Dünyanı tərpədən "deprem"

 

Ondan heç kim sığortalanmayıb

 

 

 

Xəbər verildiyi kimi, fevralın 6-da qardaş Türkiyədə iri şəhərləri, çoxlu qəsəbə və kəndləri əhatə edən dəhşətli zəlzələ baş vermişdir. Türkiyə tarixində bu, 1939-cu ildəki Ərzincan zəlzələsindən sonra ən dəhşətli dağıntılara səbəb olan təbii fəlakətdir. Minlərlə tikili dağılmış, yerləyeksan olmuş, minlərlə insan həyatını itirmiş və yaralanmışdır.

Bizim üçün yeganə təsəlliverici hal odur ki, bu dəhşətli zəlzələ böyük türk xalqını sarsıda bilmədi. Bütün Türkiyə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ayağa qalxdı. Bir gözü yaşlı milyonlarla türk zəlzələdən yaralananlara məlhəm olmaq, insan itkisini azaltmaq, evsiz qalanlara yardım göstərmək üçün dünyaya bir daha məğrurluq nümayiş etdirməyə başladı.

Bu gün Türkiyə dövlətinin nə qədər möhkəm təməl üzərində qurulduğunun, onun işlək mexanizmlərinin nə qədər çevik fəaliyyət göstərdiyinin şahidiyik. Zəlzələdən dərhal sonra ölkədə fəlakətin nəticələrini aradan qaldırmaq üçün operativ qərargah yaradıldı. Türkiyənin şəriksiz lideri Rəcəb Tayyib Ərdoğan şəxsən qərargaha rəhbərlik edir. Bu o deməkdir ki, dövlət başçısı bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Bütün nazirlər fəlakət zonalarında birbaşa xilasetmə işlərinə rəhbərlik edirlər. Belə davranış dövlətin vətəndaşı qarşısında məsuliyyət hissinin göstəricisidir.

Bununla belə, Türkiyədən gələn xəbərlər acı və üzücüdür. Hər saat, hər dəqiqə zəlzələdən həlak olanların sayının artması xəbərini alırıq. Ancaq türk xalqının tarixi bundan da dəhşətli hadisələrə şahidlik edib. Lakin sarsılmayıb, yenidən güc toplayıb dünyaya böyük millət olduğunu sübut edib. Sübut edib ki, onun bu fəlakət qarşısında da sarsılmağa haqqı yoxdur. 200 milyonluq türk, bir milyardlıq islam dünyasının ümid və pənah yeri olan bir ölkə sarsıla bilərmi?!

Azərbaycanla Türkiyə "Bir millət, iki dövlət" prinsipini rəhbər tutaraq hər yerdə dünyaya qardaşlıq nümunəsini göstərirlər. Prezident İlham Əliyev zəlzələ xəbərini alan kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxladı, Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu bildirdi. Özü də təkcə bildirmədi, həm də anındaca tədbirlər gördü. Hadisə baş verən gün dövlət başçısının tapşırığı ilə 420 nəfərdən ibarət xilasedici heyət qardaş ölkəyə yollandı. Bundan başqa, ertəsi gün daha iki təyyarə Türkiyəyə yola düşdü. Hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı qardaş ölkəyə göndərildi. Daha bir təyyarə isə soyuqdan qorunmaq, insanların müvəqqəti yaşamını təmin etmək üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar apardı. Heç şübhəsiz ki, Azərbaycanın qardaş Türkiyəyə yardımı bunlarla bitmir. İstər dövlət, istərsə də sıravi vətəndaşlarımız səviyyəsində yardımlar davam edir. Bu, bizim qardaşlıq borcumuzdur.

Zəlzələdən dünyanın heç bir ölkəsi sığorta olunmayıb. Dünya təcrübəsi də göstərir ki, belə hal dünyanın istənilən yerində gözlənilmədən baş verə bilər. Bu üzdən yaşanacaq fəlakətin miqyasını azaltmaq üçün hazır olmalıyıq. Bəs bizdə bu sahədə vəziyyət necədir və hansı tədbirlər görülür?

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyir ki, Fövqəladə Hallar Nazirliyindən 2019-2020-cı illər üzrə Bakıda aparılan tikintilərin xəritəsini əldə ediblər: "Artıq 2018-ci ilə qədər olan seysmik mikrorayonlaşdırma xəritəsi də hazırdır. Bakıda hər küçə üzrə ayrıca binaaltı geoloji məlumatlar, mərtəbə sayı, neçə bal zəlzələ ehtimalı olan ərazidə yerləşdiyi haqda bütün məlumatlar bu xəritədə öz əksini tapacaq. Bütün bunlarla bağlı informasiya bazası yaradılacaq. Artıq ünvanı yazdıqda həmin məlumatları əldə etmək mümkün olacaq. Bu layihə tam hazır olduqdan sonra bazara çıxarılacaq. Tikinti aparan şirkətlər üçün bu zonalar haqda məlumatlı olmaq çox  vacibdir. Bizim səlahiyyətlərimiz kifayət qədərdir. Heç kim bizim qarşımızı kəsmir, kəsmək fikriyoxdur. Yeni bir layihəyə start verməyi planlaşdırırıq. Bakıdakı köhnə binaların geoloji məlumatları toplanılacaq. Neçə ballıq zəlzələyə davamlıdır, nə qədər seysmik aktiv ərazidə yerləşir və s. hallar üçün Azərbaycanın seysmik təhlükə xəritəsi hazırlanacaq. Geoloji quruluşu mürəkkəb olan ərazilərdə tikinti işləri aparılmazdan öncə seysmik tədqiqat işləri aparılmalıdır. Ərazinin neçə bal zəlzələ ehtimalı olduğu dəqiqləşdirilməlidir. Məsələn, Bakı şəhərində Xətai rayonunda elə bina var ki, bir blokda iki qanad 8 ballıq zəlzələ ehtimalı olan, digər qanad isə 9 ballıq ərazidədir. Əgər 9 ballıq zəlzələ olarsao bina

8 ballıq zəlzələyə davamlı tikilibsə, binanın bir qanadında dağıntı daha çox olacaq".

 

Rüstəm KAMAL,

Azərbaycan.-2023.- 10 fevral.- S.9.