Gəncəlilər qardaş Türkiyəyə yardım kampaniyasına canla-başla qoşulublar

 

 

Gəncə sakinləri də qardaş Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım kampaniyasına qoşulmuşlar. Kimin nəyə gücü çatırsa, qardaş ölkəyə göndərmək üçün şəhərin bir neçə yerində təşkil olunmuş məntəqələrə təhvil verir.

Şəhər sakini Müharib Novruzov: "Həyəcansız danışa bilmirəm. Televiziyada, internetdə zəlzələnin fəsadlarına baxanda sarsılıram. Qardaş acısı yaşayırıq. Mən də yardım kampaniyası çərçivəsində imkanım nəyə çatıbsa, alıb gətirmişəm".

Yardım toplama məntəqəsinə gətirilən əşyaları könüllülər çeşidləyirlər. Onlar isti paltarları, eləcə də yataq əşyalarını səliqə ilə bağlayıb yük maşınlarına yığırlar. Yardımlarınsa ardı-arası kəsilmir. 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı veribbu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardıma başlanılıb. Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə humanitar yardım olunur.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2023.- 10 fevral.- S.9.