“Mən son on ildə
Prezident Əliyevdən çox şey öyrənmişəm…"
Azərbaycan
Prezidentinin yüksək liderlik keyfiyyətləri qlobal miqyasda
etiraf olunur
Prezident İlham Əliyevin bu günlərdə
Macarıstana etdiyi rəsmi səfər, sadəcə, iki dost
dövlət arasındakı münasibətlərin
inkişafına xidmət edən razılaşmaların əldə
edilməsi ilə yekunlaşmadı.
Ən əsası, bu səfər geniş
gündəliyə malik olan əlaqələrin strateji məzmununu
tamamilə yeni mərhələyə yüksəltdi. Belə ki, buna qədər münasibətləri
strateji tərəfdaşlıq kimi müəyyən edən
tərəflər bu dəfə əməkdaşlığımızın
strateji mahiyyətini təsdiqləyən növbəti bir sənədə
imza atdılar.
Qarşılıqlı
səfərlər əlaqələrin yüksələn xətlə
inkişafını təmin edib
Azərbaycan və
Macarıstan arasındakı əlaqələrin tarixi qədimdir. Şərqi
Avropa ölkəsi olan, zəngin mədəniyyətə malik
bu ölkə ilə Azərbaycan arasında əməkdaşlıq
əlaqələri ölkəmiz dövlət müstəqilliyini
qazandıqdan sonra yeni müstəvidə inkişaf etməyə
başlayıb. İki ölkənin bir
sıra oxşar cəhətləri, yaxın keçmişdə
sosializm düşərgəsinə mənsub olmaları,
keçid dövrünü keçmələri
baxımından paralellər də aparmaq olar. Amma ən əsası, Azərbaycan və macar
xalqlarını ortaq dəyərlər bir-birinə
bağlayır və bütün bunlar iki dövlət
arasındakı əlaqələrə təsir göstərən
amillər kimi çıxış edir.
Xatırladaq ki, Macarıstan
Azərbaycanın dövlət müstəqilliyini ilk
tanıyan dövlətlər sırasında yer alıb. Azərbaycanın müstəqilliyini
1991-ci il dekabrın 26-da tanımış
Macarıstanla diplomatik münasibətlər 1992-ci ilin aprelindən
yaranmağa başlayıb. Dövlət və
hökumət başçılarının
qarşılıqlı səfərləri əlaqələrin
yüksələn xətlə inkişafını təmin
edib. Hələ 2014-cü ildə Prezident
İlham Əliyevin Macarıstana səfəri zamanı "Azərbaycan
Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamə" imzalanıb.
Macarıstan məhz milli mənsubiyyətindən
irəli gələrək Türk Dövlətləri Təşkilatına
müşahidəçi üzv kimi qəbul edilib.
Azərbaycanla bu ölkə arasında TDT
çərçivəsində də səmərəli əməkdaşlıq
mövcuddur.
Viktor Orban:
"Biz bu qərarı verdik, gəlin, Azərbaycana tərəf
gedək"
Prezident İlham Əliyevin
Macarıstana rəsmi səfərinin ən yaddaqalan məqamlarından
biri Macarıstan rəhbərliyinin Azərbaycana yüksək
münasibətinin təcəssümü oldu. Məsələn,
Baş nazir Viktor Orbanın "Macarıstan 2010-cu ildə
çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi
müəyyən etmək üçün dünyaya nəzər
saldıq. Biz təkcə maliyyə
maraqları deyil, daha möhkəm dostluq
axtarışındaydıq. Çünki NATO, Avropa
İttifaqı - bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib. Biz 2010-cu ildə dedik ki, biz tək özümüzə
arxalana bilmərik. Biz bu qərarı
verdik, gəlin Azərbaycana tərəf gedək" sözləri
əslində Azərbaycanın beynəlxalq münasibətlərdəki
roluna, yerinə verilən yüksək dəyərin təcəssümüdür.
Bu gün tarixinin ən
qüdrətli mərhələsini yaşayan Azərbaycan
regionda və dünyada söz sahibi olan dövlət kimi
tanınır.
Hər bir məsələdə
özünün aydın mövqeyi olan Azərbaycan həm də
müstəqil siyasət həyata keçirən dövlətdir.
Respublikamızın enerji siyasəti qlobal
miqyasda enerji təhlükəsizliyinə böyük töhfələr
verir. Azərbaycan hər zaman əməkdaşlığa
sadiq olub, çətin vəziyyətə düşən tərəfdaşlarına
arxa durub. Elə buna görə də Azərbaycan
sayılıb-seçilən, hörmət olunan, etimad
göstərilən və sözünə sadiq dövlətlər
sırasında yer alır.
Bu mənada
Macarıstanın Azərbaycana yönəlik siyasətində,
Avropa İttifaqının üzvü olan ölkənin
Bakı ilə əməkdaşlığa önəm verməsində
bu amillərin hər biri böyük rol oynayıb. Təsadüfi
deyil ki, Azəraycanla Aİ arasında enerji sahəsində
genişlənən əməkdaşlığı, 2027-ci ilə
qədər Azərbaycandan Avropaya qaz ixracının iki dəfə
artırılmasının nəzərdə tutulmasını
çox təqdir edən ölkələrdən biri
Macarıstandır.
Ötən ilin dekabrında
isə Rumıniyada Azərbaycan Respublikası,
Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri
arasında yaşıl enerjinin inkişafı və
ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında" saziş imzalandı. Prezident İlham
Əliyevin dediyi kimi, bu gün biz Avropaya digər enerji
körpüsünü salmağa başlayırıq. Beləliklə, yaxın gələcəkdə Azərbaycan
Macarıstana həm də elektrik enerjisi ixrac edəcək.
Bütün bunlar öz növbəsində onu göstərir
ki, Macarıstan rəhbərliyi "Azərbaycana tərəf
gedək" qərarını verərkən düzgün və müdrik
addım atıbdır.
İlham Əliyevə
olan yüksək ehtiramın göstəricisi
Bu gün Prezident İlham
Əliyevin adı dünyanın ən nüfuzlu siyasi liderləri
ilə bir sırada çəkilir. Bütün
böyük dövlətlərinin rəhbərləri
İlham Əliyevə ehtiram və rəğbətlə
yanaşırlar. Prezident İlham Əliyevə
müxtəlif vaxtlarda, əlamətdar günlərdə
ünvanladıqları məktublar, keçirilən
görüşlərdə səslənən fikirlər bunu
təsdiq edir. Bunun səbəbləri
İlham Əliyevin özünün yüksək şəxsi
keyfiyyətləri, dövlət başçısı kimi həyata
keçirdiyi siyasətin məzmunu, qlobal gündəlikdəki
məsələlərlə bağlı baxışları,
problemlərin həllinə töhfələridir.
Təsadüfi deyil ki, Azərbaycan
Prezidentinin hadisələrə baxışı, münasibəti
hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən
məqamlarındandır. Bir müddət əvvəl
Davos İqtisadi Forumu da bunu təsdiq etdi. Macarıstanın
Baş naziri Viktor Orbanın da söylədiyi fikirlər
Prezident İlham Əliyevə beynəlxalq səviyyədə
olan yüksək ehtiramın ən gözəl nümunəsidir.
Məsələn, Viktor Orbanın "Mən son on ildə
Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm
ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə
yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini
öyrənə bilmədim. Çünki
biz radikal tərəfə meyilliyik və o, daha mülayim
baxışları ilə tanınan siyasi xadimdir. Mən
ondan beynəlxalq arenada mülayim şəkildə necə
daha da uğurlu olmağı öyrənməliyəm"
sözləri Prezident İlham Əliyevin qlobal nüfuzuna verilən
ali qiymətin, dövlətimizin
başçısının şəxsiyyətinə olan
yüksək ehtiramın göstəricisidir. Macarıstan Baş
nazirinin bu sözləri Prezident İlham Əliyevin geopolitik məkanda
proseslərin istiqamətini müəyyənləşdirən,
ona təsir göstərən lider olması barədə
söylənən fikirlərin davamıdır. Bir müddət əvvəl Serbiya Prezidenti Aleksandar
Vuçiçin də İlham Əliyevlə bağlı
oxşar məzmunda fikirlər söyləmişdi.
Prezident İlham Əliyevin
Macarıstana səfəri zamanı iki dövlət
arasındakı əlaqələrin inkişafına xidmət
edən vacib sənədlər imzalandı. Prezident
İlham Əliyev və Baş nazir Viktor Orban Azərbaycan
Respublikası ilə Macarıstan arasında genişləndirilmiş
strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni
imzalamaqla strateji tərəfdaşlıqda yeni mərhələnin
əsasını qoydular. Bütün
bunlarla yanaşı bu səfər Azərbaycanın və
Prezident İlham Əliyvin beynəlxalq miqyasdakı
nüfuzunun təsdiqi oldu.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2023.-1 fevral.- S.1; 4.