Həmrəyliyin təcəssümü

 

Azərbaycan Türkiyəyə dəstək üçün tək ürək olub

 

Fevralın 6-da baş verən dəhşətli zəlzələ ucbatından Türkiyədə yaşanan faciə Azərbaycan dövlətinin, xalqının dərin sarsıntısına, kədərinə səbəb olub.

Türkiyəli qardaşlarımızın ağrı-acısını dərin kədərlə bölüşən xalqımızın hər bir üzvü  onlara bu dar günlərində dəstək olmaq üçün səfərbər olaraq bir ürəyə dönüb. Bu gün Azərbaycanda vəzifəsindən, yaşından, cinsindən asılı olmayaraq, hər kəs zəlzələdən zərərçəkən qardaşlarımızın ağrı-acısına məlhəm olmaq üçün əlindən gələn köməyi göstərməyə, onlara can-dildən maddi və mənəvi dayaq durmağa çalışır. Bir qardaşın dar gündə digər qardaşının harayına yetişməsinin misilsiz nümunəsini dünyaya nümayiş etdirirlər.

Necə ki fevralın 8-də Türkiyə səfirliyinə gedərək baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə səfirinə başsağlığı verdiyi zaman Prezident İlham Əliyev də bu barədə deyib: "...Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddurbu da təbiidir".

 

Qardaşlığın gücü

 

Azərbaycan Türkiyədə baş verən fəlakətdən dərhal sonra qardaş ölkənin yardımına tələsib. Fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək dərin hüznlə başsağlığı verən Prezident İlham Əliyev qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır: "Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır".

Fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olan Prezident İlham Əliyev səfir Cahit Bağçı ilə söhbəti əsnasında bildirib ki, Azərbaycan, hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idiöz dəstəyini, öz həmrəyliyini, həmişə olduğu kimi, nümayiş etdirir. "Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir", - deyə, məlumat verən dövlətimizin başçısı xüsusi olaraq vurğulamışdı ki, yəni bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır.

 

Hərtərəfli yardım

 

Prezidentin tapşırığına əsasən, Azərbaycan dövləti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə hərtərəfli yardım göstərir.

Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar 6-9 fevral tarixləri ərzində Azərbaycandan Türkiyəyə  8 təyyarə və 24 yük avtomobili vasitəsilə humanitar yardım çatdırılıb, həmçinin 855 000 manat maddi yardım edilib.

Yardımlara 745 nəfər xilasetmə və tibbi personal, 1  ədəd mobil səhra hospitalı, 479 ədəd çadır, 4 ədəd səhra mətbəxi, 5 ədəd generator, 211709 ədəd dərman, tibbi ləvazimat və sair daxildir.

 Həmçinin ölkəmiz təcili tibbi yardım, yanğınsöndürmə, AFAD və rəsmi axtarış xilasetmə maşınlarının pulsuz yanacaqla təmin edilməsini həyata keçirir.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərərçəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.

 

Heydər Əliyev Fondunun böyük təşəbbüsü

 

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fond tərəfindən humanitar yardımlar göndərilir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıblar.

XİN-in yaydığı məlumata əsasən, fevralın 9-dək Heydər Əliyev Fondu tərəfindən Türkiyədə zəlzələdən zərərçəkənlər üçün ümumilikdə 60 ədəd çadır, 47 min ədəd isti geyim və digər ləvazimatlar, eləcə də 4 yüz min ədəd dərman və tibbi ləvazimatlar göndərilib. Fondun Türkiyəyə yardımları davam edir.

Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi də fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da Heydər Əliyev Fondunun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.

Xatırladaq ki, fevralın 9-da zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep Hava Limanında humanitar yardım gətirən Heydər Əliyev Fondunun əməkdaşları ilə görüşmüş, Azərbaycan dövlətinin və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirmişdi.

"İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!", - söyləyən Rəcəb Tayyib Ərdoğan  "Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!", - deyə vurğulamışdır.

 

Hamı köməyə tələsir

 

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyı" adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş şəxslərə dəstək məqsədilə 4 günə ümumilikdə 1 milyon 554 min 558 lirə (140 min 105 manat) vəsait göndərib. Qızıl Aypara Cəmiyyəti bununla bağlı məlumat yayıb.

Ötən gün Azərbaycanın məscidlərində Türkiyədə zəlzələ qurbanlarının ruhlarına Quran oxunub, namaz qılınıb.

Bəli, Azərbaycan xalqı türkiyəli qardaşlarına bu çətin günlərdə arxa-dayaq, mənəvi dəstəkdir.

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan.- 2023.- 11 fevral.- S.1-2.