Azərbaycanın
və Macarıstanın XİN başçıları
görüşüblər
Fevralın 3-də Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Cənub
Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
görüşdə iştirak məqsədilə ölkəmizə
səfərdə olan Macarıstanın xarici işlər və
ticarət naziri Peter Siyarto ilə görüşü olub.
Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki,
görüş zamanı Azərbaycan ilə Macarıstan
arasında mövcud ikitərəfli və çoxtərəfli
əməkdaşlıq gündəliyinin aktual məsələləri,
o cümlədən cari regional vəziyyət müzakirə
edilib.
Nazir
Ceyhun Bayramov, Azərbaycan və Macarıstan arasında
müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət,
enerji təhlükəsizliyi, təhsil, humanitar və s. sahələr
üzrə əməkdaşlığın yüksələn
xətt üzrə inkişafını məmnunluqla qeyd edib.
İki ölkə arasında enerji təhlükəsizliyi, o
cümlədən alternativ enerji sahəsində əməkdaşlığın
inkişafını xüsusilə vurğulayan nazir Ceyhun
Bayramov ötən il dekabrın 17-də imzalanmış,
özündə Xəzər və Qara dənizləri
regionunda bərpa olunan enerji potensialından istifadə edilməsini,
o cümlədən enerji təchizatının şaxələndirilməsini
nəzərdə tutan “Azərbaycan Respublikası,
Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri
arasında yaşıl enerjinin inkişafı və
ötürülməsi sahəsində strateji tərəfdaşlıq
haqqında Saziş”in bu sahədə əməkdaşlığa
mühüm töhfə verdiyini bildirib.
Nazir
Ceyhun Bayramov, həmçinin postmünaqişə
dövründə regionda mövcud vəziyyət, sülh
gündəliyinin irəli aparılması istiqamətində
Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın
bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları
barədə qarşı tərəfi məlumatlandırıb.
Laçın yolu ətrafında Azərbaycan vətəndaş
cəmiyyəti nümayəndələrinin haqlı
etirazına səbəb olan təxribatlardan bəhs edən
nazir Ceyhun Bayramov hadisələrlə bağlı Ermənistan
tərəfinin əsassız iddialarının beynəlxalq
ictimaiyyəti yanıltmaq məqsədi
daşığını bildirib. Nazir, eyni zamanda, bölgədə
aparılan bərpa və yenidənqurma işləri barədə
məlumat verib.
Nazir
Peter Siyarto Macarıstanın iki ölkə arasında strateji
xarakter daşıyan münasibətlərin daha da inkişaf
etdirilməsində maraqlı olduğunu, bu xüsusda
mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib.
Əlaqələrin bu səviyyədə inkişafında iki
ölkə arasında mövcud müqavilə-hüquq
bazasının, xüsusilə strateji tərəfdaşlıq
haqqında Birgə Bəyannamənin əhəmiyyəti
vurğulanıb. İkitərəfli iqtisadi komissiya üzrə
aparılan işlərdən məmnunluq ifadə olunub.
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın
roluna istinad edən nazir Peter Siyarto bu xüsusda həyata
keçirilən birgə layihələrin əməkdaşlığa
töhfəsini vurğulayıb. O, eyni zamanda, Azərbaycan tərəfindən
aparılan bərpa və yenidənqurma işlərinə
macar şirkətlərinin cəlb olunması perspektivlərinin
olduğunu bildirib.
Görüş zamanı, həmçinin
qarşılıqlı maraq doğuran digər ikitərəfli
və regional məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-
2023.-4 fevral.- S.6.