Azərbaycan yeni qlobal enerji təhlükəsizliyi
xəritəsinin müəllifinə çevrilir
Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli Prezident Yohannis.
Hörmətli komissar Simson.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Əvvəlcə mən Rumıniya Prezidentini salamlamaq istəyirəm. O, Azərbaycana rəsmi səfərə gəlib və bugünkü mühüm tədbirdə iştirakına görə təşəkkürümü bildirirəm. Bu, bir daha onu göstərir ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və bizim gələcək ümumi addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində atılacaqdır.
Mən xüsusi olaraq xanım komissar Simsona təşəkkürümü bildirmək istəyirəm ki, o, bizim bütün təşəbbüslərimizə davamlı dəstək verib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısının çox fəal həmsədri olub və bu mühüm layihənin uğurlu icrasına töhfə verib.
Biz bu gün artıq doqquzuncu dəfədir ki, toplaşırıq və əlbəttə, bir çox məsələlər haqqında danışmalıyıq, adətən etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən vacibi, gələcək addımlarımızı planlaşdırmalıyıq.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə burada keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq.
Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Biz buna hazırıq. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür, bu gün bu zalda daha çox bayraqlarımız və hörmətli qonaqlarımız var.
Ötən il bir
neçə vacib hadisə oldu. Bu da bizim enerji təhlükəsizliyi
sahəsində ümumi öhdəliyimizi nümayiş
etdirir. Əvvəlcə, mən
mühüm bir sənədi qeyd etmək istərdim. O sənəd
ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri
xanım Ursula Fon der Lyayen və mənim tərəfimdən
imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq
haqqında Memorandumdur və o, əslində, gələcək
planlarımız üçün aydın yol xəritəsidir.
Avropaya qaz ixracımızı 2027-ci ilə qədər
iki dəfə artırmağı planlaşdırırıq
və bu, mümkündür, çünki bizim
resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz
və çox yüksək səviyyədə
etimadımız mövcuddur. Cənub Qaz Dəhlizi
layihəsinin uğurla həyata keçirilməsinin
mühüm amillərindən biri, təbii ki, həll
olunmalı texniki və bəzən, siyasi məsələlərdən
başqa, yüksək səviyyədə
qarşılıqlı etimaddır və mən bunu
qarşılıqlı həmrəylik adlandırardım.
Məhz bu halda, əgər kiminsə nəyə
isə ehtiyacı olanda biz dərhal dəstək verməyə
çalışırıq. Hesab edirəm
ki, bu, gələcək işlərdə bizi istiqamətləndirəcək
tərəfdaşlığın yaxşı ruhudur. Xüsusən indi, Cənub Qaz Dəhlizinin Məşvərət
Şurası çərçivəsində, biz ilk olaraq
Yaşıl Enerji Məşvərət Şurasını
keçirəcəyik.
Digər mühüm bir hadisə
isə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun
açılması idi. Bu, Cənub Qaz Dəhlizi layihəsi və
müəyyən dərəcədə onun şaxələndirilməsi
sayəsində oldu və nəticədə bizim
üçün təbii qazımızın artıq
Bolqarıstana təchizini başlamaq imkanını yaratdı.
Həmçinin biz bu genişləndirmə və
interkonnektorlar vasitəsilə qonşu ölkələrə
də dəhlizin genişləndirilməsini nəzərdə
tuturuq.
Təbii ki, dekabr ayı
enerji təhlükəsizliyi üçün çox vacib
idi, çünki iki mühüm hadisə baş tutdu. Birincisi, biz Azərbaycan
və Rumıniya qaz təchizatı haqqında saziş
imzaladıq və qaz təchizatı bu yaxınlarda
başlayacaq. Beləliklə, Rumıniya həmin Cənub
Qaz Dəhlizində iştirak edən ölkələr heyətinə
qoşulur və biz, həmçinin Yaşıl Enerjinin
İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan,
Gürcüstan, Macarıstan və Rumıniya arasında
imzaladıq. Bu, səylərimiz
üçün əlavə əməkdaşlıq
imkanını yaradacaq enerji təhlükəsizliyində bir
növ yeni səhifə açacaq. Bir
sözlə, bunlar vacib hadisələr idi.
Əgər bu il
haqqında danışsaq, yanvar ayında biz Azərbaycan ilə
Macarıstan arasında qaz təchizatı sahəsində
Anlaşma Memorandumunu imzaladıq və beləliklə, heyətimizə
üzv olan ölkələrin sayı artır. Bütün
bunlar, ilk növbədə, cəlb edilmiş ölkələrlə
sıx siyasi münasibətlər, fəal əlaqələndirmə
və Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə
səmərəli rəhbərliyi sayəsində
mümkün olmuşdur. Bu, həmçinin
Avropa İttifaqı ilə Azərbaycan arasında
başlamış və rəsmi çərçivəyə
salınmış enerji dialoqunu da nümayiş etdirdi. Həmin dialoq təbii qazı, elektrik enerjisini,
hidrogeni və yaşıl hidrogeni əhatə edir. Hesab edirəm bu, əməkdaşlığımızın
çox nadir və səmərəli formatıdır.
Avropaya qaz təchizatının
artırılması ilə bağlı Avropa Komissiyası ilə
imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan
daha çox qazın təchiz edilməsi məqsədilə əlavə
imkanların yaradılması üçün fəal şəkildə
işləməyə başladıq. Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də
mövcud “Şahdəniz” yatağında hasilatın
artırılmasına əlavə olaraq, - bu, birmənalı
olaraq baş tutur, - biz, həmçinin ölkə daxilində
enerji səmərəliliyi üzərində işləyirik.
Biz itkilərin azaldılması proqramı, o
cümlədən elektrik enerjisinin və təbii qazın
kombinasiyası əsasında daxili istehlak proqramı üzərində
çalışırıq. Beləliklə,
Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii
qaza ixrac məqsədilə daha çox qənaət etmiş
olarıq.
Təbii qaz ixracı artır - 2021-ci
ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə
Anlaşma Memorandumu uğurla icra olunur. Biz
nəinki hasilatı, o cümlədən ixracı
artırırıq və həmçinin onun
coğrafiyasını genişləndiririk. Əminəm ki, layihəyə qoşulmuş ölkələr
bu gün bunun faydasını artıq görürlər və
görəcəklər. Həmçinin
digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə
biz Avropada daha çox ölkələri bu layihəyə
qoşa biləcəyik.
Təbii qaz resurslarına gəldikdə,
mən artıq dəfələrlə bildirmişəm ki, təbii
qaz ehtiyatları bizə və tərəfdaşlarımıza
ən azı 100 il üçün bəs
edəcək. Əlbəttə ki, biz gələcəyə
doğru baxırıq və bu gün yaşıl enerji ilə
bağlı Məşvərət Şurasının ilk
iclası da olacaq. Heyət nisbətən
kiçikdir - cəmi 4 ölkə var.
Bu gün komandamızda
yalnız dörd iştirakçı ölkə olsa da, bu
sayın artma potensialı var, çünki biz
düşünürük ki, yalnız hökumətlər
deyil, şirkətlər də bu mühüm təşəbbüsdə
iştirak etməyə maraq göstərəcəklər. Məşvərət
Şurasının ilk iclasında, sözsüz ki, konseptual məsələlər
həllini tapmalıdır: öz fəaliyyətimizi necə
quracağıq, hər iştirakçı ölkənin məsuliyyəti
nədən ibarət olacaq, özəl şirkətlər necə
cəlb olunacaq, – bu, şirkətlərdən ibarət
konsorsiummu olacaq, yoxsa hər bir iştirakçı dövlət
öz suveren ərazisində üzərinə düşən
işi özü yerinə yetirəcək? Bütün
bu məsələləri müzakirə etmək və
razılaşdırmaq tələb olunur. Çünki
məsələ yalnız Azərbaycandakı quru və dəniz
yataqlarında bərpaolunan enerjinin istehsalı, yaxud
Gürcüstanla sərhədimizə qədər yeni
ötürücü elektrik xəttinin çəkilməsi
ilə deyil, habelə Qara dənizin dibi ilə elektrik kabelinin
çəkilməsi ilə bağlıdır.
Buna görə də biz
planlarımızı düzgün qurmalı və kimlərin
potensial investor ola biləcəyini bilməliyik.
Əlbəttə ki, biz beynəlxalq maliyyə
qurumları ilə də əməkdaşlığımızı
davam etdirəcəyimizə ümid edirik. Fürsətdən
istifadə edərək tərəfdaşlarımız olan
ölkələrin hökumətlərinə minnətdarlığımı
bildirmək istərdim. Bu ölkələr
Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan,
Albaniya, İtaliya və yeni tərəfdaşlarımız
olan Rumıniya, Moldova və Macarıstandır.
Davamlı dəstəyinə
və əla rəhbərliyinə görə Avropa
Komissiyasına xüsusi təşəkkürümü
bildirirəm.
Həmçinin ABŞ və Böyük
Britaniya hökumətlərinə dərin təşəkkürümü
bildirmək istərdim. Çünki onlar
təşəbbüsümüzü davamlı dəstəkləmiş,
eləcə də investisiya və maliyyə imkanları da
daxil olmaqla geniş əməkdaşlıq üçün
güclü bünövrə təmin etmişlər.
Bu prosesdə iştirak edən
şirkətlər, xüsusilə SOCAR və BP bir-birilə
strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən
azı 30 il də davam edəcəkdir. Bu gün aramızda nümayəndələrinin
iştirak etdiyi aparıcı maliyyə qurumları da
vardır. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və
İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya
İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyasıdır. Yəni, bütün aparıcı
maliyyə qurumları bizimlədir. Biz
ümidvarıq ki, səmərəli əməkdaşlığımızı
bərpaolunan enerji sahəsində də davam etdirəcəyik.
Bu gün biz Azərbaycanda
“Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş
və külək enerjisinin istehsalı ilə bağlı iki
sərmayə layihəsini həyata keçiririk. Bu layihələrin
ümumi həcmi 470 meqavatdır. Həmçinin
bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin
icrasına başlayacağıq. Bu,
işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində
inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası
olacaqdır. Yəni, cəmi 710 meqavat.
Hər şey plan üzrə gedərsə, təxminən bir
il və ya ilyarım ərzində biz bu həcmdə
bərpaolunan enerji istehsal edəcəyik. Bu isə
yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri
üçün qənaət etməyə imkan verəcəkdir.
Bərpaolunan enerji ilə
bağlı planlarımıza gəldikdə, artıq qeyd
etdiklərimə əlavə olaraq deyə bilərəm ki, hələ
ki, üç əsas enerji şirkəti ilə aramızda
razılaşdırılmış və imzalanmış
anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm
də dənizdə 25 qiqavat bərpaolunan günəş və
külək enerjisi istehsal ediləcəkdir. Bu həcmin
10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue”
şirkəti tərəfindən istehsal olunacaqdır.
“ACWA Power” şirkəti isə bugünkü mərasimdə
imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə
olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə
öhdəlik götürəcəkdir. Bu, həqiqətən
də çox böyük potensialdır.
Qara dənizin dibi ilə çəkiləcək
elektrik kabelinə gəldikdə isə iş
planımızı mərhələli şəkildə və
Avropanın şərtləri ilə əlaqəli şəkildə
qurmaq tələb olunur. Bu, həmçinin
Avropa qitəsində potensial əməkdaşlıq
imkanlarımızı daha geniş miqyasda müəyyən
etmək üçün lazımdır. Əminəm
ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul
edəcək son məntəqələr olmayacaqdır.
Azərbaycan, həmçinin
çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq
olunmuş faktdır. Yalnız dənizdə külək
enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və
günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən
də artıq müddət əvvəl Vətən
müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata
yaxındır. Biz, həmçinin
Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan
enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik
stansiyasının tikintisinin mümkünlüyü ilə
bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha artıq
olacaqdır. Yəni, hazırda əlimizdə
olan imkanlar bunlardan ibarətdir.
Qazın paylanması ilə əlaqədar
yaxşı uğurlarımız var. Biz yaşıl enerji ilə
bağlı saziş imzalamışıq. Biz, həmçinin
təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyin
artırılmasına əsaslanan qarşılıqlı əlaqə
yaratmalı və bunu vahid paket çərçivəsində
etməliyik. Bizim güclü siyasi iradəmiz və əlbəttə
ki, fəaliyyətimizin uğurlu tarixçəsi var. Bizim
müxtəlif formatlarda və müxtəlif ölkələrlə
birgə həyata keçirdiyimiz bütün layihələr
– istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də
Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur.
Əminəm ki, Avropa qitəsində
həm təbii qaz, həm də bərpaolunan enerji
istehsalı ilə bağlı gələcək
planlarımız uğurlu olacaqdır. Bunun
üçün işimizi komanda şəklində davam etdirməli,
bir-birimizi davamlı surətdə dəstəkləməliyik.
Əminəm ki, gələn ilin fevralında
Bakıda baş tutacaq növbəti
görüşümüzdə biz yeni nailiyyətlərimiz
barədə danışacağıq.
Diqqətinizə görə təşəkkür
edirəm!
***
Azərbaycanın energetika naziri Pərviz
Şahbazov:
- Zati-aliləri cənab Prezident, Məşvərət
Şurasının üzvləri adından Sizə dərin və
əhatəli çıxışınıza görə səmimi
təşəkkürümüzü bildiririk.
Bildiyiniz kimi, Məşvərət
Şurası Cənub Qaz Dəhlizinin uğurlu istismarı və
fəaliyyəti üçün Sizin təşəbbüsünüzlə
yaradılmışdır. Biz indi bunu genişləndiririk.
Bu gün bir daha məhz Sizin strateji
planlarınız və dəstəyiniz sayəsində biz
artıq yaşıl enerji sahəsinə qədəm qoyuruq.
Cənab Prezident, bir daha təşəkkür
edirik.
Rumıniya Prezidenti cənab
Klaus Yohannisin burada olması bizim bugünkü
görüşümüzə xüsusi məna verir. Təbii
qazımızı Rumıniyaya artıq ixrac etməyə
başlayırıq. Rumıniya bizim məhz
yaşıl enerji sahəsində strateji tərəfdaşlarımızdan
biridir. Mən indi sözü məmnuniyyətlə
Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Yohannisə
vermək istəyirəm.
***
Rumıniya dövlətinin
başçısı çıxış etdi.
Prezident Klaus
Yohannisin çıxışı
- Təşəkkür edirəm.
Hörmətli Prezident
İlham Əliyev.
Xanım komissar Kadri Simson.
Hörmətli nazirlər,
yüksəkrütbəli rəsmilər və nümayəndələr.
Əvvəla, Cənub Qaz Dəhlizinə
həsr olunmuş belə bir mötəbər illik
toplantıda çıxış etmək fürsətinə
görə təşəkkür edirəm. Mən bu
gün sizinlə burada olmaqdan məmnunam və şərəf
hissi duyuram. Bu, Rumıniyanın artıq
altıncı iştirakıdır. Mən
Bakıya bizi dəvətinə və qəbul etdiyinə
görə Prezident İlham Əliyevə xüsusi təşəkkürümü
bildirmək istəyirəm.
İki il bundan əvvəl
istismara verilən Cənub Qaz Dəhlizi şübhəsiz ki,
özünü və o cümlədən Avropanın enerji təhlükəsizliyində
strateji əhəmiyyətini doğrultdu. Biz dəhlizin
reallığa çevrilməsində müdrikliyini, siyasi
iradəsini və qətiyyətini göstərmiş
bütün şəxslərin səylərini
alqışlayırıq. Dəhliz
xüsusən indi daha böyük əhəmiyyət kəsb
edir. Çünki Rusiyanın Ukraynaya
qarşı təcavüzkar müharibəsi geosiyasi durumu kəskin
şəkildə dəyişdi. Bu
baxımdan və xüsusən də biz enerji təhlükəsizliyi
haqqında danışırıqsa bu, belədir. Bu baxımdan Avropa İttifaqı və üzv
dövlətlər etibarlı olmayan qaz təchizatından
asılılığı kəskin şəkildə azaltmaq
üçün həlledici addımlar atdılar. Çünki həmin qaz təchizatının
geosiyasi dəyəri, sadəcə, çox baha başa gəlir.
Azərbaycan kimi etibarlı tərəfdaşlara
doğru götürülmüş bu strateji kurs uzun müddət
Rumıniya tərəfindən təşviq edilib. Biz 2009-cu ildən
etibarən Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın
faydasını bir yerdə gördük. Avropanın
enerji suallarına cavablar həmrəyliyi, regional əməkdaşlığı,
mənbələrin və nəql yollarının şaxələndirilməsini
nəzərdə tutur. Çünki Cənub
Qaz Dəhlizi kimi layihələri əhatə edən prinsiplər
məhz bunlardan ibarətdir.
Xanımlar və cənablar,
2022-ci ildə biz görünməmiş enerji
çağırışları ilə üzləşdik. Qazın
çatışmaması və ya münasib əlçatan
qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi
və bazarda qeyri-sabitlik baş verdi. Bu çağırışlar kompleks siyasəti və
tənzimləyici qaydaları tələb edir. Avropa bazarına Xəzər qazının nəqli
barədə Prezident Əliyev tərəfindən Azərbaycan
adından şəxsən verilmiş təminatlar bazarlar
üçün ən çətin anda çoxdan tələb
olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi.
2022-ci ilin iyulunda Avropa
İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində
strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun
imzalanması Cənub Qaz Dəhlizinin Avropa
İttifaqının şaxələndirmə
strategiyasının əsas komponenti kimi rolunun gücləndirilməsinə
yol açır. Lap əvvəldən Rumıniya Avropanın enerji tələbatlarını
qarşılamaqda Azərbaycana və Cənub Qaz Dəhlizinə
mühüm töhfəsini verdi və bunu
etiraf etdi. Rumıniya Mərkəzi və Cənub-Şərqi
Avropada yeni bazarlara doğru dəhlizin inkişafına və
genişləndirilməsinə yönəlmiş səylərə
qoşulmaqda öz davamlı öhdəliyini qeyd etdi. Biz artan milli istehlakımızı əhatə etmək
üçün Xəzər qazının əlavə həcmlərinin
alınmasında çox maraqlıyıq.
Xanımlar və cənablar,
son illərdə mənim ölkəm qaz tranzit
imkanlarının inkişafında və qonşu ölkələrlə
bağlantının yaradılmasında xeyli sərmayələr
yatırıb.
İlk olaraq, biz tamamilə yeni nəqlolunma
infrastrukturunu Rumıniya ərazisində yaratdıq. Bu BRUA qaz boru kəməridir, həmçinin
Bolqarıstan və Macarıstanla müvafiq qaydada
interkonnektorların daha da təkmilləşdirilməsini
tamamladıq. İkincisi, Rumıniyanın
transqaz şirkəti Yunanıstan, Bolqarıstan və
Macarıstanda olan qaz nəql sistemi operatorları ilə səylərini
birləşdirərək, şaquli dəhlizin inkişafına
çalışdı. Beləliklə,
2022-ci ilin dekabrında dörd şirkətlə
imzalanmış anlaşma memorandumu Cənubi və Mərkəzi
Avropa arasında Rumıniya vasitəsilə qaz
axınının iki istiqamətdə getməsini təmin edəcəkdir.
Bu da bütöv regionun enerji təhlükəsizliyinə
töhfə verəcəkdir.
Üçüncüsü, 2022-ci ilin yanvar ayında
Rumıniyanın nəql məsələsi ilə məşğul
olan operatoru sərmayələri yatıraraq Transbalkan qaz boru kəmərini
məhz əks axın istiqamətində istismara verdi. Bu da Azərbaycandan
Türkiyə, Bolqarıstan və Rumıniya vasitəsilə
qaz həcmlərinin alternativ təchizat marşrutudur və həmçinin
digər bazarlara çıxışı da təmin edir.
Mən Rumıniya
üçün digər vacib bir layihəni də qeyd etmək
istəyirəm. Bu da bizim strateji tərəfdaşlarımıza,
Moldovaya aiddir. Çünki biz paytaxt
Kişineuya məhz qazın təchizatına gəldikdə,
bizim razılaşmamız 2021-ci ilin oktyabrında oldu. Bu, əslində, Moldovanın illik istehlakını
təmin etməyə əlavə imkanlar yaradacaqdır. Yekun olaraq, bütün bu davamlı səylər və
Rumıniyanın yatırdığı sərmayələr Cənub
Qaz Dəhlizinin yeni bazarlara- Cənub-Şərqi Avropada və
Mərkəzi Avropada genişləndirilməsinə imkan
yaradır. Bu, əslində, hər iki tərəf
üçün çox uduşlu vəziyyətdir, Azərbaycan
öz təbii qazının ixracatını şaxələndirir
və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə
töhfə verir.
Hörmətli
iştirakçılar, təbii qaz, əslində
dekarbonlaşma prosesinə böyük dəstək verən
bir haldır və Avropa İttifaqında Rumıniya fəal
şəkildə təbii qazın və nüvə enerjisinin
yaşıl enerji sahəsinə daxil edilməsini təşviq
etmişdir. Bununla iqtisadiyyatlar karbondan azad oluna bilər. Bunun sayəsində uzun müddətdə təbii
qazın Avropa İttifaqında istifadə edilməsi
iqtisadiyyatı gücləndirəcək. Hazırda
Rumıniya karbohidrogenlərin hasilatında və onların
işlənilməsində öz rolunu oynayır. Qara dənizdə bununla bağlı yataqlar var. Lakin
bundan əlavə, 2026-2027-ci illərdə həcmlər
olacaqdır və Rumıniya birmənalı olaraq Avropada
iqtisadiyyatların daha da güclü olmasını təmin edəcəkdir.
Eyni zamanda, qeyd etmək istəyirik
ki, bizim regionda əməkdaşlıq çox güclüdür. Əslində
mövcud potensial və transsərhəd əməkdaşlığa
aid olan infrastrukturun inkişaf etdirilməsi gündəlikdədir.
Bu baxımdan yaşıl enerjinin istehsalı və
onun nəqli ilə bağlı Azərbaycan, Gürcüstan,
Rumıniya və Macarıstan arasında imzalanmış
razılaşma önəmlidir. Bu sənəd 2022-ci il dekabrın 17-də Prezident Əliyevin Buxarestə
səfəri zamanı imzalandı və bunun sayəsində
Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli
daha güclü Avropa enerji çərçivəsinin təhlükəsizliyinə
imkan yaradacaqdır. Bu, həmçinin sizin
planlarınızın həyata keçirilməsinə,
iqtisadi rifahın təmin edilməsinə, təhlükəsizlik
və iqlim sahəsində müvafiq tədbirlərin
görülməsinə Avropa üçün və bizim tərəfdaşlarımız
üçün imkan yaradacaq.
Xanımlar və cənablar, bir tərəfdən
Avropa İttifaqı və onun üzv dövlətləri, digər
tərəfdən isə Azərbaycan arasında enerji əməkdaşlığının
strateji prioritetləri var. Bundan əlavə, əslində
bazarın məntiqi fəaliyyəti də tələb olunur. Mən sizi əmin etmək istəyirəm ki, mənim
ölkəm regional əməkdaşlığa güclü və
davamlı dəstək verəcəkdir. Həmçinin
biz qarşımızda olan ümumi
çağırışların dayanıqlı həll
yollarının tapılmasında səylərimizi göstərəcəyik
ki, enerji təhlükəsizliyi daha da güclənsin.
Təşəkkür edirik.
***
Pərviz Şahbazov: Təşəkkür
edirəm, cənab Prezident. Sizin verdiyiniz
güclü dəstəyə görə təşəkkür
edirəm. Layihələrimizi dəstəkləyirsiniz
və biz Rumıniya ilə enerji əməkdaşlığımızı
çox yüksək dəyərləndiririk.
İndi isə mən Avropa
İttifaqının energetika məsələləri üzrə
komissarı xanım Kadri Simsona söz vermək istəyirəm. Buyurun
xanım, söz Sizindir.
***
Avropa İttifaqının
energetika məsələləri üzrə komissarı
xanım Kadri Simson çıxış etdi.
Komissar Kadri
Simsonun çıxışı
- Hörmətli Prezident
Əliyev.
Hörmətli nazirlər,
xanımlar və cənablar.
Bu gün Bakıda olmaqdan
çox məmnunam. Biz iki mühüm münasibətlə
buraya toplaşmışıq - Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin 9-cu
iclasında və Yaşıl Enerji Məşvərət
Şurasının 1-ci iclasında iştirak edirik.
Bu gün
apardığımız müzakirə enerji
bazarlarının qlobal səviyyədə dəyişməsi
şəraitində baş tutur. Qlobal artım risk
altındadır. Enerji təhlükəsizliyi
isə bizi düşündürən birinci məsələdir.
Bu səbəbdən Məşvərət
şuralarının bu gün keçirilən toplantıları
mühüm fürsət hesab olunur və bizə göstərir
ki, Avropa İttifaqı, Azərbaycan və tərəfdaş
ölkələr enerji təhlükəsizliyinin və bazarda
sabitliyin təmin edilməsində birgə
çalışırlar.
Biz, həmçinin
uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının
əsaslarını qoyuruq. Bu tərəfdaşlıq
bərpaolunan enerjiyə və enerji sistemlərimizin daha
sıx bir-birinə bağlı olmasına söykənir.
Avropa İttifaqı və Azərbaycan artıq
çox yaxşı əməkdaşlıq edirlər.
Enerji sahəsində strateji tərəfdaşlığa dair
bizim yeni Anlaşma Memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm
Avropa İttifaqı, həm Azərbaycan üçün
gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi
məqsədilə ümumi qətiyyətimizi nümayiş
etdirdi. Rəqəmlər göz
qarşısındadır. Cənub Qaz Dəhlizi boru kəməri
ilə Avropa İttifaqına qaz təchizatı 2021-ci ildə
8,1 milyard kubmetrdən 2022-ci ildə 11,4
milyard kubmetrə çatmışdır. Bu
artım Avropa İttifaqına qaz təchizatının şaxələndirilməsinə,
onun təhlükəsizliyi və sabitliyinə böyük
töhfə verərək mühüm rol
oynamışdır.
Trans-Adriatik boru kəmərində
aparılmış sonuncu mütləq sınağın nəticələri
hazırkı buraxılış qabiliyyətinin iki dəfə
artırılmasından xəbər verir. Qaz təchizatı
sahəsində Azərbaycan ilə Avropa İttifaqı
arasında artan əməkdaşlıq bizim diplomatik fəaliyyətimizin
genişlənməsi ilə üst-üstə
düşür. Həmin
qarşılıqlı qətiyyət bu böhranı iqtisadi
imkanlara çevirəcək. Biz, həmçinin
bu tərəfdaşlığın gələcəkdə
bizi hansı səviyyəyə aparacağını bilməliyik.
Sıxılmış maye qaz təchizatını
artırdığımız halda Cənub Qaz Dəhlizi Avropa
İttifaqına boru kəməri ilə nəql edilən
qazın az sayda sabit və rəqabətcil
mənbələrdən biri kimi qalacaqdır. Bu,
həmçinin Azərbaycanla birgə qüvvələrini
birləşdirmək baxımından Xəzər bölgəsində
digər tərəflər üçün iqtisadi cəhətdən
potensial fürsətdir.
Sizə yaxşı məlumdur
ki, Avropa İttifaqı, həmçinin enerjiyə tələbatın
məhdudlaşdırılması və bərpaolunan enerjinin
artırılması üzərində
çalışır. Bununla belə, biz qazımızın əvvəlki
əsas təchizatından uzaqlaşaraq, Avropa
İttifaqının əvəzləmək istədiyi
qazın bütöv həcmi onu göstərir ki, etibarlı
təchizatçılardan gələn təbii qaz tələbatı
artırmaqda davam edəcəkdir.
Bərpaolunan enerjiyə
marağımız o deməkdir ki, biz qazdan başqa digər
enerji mənbələri üzərində etibarlı tərəfdaşlarımızla
əməkdaşlığımızı genişləndirmək
istəyirik. Yaşıl Enerji Məşvərət
Şurasının fəaliyyətə başlaması həmin
yeni istiqamət üzrə bu gün tərəfdaşlar
arasında razılığın olmasını aydın
şəkildə göstərir. Dayanıqlı
enerji gələcəyinin formalaşdırılması
böyük sayda alət və vəsaitlərdən istifadəni
nəzərdə tutur. Avropa İttifaqı bərpaolunan
enerjidən daha çox pay götürə biləcək
bazarın qurulmasında böyük təcrübəyə
malikdir. Keçmişdə qalan bir neçə
çətin ilə baxmayaraq, elektrik enerjisi şəbəkəmiz
özünün sabit və müqavimətli olduğunu
göstərdi. Biz bu sahədə biliklərimizi
bölüşməkdən məmnun olardıq. Əlbəttə bir-biri ilə
qarşılıqlı əlaqədə olan bazarlar və tərəfdaş
ölkələr bu prosesin əsas hissəsidir. Azərbaycanda bərpaolunan enerjinin, xüsusən də
dənizdə külək enerjisinin istifadə edilməmiş
potensialı yaxşı məlum olan faktdır. Buna görə Azərbaycan Avropa İttifaqına bərpaolunan
enerji və hidrogenin ixracatçısına çevrilmək
potensialına malikdir. Bizim Avropa
İttifaqı naminə enerji proqramımız bərpaolunan
enerji güclərinin qurulmasını və şəbəkəyə
qoşulmasını gücləndirmək üçün Azərbaycanı
artıq dəstəkləyir. Avropa
İttifaqı masa üzərinə öz nouhau
texnologiyasını və özəl sərmayələrini
qoyur.
Bildiyiniz kimi, bərpaolunan
enerji məsələnin yalnız bir hissəsidir. Enerjiyə qənaət,
həmçinin təchizat təhlükəsizliyinin gücləndirilməsi
və dekarbonlaşmanın təmin edilməsi məqsədilə
göstərdiyimiz səylər üçün
açardır. Yeni anlaşma memorandumu ilə
biz gündəliyi bütün istiqamətlərdə irəliyə
doğru aparmaq üçün Azərbaycanla birgə işin
davam etdirilməsini səmimiyyətlə arzulayırıq.
Hörmətli Prezident
Əliyev.
Xanımlar və cənablar,
nazirlər.
Ümumi iqtisadi rifah və
geosiyasi sabitlik bir-biri ilə sıx bağlıdır. Vətəndaşlar
enerji sahəsində əməkdaşlığımızdan
yararlanacaqlar. Mən
çıxışımı, sadəcə, Cənub Qaz Dəhlizinin
gələcəyinə aid müsbət nəticə ilə
bitirmək istəyirəm. Həmçinin
mən yeni Yaşıl Enerji Məşvərət
Şurasında bərpaolunan enerji naminə
çalışmaq üçün əməkdaşlığımızı
səmimiyyətlə arzulayıram. Bu
gün sizin hamınıza məhsuldar müzakirələr
arzu edirəm. Sağ olun.
***
Pərviz Şahbazov: Hörmətli
komissar Simson, dəyərli çıxışınıza
görə Sizə təşəkkürümü bildirirəm.
Biz Cənub Qaz Dəhlizinin rolunun vacibliyini Sizin
çıxışınızda gördük. Bununla bizim giriş sessiyamız başa
çatır.
Hörmətli cənab prezidentlər,
çox sağ olun ki, bu gün bizimlə burada oldunuz.
***
Sonra tədbir “Cənub Qaz Dəhlizi
və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub
Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz
təbii qaz təchizatının genişləndirilməsi” və
“Yaşıl enerji: Xəzər dənizinin külək
enerjisinin Avropa enerji bazarlarına çatdırılması”
mövzularında plenar sessiyalarla davam etdi.
Həmçinin Məşvərət
Şurası çərçivəsində “Azərbaycan,
Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri
arasında imzalanmış yaşıl enerji sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş”in
icrası üzrə Rəhbər Komitənin ilk iclası
keçirildi.
***
Qeyd edək ki, tədbirlərdə
Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ,
Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya,
Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya,
Ukrayna və Xorvatiyanın yüksək səviyyəli
nümayəndələri iştirak edirlər.
İclaslarda enerji şirkətlərindən
SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz,
İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM,
Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope,
SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya
Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma
və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya
İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf
Bankı və digər qurumlar təmsil olunub.
Azərbaycan.- 2023.- 4 fevral.- S.1-3.