Enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş

 

Azərbaycan enerji təchizatının davamlı şaxələndirilməsinə  hazırdır

 

Fevralın 3-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində 1-ci iclasları keçirilib.

Tədbirdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Eyni zamanda  iclaslarda müxtəlif ölkələrin enerji şirkətləri təmsil olunublar.

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz təbii qazla yanaşı, "yaşıl enerji" sahəsində də əsas tədarükçülərdən biri olacaq. Bu baxımdan  Bakının evsahibliyi etdiyi "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası xüsusilə önəm daşıyır.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasından sonra xeyli dəyişikliklərin baş verdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb və enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsinə çevrilib.

Ötən il iyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun əhəmiyyətini xüsusi vurğulayan dövlətimizin başçısı bildirib ki, o, əslində, gələcək planlarımız üçün aydın yol xəritəsidir: "Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu mümkündür, çünki bizim resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur".

Prezident həmçinin vurğulayıb ki, təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək.

 

Prezident İlham Əliyevin siyasi iradəsinin uğurlu nəticəsi

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirildiyini xatırladaraq qeyd edib ki, "Cənub qaz dəhlizi" nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. O vurğulayıb ki, "Cənub qaz dəhlizi"nin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub: "Builki iclas tamamilə fərqli dövrə təsadüf edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropada enerji böhranının dərinləşməsi və regionda diversifikasiyanın daha da prioritetləşdiyi vaxtda bu iclas genişmiqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir edəcək. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artmaqdadır. Ötən il Azərbaycanın Avropaya qaz ixracatı 39 faiz artıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kubmetrdən çox qaz ixrac edib".

Deputat ötən il qaz təchizatını iki dəfə artırmaq üçün Avropa İttifaqı ilə Azərbaycan arasında anlaşma memorandumunun imzalandığını xatırladaraq bildirib ki, bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan "Abşeron", "Ümid", "Asiman", "Şəfəq" və "Babək" kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır.

"TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, CQD-nin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. "Cənub qaz dəhlizi" Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək", - deyə Vüqar Bayramov qeyd edib.

 

Azərbaycan öz sözünü deyən ölkədir

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də Bakıda keçirilən tədbirlərlə bağlı fikirlərini bildirib.

Deputatın sözlərinə görə, iclasların Bakıda keçirilməsi, Azərbaycanın aktiv iştirakı ölkəmizin nüfuzunun tək regionda deyil, iki qitədə durmadan artdığını göstərir.

Deputat bir çox Avropa ölkəsinin Azərbaycana böyük ümid bəslədiyini vurğulayıb: "Cənab Prezident həm Azərbaycanda, həm digər ölkələrdə çıxışları ilə göstərir ki, ölkəmiz strateji  müttəfiqdir. Nə deyirsə,  onu da edir, dostluq, səmimi münasibətlərə əsaslanan əlaqələr qurur. Azərbaycanın inkişafı, əhalinin daha rahat şəkildə yaşaması dövlətimizin amalı, əsas məqsədidir".

Deputat bildirib ki, istər həmin ölkələrin xalqlarının, istər siyasi dairələrin, istərsə də böyük şirkətlərin, sahibkarların Azərbaycana marağı günbəgün artır.

"Azərbaycanın mövqeyi həmişə birmənalı olub. Cənab Prezident nə vəd verirsə, onu da həyata keçirir. Azərbaycan artıq tək beynəlxaq siyasi arenada deyil, ümumilikdə beynəlxaq iqtisadi arenada da öz sözünü müstəqil formada, məsuliyyəti ilə deyən ölkədir".

Rüfət Quliyev bildirib ki, Azərbaycan mavi qaz tədarükçüsü kimi etibarlı tərəfdaş olmaqla yanaşı, enerji təchizatınının şaxələndirilməsi istiqamətində də səylərini davam etdirir: "Bu baxımdan bərpaolunan enerji sahəsində gördüyümüz işlər, həyata keçirilən layihələr mühüm əhəmiyyətə malikdir. Bu, onu göstərir ki, Azərbaycan Avropaya qaz ixracını artırmaqla yanaşı, növbəti illərdə "yaşıl enerji" təchizatında da təsirli rol oynayacaq. Beləliklə, Azərbaycan Aİ ölkələrinin energetika sahəsində strateji tərəfdaşına çevriləcək". 

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2023.-5 fevral.- S.1; 4.