Odla oynayan Azərbaycan deyil, İrandır!
Bu ölkənin
KİV-i dövlətimizə
qarşı təhdidlərdən
əl çəkmir
Yanvarın 27-də Azərbaycanın Tehranda yerləşən səfirliyində
İranın xüsusi
xidmət orqanları tərəfindən hazırlanaraq
həyata keçirilən
qanlı terror hadisəsindən
sonra İran bütün arsenalını
işə salaraq Azərbaycana qarşı psixoloji, mənəvi terrorunu davam etdirir.
İran dövləti ədalətli
istintaq aparıb hadisəni törədənləri
cəzalandırmaq, olanlara
görə Azərbaycandan
üzr istəmək əvəzinə ölkəmizi,
Azərbaycanın dövlət
xadimlərini təhdid
edir, hədə-qorxu gəlir.
Molla rejiminin "Cumhuriye İslami" rəsmi dövlət qəzeti
"Bakı dövlət
xadimləri odla oynamasınlar" baş məqaləsini hədələyici
ifadələrlə başlayıb. "Cumhuriye İslami" İranın hərbi gücünü öyərək
bu ölkə sərhədlərində baş
verən hadisələrin
diqqətlə izlənildiyini,
rəsmi Tehranın hələlik təmkinli davrandığını, qonşulara
tövsiyələr verdiyini
və bunun sona qədər belə davam etməyəcəyini yazıb.
Yazıda ölkəmizin müxtəlif
vasitələrlə Ermənistanın
İranla olan sərhəd zolağını
işğal etməyə
çalışdığı iddia edilib, Azərbaycan
hökumətinin diplomatik
yollarla İran hökumətinin başını
qatmağa çalışdığı
vurğulanır. "Əgər
onlar tərəfindən
belə bir addım atılacaqsa, İran rəsmiləri nəsihət dilini bir kənara qoyub, öz xalqları arasında ciddi mövqeyə malik olmayan bəzi
qonşu dövlətlərin
mənfur niyyətlərinin
həyata keçirilməsinin
qarşısını almaq
üçün hərbi
gücdən istifadə
edəcəklər", - deyə
Azərbaycan Respublikasına
xəbərdarlıq edilib.
Təhdid dolu yazıda
yenidən İranın
Ermənistanla sərhədində
dəyişikliyin baş
verməsinə imkan verməyəcəyi, diplomatiya
dilinin arxasında hərbi gücünün
də durduğu və lazımi vaxtda işə salınacağı qeyd olunub. Molla rejiminin ideoloji
silahı olan "Cumhuriye İslami" qəzetinin çap etdiyi hədyan dolu bu yazı
İranın bütün
media orqanları tərəfindən
həvəslə tirajlanır.
Bu ölkədəki
səfirliyimizdə törədilən
terror hadisəsindən sonra
"islamın vəkili",
"dinin keşikçisi
olan" İran terrorçu Ermənistanın
vəkili kimi çıxış edir. Məsələ
aydındır, diqqəti
əsas məsələdən
yayındırmaqdır. Molla rejimi
və onun "mirzələri" unudurlar
ki, Azərbaycan iki ildir sərhədlərin
delimitasiya və demokrasiyasını israrla
tələb edir.
Azərbaycanın heç bir
dövlətin ərazisində
heç vaxt gözü olmayıb və yoxdur. İran müttəfiqi, qardaşı,
dostu olan Ermənistana silah verib torpaqlarımızın
işğal olmasına
yardım göstərib,
günahsız insanları
qəddarcasına qətlə
yetirilməsində iştirak
edib. Azərbaycan öz torpaqlarını işğaldan
azad etdikdən sonra isə bu müsəlman ölkəsinin iç üzü açılıb.
Səfirliyimizdə qanlı terrorun törədilməsi İranın
indiyə kimi dövlətimizə qarşı
apardığı mənəvi
terrorun davamıdır. Bir qədər əvvəl Azərbaycan sərhədində
bir dəfə də olsun hərbi
təlim keçirməyən
İran hərbi birliklərini sərhədimizə
toplayıb "təlimləri"nin də şərti adını
"Arazı keçmək"
adlandırmaqla ölkəmizə
güc nümayiş etdirmək istədi. Sual olunur: 50 minlik bir ordunu
Azərbaycan sərhədinə
cəmləməkdə İranın
məqsədi nə idi? Bəs İranın 27 nəfər
hərbi mütəxəssisdən
ibarət heyəti gizli yollarla Xankəndiyə göndərməsinin
səbəbi nədir?
30 il torpaqlarımızı
işğal altında
saxlayan Ermənistanla İranı nə, hansı xüsusiyyətlər
birləşdirir ki,
2022-ci ilin sentyabr ayında Ermənistanın
revanşist qüvvələri
sərhədlərimizdə yenidən təxribat törədib əsgərlərimizi
qətlə yetirəndə
İran hərbçiləri
ordumuzun qarşısına
çıxmışdı. "İslam dövləti"
islamı dəyərləri
təhqir edən, məscidləri uçurub
dağıdan, müqəddəs
məkanlarımızı təhqir
edən, ibadət yerlərimizi donuz fermasına çevirən
Ermənistana pilotsuz uçuş aparatları satıb onları silahlandırmaqla nə emək istəyirdi?
İran qonşuluqda iqtisadi, hərbi gücə, siyasi nüfuza malik olan Azərbaycan
dövlətinin olmasını
istəmir. Azərbaycanın artan nüfuzunu
həzm edə bilmir. Azərbaycanın güclənməsini özünə təhlükə
hesab edir. Azərbaycan dövlətinin dünyada
yaşayan bütün
azərbaycanlıların hamisi,
hüquqlarının müdafiəçisi
olması nədənsə
bu ölkəni qorxudur.
44 günlük
Vətən müharibəsi
zamanı dünya azərbaycanlılarının dövlətimizlə
həmrəy olduğunu,
ürəklərinin Azərbaycanla
döyündüyünü görən İran təlaş keçirməyə
başladı. Belə ki, çürüməkdə
olan rejim öz sonunun yaxınlaşma səbəbini
Azərbaycanın güclənməsində
görür. Vətəndaşlarının sosial şəraitini
yaxşılaşdırmaq, tələblərini dinləmək,
ən adi insan azadlıqları ilə təmin etmək əvəzinə,
terroru dövlət siyasətinə çevirir.
İnsanları qorxu ilə
idarə edə biləcəklərini düşünürlər.
Küçələrə Azərbaycan bayrağı
ilə çıxan etirazçıların Azərbaycan,
birlik sevgisi molla-fars rejimini daha da qəzəbləndirdi. İran beynəlxalq
hüquqla qorumağa borclu olduğu səfirliyimizə silahlı
hücum təşkil
etməkdə məqsədi
də ölkəmizə
güc göstərmək,
barmaq silkələmək
idi. Bu terror hadisəsi zamanı dünya birliyinin Azərbaycana, əslində
beynəlxalq hüquqa
göstərdiyi diqqət
İrana tərs bir şapalaq oldu. İranın təkcə Azərbaycan
dövlətinə yox,
öz vətəndaşları
olan azərbaycanlılara kinini, nifrətini daha da artırdı.
Özünü islam dövləti adlandıran
İran illərdir ki, azərbaycanlı olduqları üçün
40 milyondan çox vətəndaşına sitəm
edir, ən adi hüquqlarını pozur, ayrı-seçkilik salıb onların hüquqlarını görməzdən
gəlir. İndiyə kimi "sünnü",
"şiə" söhbəti
ilə, məzhəbçilik,
təriqətçiliklə məşğul olan molla rejimi daha
təhlükəli və
iyrənc üsullara əl atır. Milli ayrı-seçkilik salır,
azərbaycanlılara qarşı
kin, qəzəb püskürür.
Bir neçə gün əvvəl azərbaycanlıların
kompakt halda yaşadıqları Xoyda təbii fəlakət baş verib. İran rejimi
zəlzələdən zərərçəkənlərə
yardım etmir, həm də Azərbaycanın, Türkiyənin
zəlzələdən zərərçəkmiş
əhaliyə yardım
göstərməsinə imkan
vermir. Zəlzələdən zərərçəkmiş soydaşlarımız bu qarlı, şaxtalı günləri açıq
havada, qar altında keçirməyə
məcbur qalıblar.
Molla rejimi, onun mirzələri
unudurlar ki, zatən odla oynayan İrandır. 40 milyonluq
bir xalqın hüququnu pozmaq, hələ bir qədər qorxu altında bir müddət saxlamaq bəlkə də olar, amma bu,
əbədi ola
bilməz. 40 milyonluq
xalqı görməzdən
gəlmək, heçə
saymaq mümkün deyil. Bu gün
siz səfirliyimizə
hücum edib terror edə bilərsiniz. Amma bütöv bir xalqı əbədi olaraq qorxudub, gözüqıpıq edə
bilməzsiniz. Mütləq
o xalq ayağa qalxıb bir gün səltənətinizi
başınıza yıxacaq...
Elşən QƏNİYEV,
Azərbaycan.- 2023.- 5 fevral.- S.1; 8.