Xocalıdan dünyaya

 

"Düz 20 il ailəlikcə Naftalanda məcburi köçkün düşərgəsində qışda soyuğundan, yayda istisindən qovrulduğumuz taxta bir evdə acınacaqlı vəziyyətdə yaşamağa məcbur olduq. Məndən yaşyarım böyük olan bacımla birgə çox şəraitsiz, ixtisas müəllimləri çatışmayan bir məktəbdə, qələm, dəftər, çanta yoxluğundan əziyyət çəkə-çəkə dərs oxumağa çalışdıq. Amma bütün bu çətinliklər həyat yolunda uğurla irəliləməyimizə, hazırda olduğumuz elm pilləsinə ucalmağımıza mane ola bilmədi..."

 

Həyatın onun üçün biçdiyi boz dünyasını rəngarəng etmək öz əlində idi

 

Bu, xocalılı bir gəncin, həyat və uğur hekayəsidir...

O gənc ki, düz bir qərinə əvvəl, cəmi 52 günlük körpə ikən anasının qucağında Xocalını, Kərkicahanı tərk edərək yoxluqlar, mənəvi çətinliklər sınağı ilə dolu həyat girdabına atılmışdı.

O gənc ki, doğulduğu, kökləri ilə bağlı olduğu torpağını heç zaman xatırlaya bilmirdi... Hər zaman düşünürdü ki, "Görəsən, Kərkicahan necə bir yer olub, evimiz, bağ-bostanımız, gül-çiçəkli bağçamız indi də dururmu?!."

Eh... Bütün bunların heç birini bilmirdi. Doğma yurduna, od-ocağına sadəcə 1991-ci ilin o üzündəki xoşbəxt günləri ilə bağlı atası Tofiqlə anası Larisanın acı təbəssümlərlə anlatdıqları xatirələri qədər bələd idi...

O da yadındadır ki, kiçik olduğu zaman valideynlərinin Xocalıdakı, Kərkicahandakı xoş günləri ilə bağlı xatirələri hər zaman ona reallıq olmayan röya kimi görünərdi.

Axı o özünü anladığı andan bütün məcburi köçkün uşaqları kimi məhrumiyyətlərə sinə gərməyə öyrəşmişdi. Uşaq dünyası başdan-başa bomboz idi və bundan o yana rəngli bir dünya xəyal edə bilmirdi: "O zaman yaşadığımız boz dünyamızı rəngləndirməyimizin öz əlimizdə olduğunu anam təlqin edirdi bizə. Bacım Nərminə də, mənə də deyirdi ki, bütün bu çətinliklərdən qurtulmağın yolu yalnız təhsil almaqdan keçir. İndi düşünürəm ki, o zaman uşaq idik və bəlkə də çətinliklərdən usanardıq, amma anam daim bizi motivasiya edərək irəli getməyimizə, təhsildə, elə həyatda da uğur qazanmağımıza böyük vəsilə oldu..."

 

Elm pillələri

 

"Uğur formulu" rubrikamızın budəfəki gənc qonağı hazırda Portuqaliyanın Porto Universitetində Maliyyə ixtisası üzrə doktorantura təhsili alan Anar Tofiq oğlu İbrahimovdur.

Anar İbrahimov 2008-ci ildə Xocalı şəhər 1 saylı orta məktəbini bitirib. 2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr təhsili alıb. Müddətli həqiqi hərbi xidmət keçdikdən sonra UNEC Biznes Məktəbinin MBA Proqramına qəbul olaraq, Maliyyə ixtisasından məzun olub.

2014-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə layihəsi çərçivəsində Portuqaliya Respublikasının Porto Universitetində Maliyyə ixtisası üzrə magistr təhsili alıb.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi və bank sektorunda çalışıb. 2017-ci ildə UNEC-in İqtisadiyyat və biznesin idarə olunması kafedrasının müəllimi, UNEC Biznes Məktəbində Proqram meneceri olaraq çalışıb. 2022-ci ilin sentyabrınadək UNEC SABAH mərkəzinin rəhbər müavini və Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimi olub, UNEC Biznes Məktəbində və SABAH mərkəzində ingilis dilində menecment iqtisadiyyatı, korporativ maliyyə, beynəlxalq maliyyə, Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) idarəetmə analizi və maliyyə fənlərini tədris edib.

Harvard Biznes Məktəbinin maliyyə və iqtisadiyyat sahəsinə aid 14-dən çox kitabını Azərbaycan dilinə tərcümə edən və iki elmi məqalənin həmmüəllifi olan Anar İbrahimov hazırda Portuqaliyada təhsilini davam etdirir.

 

Çətin yaşam

 

1991-ci ildə Xocalı rayonunun Kərkicahan qəsəbəsində anadan olub Anar İbrahimov... Dünyaya gəldikdən cəmi iki ay sonra doğma yurdları erməni işğalçılarının təcavüzünə məruz qalıb və onlar məcburən ev-eşiklərini tərk edərək Laçına, ata-babalarının yaşadığı rayona üz tutublar. Lakin erməni zülmündən burada da qurtula bilməyiblər və Laçının işğalı zamanı Tərtərə, qısa müddətdən sonra isə Naftalana gələrək orada məcburi köçkün düşərgəsində yaşamağa başlayıblar.

- Naftalanda yaşadığımız düşərgədəki evlər sovet dövründə taxtadan düzəldilmiş yay üçün sanatoriya evləri idi. Amma biz orada ilboyu yaşamağa məcbur olmuşduq. Yayda dəhşətli isti, qışda da dondurucu soyuq olurdu. Təhlükəsizlik səbəbindən içərisində soba yandırmağa icazə verilmirdi deyə, qışda bu evlərdə yaşamaq sözün əsl mənasında zülm idi, sümüklərimizə qədər donurduq. 

Yaşadığımız evlərə korpus deyirdik, bir korpusda 8 ev var idi və 4 ailə yaşayırdı. Yadımdadır, bir dəfə yanğın olmuşdu və haradasa yarım saatın içərisində korpusun biri tamamilə yanıb külə dönmüşdü, həmin ailələr qışın günündə çox çarəsiz vəziyyətdə qalmışdılar.

Həmin korpuslardan bir neçəsini də məktəb üçün ayırmışdılar. Laçın, Xocalı, Kəlbəcər məktəbi var idi. Eynilə həmin məktəblərdə də şəraitsizlikdən, yayda istidən, qışda soyuqdan əziyyət çəkirdik. Dərs ləvazimatlarımız yox idi, ixtisas müəllimlərimiz çatışmırdı... Düzdür, sonradan Xocalı məktəbi yerli məktəbin günorta növbəsinə dəyişdirildi və bizim vəziyyətimiz nisbətən yaxşılaşdı, amma ümumilikdə bütün məcburi köçkünlər kimi bizim də yaşam şəraitimiz çox ağır idi.

Bizə verilən yardımların, bir də dövlətin adambaşına ayırdığı "çörəkpulu"nun sayəsində birtəhər yaşamağa çalışırdıq.

Düz 1992-ci ilin əvvəlindən başlayaraq 20 il ailəmiz Naftalandakı düşərgədə çətin vəziyyətdə yaşadı. 2012-ci ildə dövlət bizə Goranboy şəhərində ev verdi və ora köçdük.

 

Tale sınağı

 

Xocalı hər bir azərbaycanlının qanayan yarası, millətimizin ortaq dərd ünvanlarından biridir. İbrahimovlar ailəsi də 1991-ci ilin dekabrında Kərkicahanı tərk edib Laçına pənah aparmasaydı və Xocalıya sığınsaydılar, kim bilir taleləri necə olacaqdı?!.

Amma görünür zalım tale o məqamda bu ailəyə rəhm etmişdi, amma sonrakı yaşamlarında da zülmünü əsirgəməmişdi.

2009-cu ildə - Anar 18, Nərmin 19 yaşında olarkən atalarını itirmişdilər. O zaman hər iki gənc Bakıda bakalavr təhsili alırdılar. Üzərindən cəmi bir neçə il keçdikdən sonra isə analarını da itirərək onlar da bu dünyada ata-anasız yaşamlarını davam etdirən xocalılı gənclərə çevrilmişdilər. Həmin vaxt Anar Portuqaliyada, Nərmin isə Amerikada magistr təhsili alırdı (Nərmin İbrahimova ABŞ-nin Vaşinqton Universitetinin məzunudur, İqtisad Universitetinin Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarəolunması şöbəsinin müdiridir).

Anar danışır ki, valideynlərinin erkən itkisindən sarsılsalar da, gənclər həyat mübarizələrindən əl çəkmirlər və elm yolunda əzmlə irəliləməkdə davam edirlər.

- Orta məktəb illərində Xocalı məktəbində oxuyan zaman müəllimlərimiz əllərindən gələn qədər bizə təhsil verməyə çalışırdılar. Amma istənilən halda bizi təhsilə yönləndirənlər valideynlərimiz oldu, xüsusilə də anam. Anam ali təhsilli olmasa da, bizə kömək edirdi, motivasiya verirdi, həmişə deyirdi ki, bu düşərgədən çıxmağın yeganə yolu oxumaqdır, təhsildir. Biz də, necə deyərlər, həmişə bunu qulağımıza sırğa edib həvəslə oxuyurduq. Hazırda 31 yaşım var, bu günə qədər də oxuyuram.

Hələ 2013-cü ildə dövlət təqaüdü ilə Portuqaliyada ikillik magistr dərəcəsini qazanaraq oxumağa başladım. Bir ildən sonra isə Nərmin Amerikada magistr təhsili almağa yollandı. Həmin vaxt təqaüdümün yarıdan çoxunu bacıma göndərirdim, yəni mənim təqaüdümlə ikimiz dolanırdıq. Çalışırdım ki, Nərminə kömək edim, o da təhsilini  başa vursun. Sonra bacım orada özünə iş axtarıb tapdı, kitabxanada, evlərdə təmizlik işində çalışdı, yavaş-yavaş vəziyyətini düzəltdi.

Yəni ilk vaxtlar çətinlik çəksək də, sonradan hər şey axarına düşdü, yaxşı oldu...

 

Təhsil gücdür

 

- Hər zaman istifadə etdiyim bir şüar var, "təhsil gücdür". Təhsilli insan hər zaman güclü olur, öz ayağı üstündə durmağı bacarır. Tövsiyə edirəm ki, gənclərimiz  çətinliklər qarşısında əzmkar olsunlar, mütləq təhsil alsınlar. UNEC-də müəllim kimi işlədiyim zamanlarda çalışmışam ki, tələbələrimizə Avropada gördüyüm təhsili ötürüm, onlara öz biliklərimi çatdırım. Eyni zamanda onlara maksimum şəkildə kömək etmişəm ki, xaricdə təhsil alsınlar və qayıdıb ölkəmizin inkişafına töhfələr versinlər. Çox şadam ki, tələbələrimdən artıq bir  neçəsi xaricdə oxuyub qayıdıbdır, hazırda oxumağa gedənlər də var.

O da təqdirəlayiq haldır ki, dövlətimiz gənclərimizin xaricdə təhsili üçün mühüm proqramlar qəbul edib və bu istiqamətdə onlara geniş imkanlar yaradıb.

Bir vacib məqamı da vurğulayım ki, təhsil almaqla yanaşı, Azərbaycan gəncləri olaraq, hər birimizin ümdə vəzifəmiz xalqımızın milli mənafelərinin keşiyində durmaqdır. Hazırda Azərbaycandan kənarda olsam da, hər gün diqqətlə ölkəmizdə baş verənləri izləyirəm. Ötən ilin dekabrından Laçın-Xankəndi yolunda təbii sərvətlərimizin separatçılar tərəfindən istismarına qarşı ekofəallarımızın apardığı dinc etiraz aksiyası barədə mən də, hazırda digər ölkələrdə təhsil alan keçmiş tələbələrim də çalışırıq ki, reallığı ətrafımızdakı əcnəbi tələbələrə izah edək. Çünki, xüsusilə, Avropada erməni lobbisinin təsiri altında olan media orqanları dezinformasiyalar yayırlar.

Yanvarın 27-də İrandakı səfirliyimizə hücum zamanı təhlükəsizlik xidmətinin əməkdaşının qorxmadan əliyalın avtomatlı adamın üstünə getməsi, onu zərərsizləşdirməsi də göstərir ki, vətənpərvərlik bizim xalqın qanındadır.

Ümumiyyətlə, Azərbaycan xalqı yaşlısından, gəncindən asılı olmayaraq, vətənpərvərlik ruhunu 44 günlük müharibədə ən parlaq şəkildə nümayiş etdirdi. Vətən müharibəsində siyasi, etnik, dini mənsubiyyətindən asılı olmayaraq, xalqımızın Müzəffər Ali Baş Komandanın "dəmir yumruğ"una çevrilməsi bizə qalibiyyət sevinci yaşatdı.

Müharibə dövründə Nərmin də, mən   informasiya müharibəsində aktiv iştirak edirdik. Hələ 2016-cı ildə Aprel döyüşləri zamanı mən Portuqaliyada magistr təhsili alırdım. O zaman da Azərbaycan həqiqətlərini əks etdirən bukletlər çap etdirib insanlara paylayırdıq.

Bir sözlə, Azərbaycan gəncləri dünyanın harasında olmasından asılı olmayaraq, daim dövlətinə dəstəkdir.

 

"Bacımla birgə ana yurdumuza qayıdıb evimizin işığını yandıracağıq..."

 

-  Həyatdakı ən böyük xoşbəxtliyini, qürur hissini Şuşada olanda yaşadım. Düzdür, Zəfər yolu ilə Şuşaya səfər edən zaman yolboyu erməni vəhşilərinin dağıtdığı yurdlarımızı gördükdə adamın bağrı yarılır, düşmənə nifrəti birəmin artır. Təsəvvür edin ki, insanlar vaxtilə öz əlləri ilə tikib-qurduqları evlərinə qayıdanda onu dağılmış görürlər. Ən dəhşətlisi isə odur ki, bir çox insanlar mina təhlükəsinə görə heç öz evlərinin dağılmış bünövrəsinə də yaxınlaşa bilmirlər. Olduqca ürəkparçalayıcı hisslərdir...

Amma Qarabağı və Şərqi Zəngəzuru böyük qəhrəmanlıqla işğaldan azad edən Azərbaycan dövləti tezliklə o yerlərə həyatı yenidən qaytaracaq, insanlar daha gözəl evlərdə xoşbəxt ömür sürəcəklər. 

Soydaşlarımızın dədə-baba yurdlarında yenidən başlayacaqları o xoşbəxt həyatın mənzərəsi Şuşadan, Cıdır düzündən Xankəndiyə, Kərkicahana baxarkən bir daha gözlərimin önündən ötüb keçdi. Atama, anama qismət olmasa da, bacımla mən ana yurdumuza qayıdıb düşmənin söndürməyə gücü yetmədiyi evimizin işığını yandıracağıq, ocağını qalayacağıq...

 

"Hələ qarşıda fəth edəcəyimiz daha böyük uğur zirvələri var..."

 

Bu, həyat sınaqlarından qalib çıxan xocalılı bir gəncin ömür, həm də uğur hekayəsi idi. Ömrünə düşən tale payını özü seçməsə də, qismətinə ağrı-acılı məcburi köçkünlük həyatı yaşamaq nəsib olsa da, bütün çətinliklərə rəğmən uğur hekayəsini özü yazmış, həyatın dolanbac yollarında müvəffəqiyyətlə irəliləməyi bacarmışdı.

Anar öz timsalında bir daha sübut etmişdi ki, Azərbaycanın əzmkar övladlarının gücü qarşısında bütün düşmənlər məğlub,  çətinliklər acizdir: "Bilirsiniz, həyat çox enişli-yoxuşludur və zaman iradəmizdən asılı olmayan səbəblərdən bizi müxtəlif mürəkkəb, çətin vəziyyətlərə salır, yaxınlarımızın yoxluğu ilə sınağa çəkir, amma istənilən halda bütün bu çətinlikləri dəf etməyə özümüzdə güc tapmalıyıq. Eləcə də təhsil almaq üçün həmişə səbəbimiz olmalıdır. Şadam ki, bacım da, mən də keçmiş məcburi köçkün gəncləri olaraq özümüzdə bu iradə və gücü taparaq elm yolunda irəliləyərək hazırda olduğumuz pilləyə qalxa bilmişik və hələ bu da bizim üçün sonuncu pillə deyil. Hələ qarşıda fəth edəcəyimiz daha böyük uğur zirvələri var..."

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2023.-2 fevral.- S.10.