Nəqliyyat tarifləri tənzimlənir

 

Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Belə ki, yeni tariflərə əsasən metroda sərnişindaşıma 1 gediş üçün 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərdaxili avtobus marşrutlarında 40 qəpik (əvvəlki tarif 30 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 40 qəpik-1 manat arası olacaq (əvvəlki tarif 30-90 qəpik). Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunmuşdur (əvvəlki tarif 2,4 qəpik).

Xatırladaq ki, sərnişindaşıma xidmətinin tarifləri ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında, yəni 5 il əvvəl qüvvəyə minib. Bu illər ərzində bütün dünyada olduğu kimi, Azərbaycanda da  ehtiyat hissələrinin idxal qiymətində artım baş verib. O cümlədən  təmir xərclərinin, avtomobillər üçün yağın, yanacağın və digər zəruri materialların qiymətinin artması sərnişindaşıma xidmətinin maya dəyərinin yüksəlməsinə ciddi təsir edib. Daşımada istifadə olunan avtobusların keyfiyyətinin yüksək olması da qiymətə təsir edən amillərdəndir.

Amma bu artımlar fonunda respublikamızda həm metroda, həm də avtobuslarda mövcud tariflər sərnişin daşınmasının maya dəyərindən aşağıdır. Məsələn, avtobuslarda 1 sərnişinin daşınmasının maya dəyəri ilə tarif arasında fərq bəzi hallarda 2 dəfəyə yaxın təşkil edir. Metroda 1 sərnişinin daşınmasının maya dəyərinin 2023-cü ildə 82 qəpik olacağı gözlənilir. Şəhərdaxili avtobus marşrutlarında isə amortizasiya xərci ilə birlikdə 33,5 - 57,4 qəpik arasında dəyişir. Göründüyü kimi, orta qiymət 40 qəpikdən artıqdır.

Maya dəyərinə təsir edən daha bir məqam sərnişin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır. Məsələn, pandemiya dövründə metroda bir sərnişinin daşınmasının maya dəyəri 1 manat 53 qəpik (2020-ci il) və 1 manat 40 qəpik (2021-ci il) olub. Göründüyü kimi, bu iki il ərzində metropoliten nə qədər ziyanla işləyib. İndinin özündə də sərnişindaşımada pandemiyadan əvvəlki dövrün göstəricilərinə dönmək mümkün olmayıb. Belə ki, 2022-ci il ərzində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki dövrün cəmi 62 faizini təşkil edib.

Onu da qeyd edək ki, tariflərə məhz daşıyıcı şirkətlərin müraciətləri əsasında baxılıb. Yəni qiymətlər bu sahədə fəaliyyət göstərən şirkətlərin təklifləri əsasında tənzimlənib. Bu tənzimləmədən sonra metro üzrə 20 milyon manat, avtobus nəqliyyatı ilə daşımalar üzrə isə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir.

Yeni tarifin qəbulundan sonra belə Bakıda sərnişindaşıma tarifləri əksər MDB ölkələri ilə müqayisədə ən aşağı qiymət hesab olunur. Məsələn, Moskvada metroavtobuslarda bir adam üçün  gediş haqqı 1,52 manat, Kiyevdə 1 manat, Tbilisidə 64 qəpikdir. Minskdə isə metroda gediş 96 qəpik, avtobus qiyməti 1,16 manatdır. Avropa ölkələrində isə nəqliyyatda tariflər Azərbaycandakı göstəricilərdən dəfələrlə yüksəkdir.

Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Tarif (qiymət) Şurasının iclasında tariflərin tənzimlənməsi zamanı sosialyönümlülük nəzərə alınıb. Dövlətin sosial siyasətinə uyğun olaraq ən optimal variant seçilib, sərnişinlə xidmət göstərən şirkət arasında maraqlar balanslaşdırılıb.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2023.- 1 fevral.- S.5.