Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımız öz torpaqlarında yaşamaq hüququna malikdirlər

 

 

"İndiki Ermənistan ərazisi"... Təəssüf doğuran ifadədir. Səbəbləri isə çoxdur. Əvvəlcə onu qeyd edək ki, bu sözlərin özündə həmin ərazilərin əzəli sakinlərinə - azərbaycanlılara qarşı böyük ədalətsizlik, haqsızlıq əksini tapıb.

O torpaqlarda min illər boyu yaşayan xalqın tarixi var. İndiki Ermənistan ərazisi deyilən qədim Azərbaycan ərazilərində dünyaya göz açmış, ömür sürmüş ulularımız yurd salıb, obalar qurublar. Öz əlləri ilə binalar inşa ediblər. Zaman keçdikcə həmin tikililərin bəziləri tarixi abidələrə çevrilib. Ulularımız mənsub olduqları Azərbaycan xalqının adət-ənənələrini yaşadıb, inkişaf etdirib, özlərindən sonrakı nəsillərə çatdırıblar.

Humanistlik, sülhsevərlik, qonaqpərvərlik fitrətində olub xalqımızın. Günün hansı vaxtı olursa-olsun insanlarımız qapılarını döyənlərin qarşısına gülərüzlə çıxıb, "xoş gəldin" deyiblər. Ermənilər isə, əslində, əvvəldən bu yerlərə xoş gəlməyiblər, məkrli niyyətləri ilə köçüblər. Siyasi məqsədlərlə Azərbaycan ərazilərində yerləşdiriliblər. Ancaq azərbaycanlılar bu məkrli məqsədlərlə gələn üzlü qonaqlara qarşı da bədrəftar olmayıblar. Halal süfrələrindən onlara da yemək veriblər. Azərbaycanın müxtəlif ərazilərində özlərinə yavaş-yavaş yer edən ermənilər isə əvvəlcə yerli sakinlərə münasibətlərini pərdələməyə, simalarını gizlətməyə çalışıblar. Getdikcə yerlərini möhkəmləndiriblər. Ancaq hər dəfə zamanın üzü sərtləşəndə, mürəkkəb, ziddiyyətli siyasi, ictimai hadisələr baş verəndə əsl simaları ortaya çıxıb. Ermənilər qədər çörək itirən, zalım, qəddar olduqlarını göstəriblər. Amma hər dəfə tək olmayıblar. Güclü dövlətlərdən hər cür yardım alıblar. Havadarlarının pulsuz verdikləri silah-sursatı dinc azərbaycanlılara tuşlayıblar. Günahsız insanları kütləvi şəkildə, dəhşətli işgəncələr verərək qətlə yetirib, terrorlar, soyqırımları törədiblər.

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiyada - Qayıdış Konsepsiyasında qeyd olunduğu kimi, azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud şəkildə pozulması yolu ilə həyata keçirilib: "Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. Bu aktların, o cümlədən 1918-1921-ci illərdə "Ermənistan respublikası", "Dağlıq Ermənistan respublikası" adlanan qurumların, Sovet İttifaqının, ələlxüsus Zəngəzur daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox bölgəni Ermənistana vermiş və 100 min azərbaycanlının Ermənistandan deportasiyası barədə irqçi qərara imza atmış SSRİ-nin bədnam rəhbəri İosif Stalinin və Ermənistan SSR-in 1987-1991-ci illərdə törətdiyi əməllərin nəticələri hələ də qalmaqdadır".

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında Azərbaycan xalqının ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatıb. Belə ki, aparılmış etnik təmizləmə nəticəsində həmin ərazi azərbaycanlılarsız qalıb, indi orada müstəsna olaraq ermənilər yaşayır.

Ancaq Azərbaycan xalqı əzəli ərazilərində ermənilərin at oynatmaları, tarixinə qənim kəsilmələri, qədim abidələrini uçurub dağıtmaları və ya saxtalaşdırmaları ilə barışmayıb. 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş, 2022-ci ildə "Qərbi Azərbaycan İcması" adını almış təşkilat (icma) da indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Qayıdış Konsepsiyası icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Sənəd beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Ermənistanın hərbi hücumu, işğalı və təxribatları 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlaması ilə nəticələndi. Azərbaycanın özünümüdafiə əməliyyatı qələbə ilə başa çatdı. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərini Azərbaycan Ordusu azad etdi. Bu, haqqın zəfəri idi. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında bildirildiyi kimi, ədalətin bərpa olunması istiqamətində mühüm addım atıldı və iki ölkə arasında sülh imkanlarını artırdı: "Digər tərəfdən, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə monoetnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir və bu, davamlı sülhün bərqərar olunmasına böyük əngəl törədir".

Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, MülkiSiyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsini özünün əsas hədəfi kimi bəyan edir. Konsepsiya ilə həyata keçiriləcək fəaliyyətin əsas məqsəd və prinsipləri müəyyənləşdirilib. Qeyd olunub ki, qayıdış prosesi Qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa etməlidir.

İcma geriyə qayıtma hüququnun beynəlxalq hüququninsan hüquqlarının ali prinsipi olmasından çıxış edir. Eyni zamanda bu prosesin asan olmayacağını nəzərə alır: "İcma geriyə qayıtma hüququnun reallaşmasına əsas maneənin Ermənistanın müqaviməti olacağını gözləyir. Bundan əlavə, qayıtma prosesi əhəmiyyətli ölçüdə hüquqi məsələlərin həllini, təhlükəsizlik komponentiniböyük miqdarda resurs əldə edilməsini ehtiva edir. Bütün bu vəzifələrin həlli Azərbaycan və Ermənistan ilə yanaşı, geniş beynəlxalq ictimaiyyətin dəstəyinin əldə edilməsini tələb edir".

Qayıdış Konsepsiyasında vurğulanır ki, istənilən halda Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar öz vətənlərində yaşamaq hüququna malikdirlər, bu hüquq əzəlidir, toxunulmazdır, mütləqdir və həlledici faktordur.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 10 fevral.- S.10.