Orta dəhlizin
qlobal perspektivi
Prezident İlham Əliyevin strateji
uzaqgörənliyinin növbəti nümunəsi
Orta dəhliz layihəsinin ideyadan, cəlbedici konsepsiyadan real layihəyə çevrilməsində mahir strateq kimi Prezident İlham Əliyevin qlobal və regional kontekstin obyektiv analizindən, transmilli layihələrin uğurlu icrasından, intuisiyasından qaynaqlanan strateji yanaşması mühüm rol oynayır və çoxtərəfli səylərin bünövrəsini formalaşdırır.
Azərbaycan bu gün yeni geosiyasi çağırışların ticari, iqtisadi əlaqələrə yaratdığı risklərin aradan qaldırılmasında başlıca çıxış yollarından biri kimi nəzərdən keçirilən qlobal nəqliyyat şaxələndirilməsində mühüm rol oynayır. Son 10 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın tranzit potensialının gücləndirilməsi sahəsində atılmış addımlar ölkəmiz üçün yeni mərhələdə yeni imkanlar yaradıb. Azərbaycan region ölkələri arasında ən yaxşı start imkanlarına malikdir. Son illər ölkəmizin təşəbbüskarı və əsas iştirakçısı olduğu transmilli enerji, nəqliyyat və iqtisadi layihələrin müasir kontekstdə və yeni reallıqlar fonunda analizi Prezident İlham Əliyevin strateji uzaqgörənliyinə bir daha diqqət çəkir.
Prezident İlham Əliyevin strateji uzaqgörənliyi ilk növbədə onun mahir strateq kimi Mərkəzi Asiya və Qafqazın Avropa ilə əlaqəsini gücləndirmək üçün Xəzər dəhlizi və Cənubi Qafqaz regionunun imkanlarını xarici tədqiqatçıların qeyd etdiyi kimi, Çinə, eyni zamanda Avropa ölkələrinə, Türkiyəyə, zaman keçdikcə Hindistana belə "ixracın diversifikasiyası strategiyasını həyata keçirməyə imkan yaradacaq alternativ "Şərq-Qərb", "Şimal-Cənub" dəhlizlərinə potensial ehtiyacları, Xəzər regionu hövzəsi ölkələrinin enerji və türk dövlətlərinin inteqrasiyası, əməkdaşlığı potensialını, regional kooperasiyanın əhəmiyyətini əvvəlcədən düzgün dəyərləndirməyə və buna müvafiq xarici siyasət, nəqliyyat-logistika və enerji strategiyasının işlənib hazırlanmasına, addım-addım həyata keçirilməsinə nail olmasında təzahür edir.
Azərbaycan 10 il əvvəl Böyük İpək yolunun bərpası ilə bağlı təşəbbüslərə və layihələrin həyata keçirilməsinə sistemli və kompleks yanaşmanı təmin etmək məqsədilə bu məsələləri ölkənin iqtisadi inkişafı ilə əlaqədar strateji planlaşdırmada nəzərə almış və müvafiq addımlar atımışdır. 2012-ci ildə qəbul edilən "Azərbaycan-2020: Gələcəyə baxış" konsepsiyası, 2016-cı ildə təsdiqlənən "Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə Azərbaycanın regional tranzit mərkəz olması hədəfi, Ələt limanının fəaliyyətə başlaması, xüsusi iqtisadi zonanın yaradılması, Bakı-Tbilisi-Qars və "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə dəmir yolu layihələrinin tamamlanması, logistika xidmətlərinin təkmilləşdirilməsi, logistik mərkəzlərin Bakı və regionlarda yaradılması əsas prioritetlər kimi müəyyən edilmişdi.
Bu strategiya çərçivəsində Azərbaycanın Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyasına, xüsusən 2018-ci ildə yaradılmış Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yaxud TransXəzər Şərq-Qərb-Orta Dəhliz Təşəbbüsünə (Orta dəhliz) strateji baxışı özünü doğruldur. Orta dəhliz Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün ən optimal varianta çevrilir və həm Çin, həm də Avropa regionu ölkələri üçün nəqliyyat şaxələndirilməsinə ehtiyacları qarşılayan optimal həll yoludur. Orta dəhliz Çin və "köhnə dünya" arasında üç ticarət dəhlizindən biridir, uzunluğu avtomobil və dəmir yolu ilə 4256 kilometr, dəniz yolu ilə isə 508 kilometrdir. Orta dəhliz Avropa və Asiya arasında ticarət yolu kimi Şimal dəhlizinə nisbətən daha qənaətcil və sürətlidir və 2.000 kilometr qısadır, daha əlverişli iqlim şəraitinə malikdir və səyahət müddətini 1/3 (15 gün) qısaldır. Çin mallarını orta hesabla 20-25 gün ərzində Avropaya çatdırır ki, bu da ən mühüm logistik üstünlüklərdən biri hesab olunur. Müqayisə üçün, Süveyş kanalı ilə Cənub-Şərqi Asiyadan malların daşınması bir qayda olaraq 35-40 gün çəkir. Trans-Sibir və Baykal-Amur magistralları kimi alternativ logistik nəqliyyat marşrutları daşınma müddətinin uzun olmasına əlavə olaraq (xüsusilə qışda, qar səbəbindən qatarların hərəkət sürəti aşağı düşəndə) bu gün sərt antiRusiya sanksiyaları səbəbindən tamamilə əlverişsizdir.
Orta dəhliz eyni zamanda Türk Dövlətləri Təşkilatı (TDT) üzvlərinin ticarətdən faydalanması üçün yeni imkanlar yaratmaq, Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərin və azad ticarət zonalarının yaradılması baxımından TransXəzər əməkdaşlığının inkişafına və dərinləşməsinə kömək edir. Türkiyə ilə TDT ölkələrinin ticarət və iqtisadi əlaqələrini genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycan və Qazaxıstanın səyləri, Gürcüstanın fəal iştirakı, Türkiyənin bu təşəbbüsləri dəstəkləməsi ilə Orta dəhlizin rəqabət imkanları güclənib, iqtisadi cəhətdən səmərəliliyi artıb və bu istiqamətdə işlər sürətlənib.
Orta dəhlizin rəqabət imkanlarının güclənməsi və bu layihənin gerçəkləşməsi xeyli dərəcədə Azərbaycanın transmilli enerji və nəqliyyat layihələri ilə şərtlənir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, bütövlükdə Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhfə verir, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta dəhlizlə yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini də xeyli azaldır. Orta dəhliz üzərində yerləşən ölkələr arasında ticarət zamanı 1 günə qənaət edilməsi ortalama ixracın 5.2 faiz artması deməkdir. Artıq bu istiqamətdə səylər öz bəhrəsini verməkdədir, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınıb və beləliklə, 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil etmişdir. Bu marşrut üzrə yükdaşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilməkdədir.
2021-ci illə müqayisədə "Şərq-Qərb" dəhlizi üzrə yükdaşımalar 500 min ton artaraq
3,9 mln ton, Şimal-Qərb
dəhlizi ilə 2 mln ton artaraq 2,9 mln ton olmuşdur. "Şimal-Cənub" dəhlizi ilə yükdaşımalarda 90 faiz
artım qeydə alınmışdır. Trans-Xəzər
Beynəlxalq Nəqliyyat
Marşrutu üzrə
daşımalarda artım
isə
41 faiz təşkil
etmişdir. Bu nəticələr
Prezident İlham Əliyevin və Azərbaycanın strateji baxışının artıq
mərhələ-mərhələ reallığa çevrildiyini
söyləməyə imkan
verir. Bu il yanvarın 30-da Macarıstana
rəsmi səfəri
çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla mətbuata bəyanatlarla çıxış edən
zaman Prezident İlham Əliyev bir daha Avropa
İttifaqının Avrasiya ölkələri ilə ticarət əlaqələrinin
inkişafı, diversifikasiyasında
ölkəmizin strateji
yanaşmasını diqqətə
çatdırıb: "Rusiya-Ukrayna
müharibəsindən sonra
Azərbaycan ərazisindən
keçən yüklərin
həcmi kəskin artmışdır. Təkcə
keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir
nəqliyyat infrastrukturu
- istər tankerlər,
gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı
müasirdir və bütün lazımi tələblərə cavab
verir. Ona görə Azərbaycan
açıq dənizlərə
çıxışı olmayan
ölkə olsa da, hesab edirəm
ki, Avrasiyanın önəmli nəqliyyat-logistika
mərkəzlərinin birinə
çevrilə bilər.
Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla
əməkdaşlıq üçün
çox yaxşı imkanlar var".
Azərbaycanın transmilli layihələri Türkiyənin də tranzit imkanlarının genişləndirilməsinə və
Avrasiya regionu ilə alternaitiv nəqliyyat əlaqələrinin
yaranmasına töhfə
verir. Orta dəhliz çərçivəsində
bölgənin gömrük
orqanları arasında
əməkdaşlığı hədəfləyən "Karvansaray
layihəsi" ilə
yanaşı, "Marmaray"
dənizaltı dəmir
yolu, 26 avqust
2016-cı ildə açılmış
İstanbuldakı Yavuz
Sultan Səlim körpüsü
kimi Avropanı Asiya ilə birləşdirən əsas
infrastruktur təşəbbüsləri
tamamlanıb. 20 dekabr
2016-cı ildə açılan
Avrasiya Tuneli və
29 oktyabr 2018-ci ildə açılan İstanbul Hava Limanı, Qars Yüksək Sürətli Dəmiryolu layihəsi, Gebze-Orhangazi-İzmir
avtomobil yolu, Şimali Mərmərə
avtomobil yolu layihəsi və Filyos, Çandarlı və Mersin limanlarının
tikintisi regional qarşılıqlı
əlaqəni artıracaq
layihələr kimi qeyd edilməlidir.
Azərbaycanın hazırda üzərində işlədiyi nəqliyat layihələri və transmilli enerji layihələrinin inkişaf etdirilməsi Orta dəhliz layihəsinin potensialını yüksəldəcək, siyasi və investisiya dəstəyini artıracaqdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta dəhliz boyunca yeni nəqliyyat qolunun açılması baxımından əhəmiyyətə malikdir. 2024-cü ildə yekunlaşdırılması planlaşdırılan, uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78 faiz yerinə yetirilmiş, tikinti işlərinin isə 38 faizi (53,2 km) icra edilmişdir. Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq bu dəmir yolu xəttinin qurulması ilə Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaranacaq və "Şərq-Qərb" istiqamətində yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.
Azərbaycan bu məsələlərə yalnız bu günün deyil, yaxın və orta perspektivin imkanları prizmasından yanaşır və əvvəlki uğurlu təcrübə, strateji yanaşma əsas götürülür. Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında çıxışı zamanı Prezident İlham Əliyev həm ötən 10 il ərzində reallaşan strateji baxışın nəticələrinə toxunub, həm də vəd etdiyi imkanları diqqətə çatdırıb: "Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə başlanğıcdır. Həmçinin əlavə etmək istərdim ki, biz bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq və bu dəhlizdən həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Buna görə düşünürəm ki, bu və ya digər mənada "vahid pəncərə" sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır. Çünki biz bu marşrutu digər marşrutların olmaması nöqteyi-nəzərindən yox, kommersiya baxımından cəlbedici etməliyik".
Beləliklə, qeyd etmək olar ki, Orta dəhliz layihəsi artıq reallıqdır və Çindən başlayan Şimal və Cənub dəhlizlərinə alternativ yaradır və strateji əhəmiyyəti ilə fərqlənir. Orta dəhliz yeni geosiyasi şərtlərin təsiri ilə aktuallaşıb, eyni zamanda layihə yeni geosiyasi reallıq yaratmaq potensialına malikdir. Şərqlə-Qərb arasında alternativ ticarət əlaqəsi imkanı kimi yaxın perspektivdə aktuallığını qoruyacaq. Marşrut Çin üçün təhlükəsizlik, enerji, xarici ticarət və nəqliyyat baxımından xüsusi əhəmiyyət kəsb edir. Çin riskləri aradan qaldırmaq potensialını saxlamaq, yeni imkanlar yaratmaq üçün Orta dəhliz layihəsində maraqlıdır və buna dəstəyini artıracaqdır.
Orta dəhliz layihəsi TDT ölkələrinin strateji dəyərini artırır və iqtisadi tərəqqiyə töhfə verməklə yanaşı, sürətlə dəyişən qlobal şərtlərdə daha əlverişli mövqeyə malik olmaq imkanları verir. Avropa ilə Avrasiyanın ticarət əlaqələrində alternativ nəqliyyat yollarına ehtiyacın artması, bununla əlaqədar Türkiyənin, Xəzər hövzəsi ölkələrinin, ayrı-ayrı Aİ dövlətlərinin təşəbbüslərinin intensivləşməsi Azərbaycanın, Prezident İlham Əliyevin strateji baxışının geniş coğrafiyaya proyeksiya olunduğunu göstərir. Orta dəhliz layihəsinin ideyadan, cəlbedici konsepsiyadan real layihəyə çevrilməsində mahir strateq kimi Prezident
İlham Əliyevin qlobal və regional kontekstin obyektiv analizi, transmilli layihələrin uğurlu icrası, təcrübəli siyasi lider intuisiyasından qaynaqlanan strateji yanaşması mühüm rol oynayır və çoxtərəfli səylərin bünövrəsini formalaşdırır. Azərbaycanın logistika, nəqliyyat strategiyası qlobal müstəviyə proyeksiya olunub və Aİ ölkələrinin qlobal ticarətin üzləşdiyi risklərin aradan qaldırılması siyasəti ilə uzlaşaraq, onun uğurunu şərtləndirəcək qədər əhəmiyyət qazanıb.
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Azərbaycan.-2023.- 10 fevral.- S.1;10.