Kədərimiz də sevincimiz kimi bölünməzdir

 

Ölkəmiz matəm içindədir. Hamı hüznlüdür. Üzlərdə kədər, gözlərdə yaş hər kəs bir can yanğısı ilə qardaş və bacılarımıza yardım, əlindən gələni etməyə tələsir.

Fevral ayının 6-da Türkiyədə baş vermiş zəlzələ qardaş ölkəni təbii fəlakətin ağır fəsadları ilə üz-üzə qoyub. Təbii fəlakət 10 vilayəti yerlə-yeksan edib. Əsrin fəlakəti adlandırılan zəlzələ 6000-dən artıq binanın dağılmasına, 30 mindən çox insanın həyatını itirməsinə, 100 mindən artıq insanın yaralanmasına və hələ sayı bilinməyən neçə-neçə insanın dağıntılar altında qalmasına səbəb olub.

Bu ağır gündə dünyanın əksər ölkələri Türkiyədən köməyini əsirgəmir. Lakin qardaş yanğısı ilə fəlakətin baş verdiyi regiona ilk köməyə çatanbu gün də gecəli-gündüzlü Türkiyə ilə bir yerdə olan Azərbaycandır. Prezident İlham Əliyevin göstərişinə əsasən, faciənin ilk günlərindən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri hadisə yerinə göndərilib. Bu gün onlar dağıntıların baş verdiyi ən çətin ərazilərdə xilasetmə işlərini yerinə yetirirlər. Azərbaycan xilasediciləri indiyəcən onlarla insanı dağıntılar altından sağ-salamat çıxarıblar. Azərbaycan Ordusunun səhra hərbi hospitallarının tibb personalı isə gecəli-gündüzlü yaralıları həyata qaytarmaqla məşğuldur. 

Bu günlər qəlbimizi yandıran, bizi duyğulandıran, hətta Türkiyə mediasının da gözündən yayınmayan mənzərələr görürük, hadisələr yaşayırıq. İndi Azərbaycanda hər kəsin bu acını öz içində hiss etməsi, əlindən gələn köməyi əsirgəməməsi, sözün əsl mənasında, qardaşlıq nümunəsidir. Yardımla dolu köhnə avtomobilində köməyə  tələsən laçınlı Sərvər Bəşirli bu gün dünya mediasının da gündəminə çevrilib. Qarlı-buzlu günlərdə Yardımlıda əl arabası ilə, Borçalıda çiynində yorğan-döşək daşıyan, Ağdamda öz xəz üst geyimini çıxarıb yardım aparanlara "Bunu da aparın, mən buradan öz isti evimə gedəcəm" deyən ana-bacılarımızı, illərlə köçkünlük həyatı yaşamış soydaşlarımızı gördükcə qürur keçiririk.

Əslində biz ağdamlılar belə bir faciəni 31 il əvvəl yaşamışıq. Qəddar düşmən fevralın 25-dən 26-na keçən gecə xocalıları evlərindən didərgin salanda, meşələrdə, yollarda ölümə məhkum edəndə eyni acını çəkdilər. Həmin gün də ağdamlılar çörək, paltar götürüb xocalılıların köməyinə tələsirdilər. Mənim də gücüm evimizdə adıma alınan cehizliyimə çatmışdı. Yanan evə dimdiyində su daşıyan quşlar kimi əlimdən başqa nə gələrdi ki...

Bizim o zaman yaşadıqlarımız da "zəlzələ" idi. Həmin illər qarabağlılar, şərqi zəngəzurlular çox faciələr yaşadılar. Yaxşı xatırlayıram, Xocalı soyqırımı zamanı Ağdama gətirilən cəsədlərin sayı o qədər çox idi ki, kəfən çatışmırdı. Ağdam məscidinin axundu camaata çağırış edəndən sonra hər kəs evindəki təzə, işlənməmiş mələfələri məscidə daşıdı.

İndi də xalqımız birləşib. Türkiyənin belə bir ağır günündə Azərbaycanın elə bir rayonu yoxdur ki, köməyə can atmasın. Həmçinin məşəqqətli yol keçmiş xocalılılar da kənarda qalmayıblar. Kosalar kənd tam orta məktəbinin müəllim və texniki işçiləri öz maddi və mənəvi dəstəkləri ilə yardım kampaniyasına qoşulublar. Məktəbin müəllimi Vəsilə Quliyeva deyir ki, bu, hər birimizin qardaşlıq və insanlıq borcudur. Azərbaycan və Türkiyə bir candır, kədərimiz, sevincimiz bölünməzdir.

Əslən Xocalıdan olan Əməkdar jurnalist Səriyyə Cəfərova isə göz yaşları içərisində duyğularını belə ifadə edir: "Bu millətin çox böyük dərdi varmış. Günlərdi qəlbimiz qan ağlayır. İsti yatağımızdan utanırıq, yemək bişirmək istəmirik. Axı qanı qanımızdan olan qardaşlarımız, bacılarımız daşın, betonun altında qalıb. Nə əlimiz çatır, nə ünümüz yetir. Düz 31 il öncəki kimi... Kətik meşəsində, Xocalının içindəcə doğmalarımız, əzizlərimiz qaldı. İllərdir fevral ayı kabus olub bizlərə. Bu il isə Xocalı dərdimizin üstünə bir dərd də gəldi. Mingəçevirdə yaşayan əmim oğlu mənə zəng edib zəlzələdə valideyinlərini itirmiş bir uşağı himayəyə götürmək istədiyini bildirdi. Dedi ki, ona özüm baxacam, yaralarını sarımağa calışacam, ürəyimi soyutmaq, təsəlli tapmaq istəyirəm. Əmim oğlu Xocalı faciəsində 3 qardaşını itirib. Qardaşlarının qəbirləri də yoxdu ki, təsəlli tapsın. O da təsəllini bu uşaqla tapmaq istəyir".

Bəli, dərdlər tükənmək bilmir. Nə yaxşı ki, heç olmasa insanlıq da tükənmir. Birlik, insanlara can yandırmaq, harayına çatmaq, ağır günlərin mənzərəsi olub acı versə də, etiraf edək ki, həm də insana insan olduğunu xatırladır, xeyirxah  duyğuları oyadır. Çünki o zaman insan özü olur, dualarını ürəkdən edirdaxili  rahatlıq tapır.

Türkiyədə baş verən zəlzələnin acısı bizə yad deyil. İki dövlət, bir millət olan bizlərə bu, necə yad ola bilər ki?! Allahdan şəhidlərimizə, bu ağır təbii fəlakətdə  dünyasını dəyişən qardaş-bacılarımıza, körpələrə, qocalara rəhmət diləyir, yaralılara şəfa arzulayırıq! Biz səninləyik, Türkiyə!

 

Zəkurə QULİYEVA,

 

Azərbaycan.- 2023.- 15 fevral.- S.7.