Türkiyədə zəlzələ bölgəsindən
513 nəfər Azərbaycan vətəndaşı təxliyə
olunub
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara kömək göstərilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, ölkəmizin Türkiyədəki səfirliyində, İstanbul və Qars şəhərlərindəki baş konsulluqlarında yaradılmış Operativ qərargahlar tərəfindən Türkiyə Respublikasının Daxili İşlər, Milli Təhsil və Səhiyyə nazirliklərində, eləcə də digər qurumlarla intensiv əməkdaşlıq şəraitində davam edir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, zəlzələnin baş verdiyi gündən etibarən 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. Zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesi davam etməkdədir.
“Eyni zamanda, zəlzələ
bölgəsində yaşayan və ya müvəqqəti məskunlaşan, Azərbaycan
Respublikasına təxliyə edilmək niyyətində olmayan vətəndaşlarımızın
diqqətinə çatdırırıq ki,
zərər görmüş əraziləri
tərk etmək istəyənlər üçün
müvafiq vilayətlərdə jandarma bölmələri tərəfindən
təxliyə məntəqələri yaradılıb (təxliyənin
həyata keçiriləcəyi yerlərin siyahısı əlavə
olunur). Bu məntəqələrə
müraciət edənlərin Türkiyənin təhlükəsiz
bölgələrinə təxliyəsi Türkiyənin aidiyyəti
qurumları tərəfindən ən uyğun
hesab edilən vasitələrlə təmin
olunur.
Fəlakət bölgəsini fərdi nəqliyyat vasitələri ilə tərk etmək istəyənlər ərazini tərk etmədən öncə yerlərdəki təxliyə məntəqələrini bununla bağlı xəbərdar etdikdən sonra təyinat şəhərlərindəki sığınacaq məntəqələrinə istiqamətləndiriləcəklər.
Azərbaycan.- 2023.- 15 fevral.- S.7.