Rumıniyalı
analitik: “Prezident İlham Əliyevin sayəsində Azərbaycan
regionun iqtisadi mərkəzinə çevrilib”
Azərbaycan Prezidenti İlham
Əliyevin ölkəsinin, bütövlükdə regionun təhlükəsizliyinin
təmin olunmasında və inkişafında mühüm xidmətləri
var. Azərbaycanın inkişafa yönələn siyasətində
qazandığı uğurlar məhz Prezident İlham
Əliyevin adı ilə bağlıdır.
Bu sözləri AZƏRTAC-a
müsahibəsində Rumıniyada nəşr olunan nüfuzlu
“Geopolitika” jurnalının baş redaktoru, professor, siyasi
analitik Vasile Simileanu deyib.
Azərbaycan Şərqi
Avropanın enerji sahəsində geosiyasi və geostrateji əhəmiyyət
kəsb edən dövlət olmaqla yanaşı, həm də
Mərkəzi Asiya ölkələri, xüsusilə
Qazaxıstan və Özbəkistan üçün Avropaya
körpü rolunu oynadığını bildirən professor
qeyd edib ki, o, həmçinin Türkiyə ilə birgə
mühüm layihələrin təşəbbüskarı
olan türkdilli dövlətdir. “Azərbaycan bundan sonra da
geostrateji və geosiyasi münasibətlərdə yüksəliş
əldə edəcək. Azərbaycan Prezidenti İlham
Əliyev iqtisadi, siyasi münasibətlərin daha da dərinləşməsinə,
əməkdaşlıq üçün əlverişli
platformanın yaradılmasına nail olub. Azərbaycan regionun
strateji, iqtisadi mərkəzinə çevrilib”, - deyə
analitik əlavə edib.
Vasile Simileanu Azərbaycanla
Rumıniya arasında münasibətlərə, Prezident Klaus
Yohannisin Azərbaycana səfərinə toxunaraq, strateji tərəfdaşlığın
daha da dərinləşdiyini və möhkəmləndiyini
vurğulayıb, Azərbaycanla Avropa İttifaqı arasında
əlaqələrdə ölkəsinin potensialından istifadə
edilməsinin zəruriliyini diqqətə çatdırıb.
O vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq,
Azərbaycan qazının Rumıniyaya
çatdırılması, yaşıl enerji ilə
bağlı reallaşdırılacaq layihələr məhz
strateji tərəfdaşlığın təzahürüdür.
Siyasi analitik sonda qeyd edib ki, iki
ölkə arasında əməkdaşlıq potensialı
get-gedə artır, bu isə regionun və Avropa
İttifaqının daha sıx əməkdaşlığı
üçün çox vacib amillərdən biridir.
Azərbaycan.- 2023.- 4 fevral.- S.5.