Hər şəhərdən, hər məhəllədən, hər evdən...

 

Azərbaycanın hər yerindən Türkiyəyə yardım göndərilir

 

Azərbaycan Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım kampaniyasını davam etdirir. Prezident İlham Əliyevin tapşırığına əsasən, qardaş ölkəyə yollanmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün axtarış-xilasetmə əməliyyatlarını həyata keçirirlər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə davamlı şəkildə tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər və digər əşyalar çatdırılır. Ölkəmizin bütün bölgələrində vətəndaşlarımız Türkiyəyə dəstək üçün yardımtoplama məntəqələrinə axın edirlər.

Fəlakətin ilk saatlarından etibarən Azərbaycan dövlətinin və xalqının Türkiyəyə yardım üçün səfərbər olması iki ölkənin qardaşlığının sarsılmazlığından xəbər verir. "Bir millət, iki dövlət" deyimi yalnız sözdə deyil, əməllərdə təsdiqini tapır.

 

Qardaşlıq nümunəsi

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Türkiyədə baş vermiş, əsrin fəlakəti adını almış zəlzələlərin fəsadlarının aradan qaldırılması "bir millət, iki dövlət" anlayışının daha da möhkəmliyini ortaya qoydu. Təsadüfi deyil ki, bu gün Azərbaycan xalqının, eləcə də dünya azərbaycanlılarının 85 milyonluq türk millətinin yanında olmalarına, dağıntılar meydanında necə savaş aparmalarına şahidlik edirik.

"Şükürlər olsun, əsrlər boyu Azərbaycan və Türkiyə arasında davam edən və nəsildən-nəslə ötürülən bu qardaşlıq və doğmalıq duyğuları tarixin müxtəlif sınaqlarında hər zaman özünü doğruldub. Bu gün Türkiyənin dağıntılar altında qalmış əyalətlərində türkiyəli qardaşlarımızla birgə azərbaycanlıların da səfərbər olması, onların cani-könüldən dəstək göstərmələri misilsiz qardaşlıq nümunəsidir. Əlbəttə ki, ölkəmizin hər bölgəsindən edilən yardımlar, sıravi vətəndaşların qardaş payları, hər kəsin gücü çatan köməyi əsirgəməməsi əmr və tapşırıqlarla həyata keçirilə bilməz. Əgər xalqımızın hər bir nümayəndəsinin ürəyindən kömək əli uzatmaq keçməsəydi, çətin ki belə böyük miqyaslı yardım kampaniyalarının şahidi olardıq", - deyə komitə sədri bildirib.

Zahid Oruc qeyd edib ki, bu gün Türkiyədə izlədiyimiz qardaşlıq nümunəsinin eynisini 100 illər əvvəl Çanaqqala döyüşlərində də görmüşük: "O zaman xalqımızın say-seçmə oğullarının istiqlal uğrunda necə savaş verdiklərini bilirdik. Eləcə də Türkiyənin 1918-ci ildə Bakının xilası üçün verdiyi canları unutmaq mümkün deyil. Bu tarixi hadisələrin hər biri əbədiləşib, xalqlarımızın yaddaşında özünə dərin kök salıb. Zaman-zaman həmin kök cücərir və bu, hər bir azərbaycanlının qardaş duasında öz əksini tapır".

Komitə sədrinin sözlərinə görə, bu günlərdə 90-dan çox dövlətin xilasediciləri Türkiyədə ağır fəsadların aradan qaldırılması üçün çalışır, dağılmış binaların altında qalmış insanlara, eləcə də digər yaralılara yardım etmək istəyirlər: "Burada ən önəmli məsələ yer silkələnəndə heç kimin sığortalı olmadığını başa düşməkdir. Hər bir yardım insani müstəvidə həyata keçirilməlidir. Belə ağır məqamlarda düşmənçiliklər, siyasi maraqlarbaşqa siyasi savaşlar kənara qoyulmalıdır. Türkiyənin dağıntılara məruz qalması bizə bunun əsl nümunəsini göstərdi: Yunanıstandan tutmuş Ermənistana, eləcə də ABŞ və ən ucqar Avstraliyaya qədər, demək olar ki, bütün dövlətlər qardaş ölkəyə kömək əlini uzatdı. Lakin bu sırada Azərbaycanın yeri birincidir".

Zahid Oruc bildirib ki, bu yardımlar Azərbaycan dövlətinin və xalqının nə qədər dəyanətli və mətin olduğunu bir daha sübut edir: "İndi hər kəsə daha aydın olur ki, əslində, Şuşa zirvəsinin fəthi təkcə hərbi mahiyyət daşımır, Azərbaycan və Türkiyə xalqlarının həyatın ən çətin sınaqlarına belə, birlikdə sinə gərə bilmə gücü var. Bu gün Azərbaycan xalqı öz tikəsini türkiyəli qardaşları ilə bölüşməkdən məmnunluq duyur".

 

Türkiyə bu sınaqdan da üzüağ çıxacaq

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır: "İki dostqardaş ölkə - Azərbaycanla Türkiyə tarixin bütün dövrlərində sevincli və kədərli günlərdə bir-birinin yanında olublar. Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycan xalqını dərindən kədərləndirib, qardaş Türkiyənin dərdinə şərik çıxıb. Sadə vətəndaşdan tutmuş dövlət və özəl qurumlara qədər hər kəs zəlzələ baş verdiyi ilk gündən Türkiyəyə dəstək olmağa çalışır. Yardımlar ilk dəfə paytaxtın Babək prospektində toplanmağa başlansa da, bu kampaniya sonra daha böyük məkanda, Heydər Əliyev adına İdman Konsert Kompleksində davam etdirildi. Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün hətta uzaqda yerləşən yaşayış məntəqələrindən belə yardım toplanma məntəqələrinə axın edirlər. Vətəndaşlarımız ehtiyac duyulanvarsa, onu da göndərməyə çalışırlar".

Deputat bildirdi ki, Azərbaycanın dövlət və özəl qurumları yardım aksiyalarına fəal qoşulublar: "Qısa müddətdə yardım aksiyası böyük bir hərəkata çevrilib. Prezident İlham Əliyevin bilavasitə tapşırıq və göstərişi ilə hazırda Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Azərbaycandan qardaş ölkəyə davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir. Azərbaycan sona qədər Türkiyənin yanındadır. İki qardaş ölkə bu sınaqdan da üzüağ çıxacaq.

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan.- 2023.- 15 fevral.- S.1; 6.