Mehriban
Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondunun göndərdiyi humanitar
yardım Türkiyədə zəlzələ bölgəsinə
çatdırılıb
Türkiyədə
çoxsaylı insan tələfatına səbəb olmuş
zəlzələ qurbanlarına dəstək məqsədilə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə
əsasən, Heydər Əliyev Fondu tərəfindən
qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə
fevralın 9-da səhər saatlarında Qaziantep hava
limanına çatıb.
AZƏRTAC
xəbər verir ki, Fondun zəlzələ bölgəsinə
ezam olunan əməkdaşları humanitar yardımı
Türkiyənin faciə bölgəsində zərər
çəkmiş vətəndaşlara çatdıracaqlar.
Faciədən zərər çəkmiş şəxslər
üçün Heydər Əliyev Fondu tərəfindən
36 ton humanitar yardım göndərilib. Humanitar yardıma
müxtəlif dərman preparatları, oksigen maskaları,
filtrli sistemlər, sarğı materialları, onurğa
taxtaları, ilkin yardım boyunluqları, xərək və s.
tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər,
çadırlar daxildir.
Qeyd
edək ki, Heydər Əliyev Fondunun "Regional
İnkişaf" İctimai Birliyi tərəfindən
qardaş ölkəyə humanitar yardım kampaniyasına da
start verilib. Türkiyənin ölkəmizdəki səfirliyinin
zəlzələ bölgəsinə humanitar yardımın
göstərilməsi barədə
çağırışına dəstək məqsədilə
keçirilən bu kampaniya fevralın 14-dək davam edəcək.
Kampaniya zamanı RİİB könüllüləri
Türkiyənin təbii fəlakətdən zərər
çəkmiş vilayətlərində hazırda ən
çox ehtiyac duyulan ləvazimatları vətəndaşlardan
toplayacaq, ən qısa zamanda qablaşdıraraq qardaş
ölkəyə çatdıracaqlar.
Azərbaycan.-2023.- 10 fevral.- S.8.