Heydər Əliyev Fondu öndədir
Fond Türkiyəyə
genişmiqyaslı humanitar yardım
kampaniyası aparır
Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub. Bunun həm dövlət səviyyəsində, həm də xalqlarımız arasında şahidi olmuşuq. İki ölkə arasında münasibətlər hər şeydən əvvəl dostluğa, qardaşlığa söykənir.
Bu münasibətləri fevralın 6-da Türkiyədə baş vermiş iki güclü zəlzələdən sonra yardıma ilk gələnin Azərbaycan olmasının, ölkəmizdə başladılan yardım kampaniyalarının nümunəsində də gördük. Dövlət səviyyəsində yardımla yanaşı, xalqımız da ilk gündən Türkiyənin yanında olduğunu, əlindən gələn köməyi göstərməyə hazır olduğunu nümayiş etdirir.
Zəlzələdən dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verdi və ölkəmizin Türkiyənin dərdinə şərik olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğuladı.
Elə həmin gün Prezident İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yardım göndərildi. Ümumilikdə, faciə baş verdiyi vaxtdan bu günə kimi FHN-in
725 nəfərlik şəxsi heyəti Türkiyəyə gedib.
İlkin
mərhələdə 36 ton humanitar yardım göndərilib
Birinci vitse-prezident Mehriban Əliyeva fevralın 6-da Türkiyədə baş
verən zəlzələ
ilə bağlı paylaşım edərək
təbii fəlakətdə
həyatını itirənlərin
yaxınlarına, doğmalarına
başsağlığı verdi və yaralılara
şəfa dilədi.
Daha sonra Mehriban Əliyevanın göstərişinə
əsasən, Heydər
Əliyev Fondu tərəfindən qardaş
ölkəyə humanitar
yardım göndərildi.
Yardım çərçivəsində
Türkiyəyə dərman
preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair tibb ləvazimat
və avadanlıqlar, eləcə də isti geyimlər çatdırılıb.
Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən ilkin mərhələdə ümumilikdə 36 ton humanitar yardım göndərilib. Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazintep hava limanında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan fond əməkdaşları ilə görüşüb. Baş vermiş faciə ilə əlaqədar Mehriban Əliyevanın başsağlığını çatdıran fondun nümayəndəsi bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib. Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyib. O bildirib ki, biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik.
Bakı İdman Sarayında yardım izdihamı
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardımın göstərilməsi barədə çağırışına dəstək məqsədilə keçirilən bu kampaniya fevralın 14-dək davam edəcək. Kampaniya çərçivəsində RİİB könüllüləri Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş ölkəyə çatdıracaqlar.
Dünən kampaniyanın keçirildiyi Bakı İdman Sarayına yollandıq. Havanın soyuq, küləkli olmasına baxmayaraq, sarayda izdiham yaşanırdı. Bakı sakinləri yardım bağlamaları ilə binaya axın edirdilər. Hər kəs imkanı daxilində yardımını edirdi: kimi yorğan-döşək, kimi isti geyim, kimi əlcək, papaq, şərf, kimi də uşaq bezi gətirirdi.
Yardımlar RİİB könüllüləri tərəfindən qəbul olunur və çeşidlənərək qutulara yığılırdı. Müşahidələrimiz zamanı yardımları qəbul edən və çeşidləmə aparan könüllülərin necə ürəklə çalışdıqlarını görməmək mümkün deyildi.
Bu yardım kampaniyası bir daha göstərir ki, türkiyəli qardaşlarının dərdinə şərik olan həmvətənlərimiz əllərindən gələn qədər onlara kömək, dəstək göstərməyə çalışırlar.
Yardıma gələnlərlə də söhbət etdik. Hər biri qardaş ölkədə baş verən təbii fəlakətlə bağlı başsağlığı verir, onların kədərini öz acıları kimi hiss etdiklərini bildirirdi. Bu kədərli günlərdə Türkiyə xalqının yanında olduqlarını deyən Bakı sakinləri bildirdilər ki, Azərbaycan və Türkiyə hər məqamda bir-birinin yanında olub və bu birlik sarsılmaz və əbədidir. Yardıma gələnlərin hamısının fikri eyni idi. Onların hər biri Türkiyəyə yardım etməyi özünün mənəvi borcu hesab edirdi.
Ulu Öndərin "Bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" ifadələri tarixin müxtəlif dövlərində öz gerçəkliyini ortaya qoyub. Bu gün də Azərbaycan Türkiyənin ən çətin, ağrılı günündə onun yanındadır. Bu dəstək, birlik hər iki xalq var olduqca davam edəcək.
Yarandığı gündən genişmiqyaslı sosial layihələr, o cümlədən xeyriyyə işləri həyata keçirən Heydər Əliyev Fondu bu gün qardaş Türkiyə üçün səfərbər olub. Bu yardım kampaniyası bir daha göstərir ki, insanlara təmənnasız yaxşılıq etməyi əsas prioritetlərindən biri elan edən Heydər Əliyev Fondu hər zaman dəstəyə ehtiyacı olanların yanındadır. Qardaş Türkiyəyə edilən yardımlar həm də ondan xəbər verir ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi fond öz xeyirxahlıq missiyasını layiqincə yerinə yetirir.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2023.- 10 fevral.- S.8.