaqdır. Ona
verilən rola can verməkdir. Açığını
deyim ki, indi teatrlara maraq azalıb. Aktyorlar alternativ iş axtarışına çıxırlar.
Aparıcı kimi toylara, məclislərə
gedirlər. Bakıda çalışan aktyorların
bəziləri onlara rol verəndə iş qrafiklərini özləri müəyyən
edirlər. Belə deyək ki, çörəklərinin
dalınca qaçırlar.
Əyalət teatrlarında
olduqca istedadlı aktyorlarımız var. Filmlərimizdə
rol alan aktyorlar yaratdıqları obrazlarla bunu təsdiq edirlər".
Hazırda rejissorun
quruluş verdiyi "Yuxu kimi" teleserialı ən çox baxılan filmdir. Rövşən İsax deyir ki, mən çəkilmiş,
yaxud hazırda çəkilişi davam edən film haqqında danışmaq istəmirəm,
daha çox çəkilməmiş film haqqında
danışmağa üstünlük
verirəm: "Bu gün
Azərbaycan tamaşaçısı
bizdən həmin o çəkilməmiş filmi gözləyir.
Azərbaycan əsgərinin
qəhrəmanlığından, Zəfər müharibəsindən
bəhs edən film haqqında danışmaq istəyirəm. Xocavənddən
başqa, işğaldan
azad olunmuş bütün rayonlarımızda
olmuşam. Azərbaycan
əsgərinin keçdiyi
qəhrəmanlıq yolunu
gözümlə görüb
bizə bu qüruru yaşadan əsgərlərə, zabitlərə,
bu ordunu quran və onu
qələbəyə aparan
Ali Baş Komandana min dəfə alqış demişəm. yalnız o yerləyi gözü ilə görənlər ordumuzun hansı qəhrəmanlıqlar etdiyini
düzgün təsəvvür
edə bilər. Hesab edirəm ki, biz yaradıcı
insanlar onlara borclu qalmamalıyıq. Bu
işi gələcək
nəsillərin üzərinə
qoymaq olmaz. Bunu biz etməliyik. Özü də bu işi ad-san, pul, şöhrət
xatirinə yox, Vətən, dövlət
naminə etməliyik.
Azərbaycan əsgəri,
qəhrəmanlarımız, Prezidentimiz torpaqlarımızı
qaytarmaqla bizim mükafatımızı artıqlaması
ilə verib".
Rövşən İsax
üç övlad atasıdır. Qızı
Elvira Roma Sapienza Universitetinin Moda və geyim
elmləri fakültəsində
təhsil alır. Söhbət zamanı Rövşən İsax dedi ki, qızım İtaliyada keçirilən
bir kinofestivala dəvət edilibmiş:
"Festival keçirilən yerin dəhlizində dünya kino incisi siyahısına düşən
360 filmin posterləri vurulub, monitorlarda həmin filmlərdən epizodlar verirlərmiş. Qızım deyir ki, Azərbaycan filmlərindən
"Şərikli çörək"
filminə aid posterlər də 360 filmin arasında yer almışdı.
Söhbətin bu yerində rejissordan "Əgər sizdən müstəqillik dövründə
çəkilən bir
filmin beynəlxalq kino
mükafatına təqdim
olunmaq üçün
adını soruşsalar,
hansı filmi deyərdiniz"
soruşduqda dedi:
"Əlimdə imkan
olsa, ən böyük mükafatı
"Fəryad" filminə
verərdim. "Fəryad"
işğal dövrü
Azərbaycan əsgərini
qisasa səsləyən
vətənpərvərlik çağırışı idi. Erməni vəhşiliyinin sənət
dili ilə təcəssümü idi",
- dedi. Ayrılanda öz fikrini belə tamamladı: "Kinomuzun gələcəyinə
çox nikbin baxıram. Azərbaycan əsgəri Qarabağda çəkilməmiş filmimizin
ssenarisini yazıb. İnanıram ki, biz sənət
adamları bu böyük qəhrəmanlığı
tezliklə sənət
dili ilə inikas etdirə biləcəyik".
Elşən QƏNİYEV,
Azərbaycan.-2023.- 30 dekabr (№287).- S.15.